Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:49

132 min qaçqının ərzaq problemi


Azərbaycandakı 140 minə yaxın qaçqına verilən ərzaq yardımı oktyabrın sonunda dayandırıla bilər
Azərbaycandakı 140 minə yaxın qaçqına verilən ərzaq yardımı oktyabrın sonunda dayandırıla bilər

«Bizə, adambaşına iki ay on gündən bir 12 kq. un, 800 qr. şəkər tozu, 950 qr. bitki yağı və bir də 400 qr. duz verilir. Bundan başqa heç yerdən yardım edilmir». Bərdədəki Fin evləri qaçqın düşərgəsində məskunlaşan işğal edilmiş Ağdam rayonun sakini Elza Hacıyeva deyir ki, bundan başqa heç yerdən yardım almırlar. 1994-cü ildən BMT Ərzaq Proqramının Azərbaycandakı 132 min qaçqına verdiyi bu yardım oktyabrın sonunda dayandırıla bilər.


Belə bir bəyanatla BMT-nin Ümumdünya Ərzaq Proqramının xüsusi məruzəçisi Jan Ziqler çıxış edib. BMT nümayəndəsi donor ölkələri Azərbaycan və Çeçenistandakı qaçqınlara ərzaq yardımı proqramını davam etdirmək üçün gecikmədən vəsait ayırmağa çağırır. O, həm də Azərbaycan hökumətini özünün məcburi köçkün əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunmasında BMT ilə əməkdaşlığa çağırıb. Cənab Ziqlerə görə, əks halda maliyyə problemi üzündən Azərbaycandakı 140 minə yaxın qaçqına verilən ərzaq yardımı oktyabrın sonunda dayandırıla bilər. Bundan ən çox zərər çəkənlər qadın və uşaqlar ola bilər.


Azərbaycanın müxtəlif yerlərində məskunlaşan 700 mindən çox qaçqından yalnız kənd rayonlarında məskunlaşan 272 min nəfərə ərzaq yardımı edilir. Qaçqınlardan 140 min nəfərə ərzaq yardımı dövlət büdcəsindən, 132 min nəfərə isə BMT Ərzaq Proqramından edilir

BMT nümayəndəsi donor ölkələrə belə bir müraciətin bu ilin iyulunda da edildiyini bildirib. Sosial, İqtisadi və Mədəni Hüquqlar haqqında Pakta qoşulan ölkələrin bu məsələ ilə bağlı öhdəliklərini xatırladan cənab Ziqler bildirib ki, Pakta qoşulan ölkələrdən birində ərzaq çatışmazlığı ilə bağlı fövqəladə vəziyyətlərdə Pakta qoşulan dövlətlər buna dərhal reaksiya verməlidir.


Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov deyir ki, BMT Ərzaq Proqramının Azərbaycandakı qaçqınlara ayırdığı ərzaq ehtiyatı üç ay bundan əvvəl qurtarıb. Amma, həmin üç ayılıq problemi Azərbaycan hökuməti özü aradan qaldırıb. Əli Həsənov deyir ki, BMT Azərbaycandakı qaçqınlara ərzaq yardımını bu ilin iyunundan 2008-ci ilə qədər uzatsa da donor ölkələrdən yardımlar hələ daxil olmadığından yenidən belə bir problem yaranıb. Ona görə də qaçqınlara ərzaq yardımı daha iki ay Azərbaycanın BMT-nin Ümumdünya Ərzaq Proqramına verəcəyi ianə hesabına ödəniləcək: «Əvvəl yaranan üç aylıq problemi biz həll etdik, indi də iki ay yenə bu məsələni Azərbaycan özü aradan qaldıracaq. Bunların özlərinin vəsaiti yoxdur, müxtəlif ölkələrin Amerika, Yaponiya, İsveç, İtaliya və başqa ölkələrin verdiyi ianələr hesabına bu proqramı həyata keçirirlər. Yəni ianə toplanmasında problem yaranıb və adətən ilin sonunda belə problemlər üzə çıxır». Cənab Həsənov hesab edir ki, donor ölkələrin yardımlarından sonra qaçqınlara ərzaq yardımında hansısa problem olmayacaq.


Azərbaycanın müxtəlif yerlərində məskunlaşan 700 mindən çox qaçqından yalnız kənd rayonlarında məskunlaşan 272 min nəfərə ərzaq yardımı edilir. Qaçqınlardan 140 min nəfərə ərzaq yardımı dövlət büdcəsindən, 132 min nəfərə isə BMT Ərzaq Proqramından edilir. Bundan başqa, şəhər və kəndlərdə məskunlaşmasından asılı olmayaraq hər ay bütün qaçqınlara 6 manat yemək pulu verilir. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun dediyinə görə, ölkədə bütün qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ayrılan 223 milyon manatın 39 milyonu yemək xərclərinə sərf edilir. Komitə rəhbəri yaxın vaxtlar da bu vəsaitin bir qədər də artırılacağını deyir. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına 140 min qaçqına ayrılan ərzaq yardımını hər ay ünvanına çatdırılsa da, BMT-nin Ümumdünya Ərzaq Proqramının hökumətlə əldə edilən razılığa əsasən 132 min qaçqın həmin yardımları iki aydan bir alır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG