Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:53

Siyasətçilərə həddini göstərən yazar


Hunter Thompson (1937 – 2005)
Hunter Thompson (1937 – 2005)

-

"Cavanlar siyasi prosesləri izləməyə heç bir maraq duymurlar.

Hələlik onlara maraqsız görünən bu prosesdə sonradan onlar nəyin niyə baş verdiyini heç cür anlamayacaqlar.

Nəticədə isə siyasətçilərə hədlərini göstərəcək kimsələr tapılmayacaq".

YAZARIN QORXU VƏ ÇİYRİNMƏ SƏBƏBİ

Hunter Thompson Amerikanı nəylə qorxudurdu?

Nəşr etdirdiyi mətnlərlə XX yüzil Amerika mədəniyyətinin ən parlaq simalarından biri sayılan bu adamın başından təhlükələr heç əskik olmurdu

Luisvill - Kentukki ştatının ən iri şəhəridir. Digər şəhərlərlə müqayisədə o, "Böyük depressiya"dan sonra sürətlə bərpa olunsa da, 1937-ci ilin "Böyük daşqın"ı zamanı şəhər əhalisinin yarıdan çoxusu canından olmuşdu.

Sinfi təbəqələşmənin dərinləşdiyi, hamının ucdantutma səfilliyə və işsizliyə məhkum olduğu bu şəhərdə iyulun 18-də, həm də bir fəhlə ailəsində, XX əsrin ikinci yarısında dünyanın ən yaddaqalan, ziddiyyətli yazıçı və jurnalistlərindən biri dünyaya göz açmışdı.

Böyüdüyü mühitdə hökm sürən şərtlər gənc oğlanda dərin təəssürat buraxdığından o, sonralar öz əsərləriylə yaşadığı dünyanı bacardığı qədər yaxşıya doğru dəyişdirməyə can atacaqdı.

Hədsiz dikbaş

Hunter Thompson
Hunter Thompson

19 yaşında ikən məhkəmə təqibindən yaxasını qurtarmağa çalışan Hanter Tompson orduda xidmətə yollanır. Florida ştatındakı Eqlin aviabazasında o, informasiya xidməti departamentində bir vəzifəyə təyin edilir.

Yazı-pozuya idman xəbərlərindən başlayan Tompsona tezliklə ordu qəzetinin baş redaktorluğu tapşırılır.

Daha sonra o, ştatdankənar müxbir kimi bir neçə yerli qəzetlə əməkdaşlığa başlayır. Bu sayədə sıravi əsgər olan Tompson əlinə imkan düşən kimi ümumilikdə ordu rəhbərliyini, istisna hallarında isə xidmət etdiyi aviabaza rəhbərliyini öz yazılarında dəfələrlə tənqid atəşinə tutur.

Hücumlarına hədəf kimi o, adətən özünün birbaşa komandirlərini və əsgər yoldaşlarını seçirdi.

Ordudakı real vəziyyəti təsvir etməklə Tompson hökumətin xalqa sırıdığı təbliğat mexanizmini sarsıdır, hərbçilərin həyat tərzini bütün gülünclüyü ilə oxucularına açıb, göstərirdi. Hanterin mətnləri öyüd-nəsihətçilikdən xeyli uzaq idi və o, öz təsvir obyektlərinə qarşı hər hansı nifrət hissi bəsləmirdi.

Bunun əvəzinə, gənc jurnalist ABŞ-ın ordu sistemində mövcud olan məntiqsizlikləri gözlər önünə sərirdi. Məsələn, göstərirdi ki, öz gündəlik davranışlarına görə məsuliyyət daşıya bilməyən savadsız gənclərin ixtiyarına nəinki xidməti silahlar, hətta ən müasir amerikan təyyarələri də verilibdir.

İnformasiya xidmətinin rəhbəri verdiyi xasiyyətnamədə Tompsonu "hədsiz dikbaş və idarəolunmaz biri" kimi səciyyələndirərək, onun ordu sıralarından bir an əvvəl tərxis olunmasını təklif eləmişdi. Məhz bu sayədə Hanter 1958-ci ildə mülki həyata dönə bildi.

"Sadəcə, motosikletçi xuliqanlar"

Bir qızı qrup şəklində zorlayan baykerlərlə bağlı cinayət 1965-ci ildə bütün Amerikanı silkələdi. Həmin vaxt ölkə ictimaiyyəti "Cəhənnəm mələkləri" adlanan çox nəhəng bir motobandanın varlığından xəbər tutdu. Tompson "The National"da yazırdı:

Hunter Thompson
Hunter Thompson

"Əslində bu adamlar cəmiyyətin dışladığı, sadəcə bir xuliqan dəstəsi idi. Düzünə qalanda, heç bu adamlar özlərinin cəmiyyət tərəfindən qəbul olunmalarını da arzulamırdılar, çünki özlərini atılmış, rədd olunmuş kimi hiss etməkdən xoşlanırdılar. Qopan qalmaqal onların adını dillərdə əzbərə çevirdi, sıravi vətəndaşları çaşqınlığa saldı və bu sayədə baykerlər bütün xalq üçün aşkar qorxu simvoluna döndülər".

O vaxtlar Tompsonun Qonzo jurnalistika üslubundakı bu məqaləsi elə böyük əks-səda doğurdu ki, bir nəşriyyat ona "Cəhənnəm mələkləri" barədə ətraflı kitab yazmağı sifariş elədi. Aldığı bu sifariş Hanteri ABŞ-ın ən tanınmış qələm sahiblərindən birinə çevirdi.

Kitaba bu uğuru qazandıran sadəcə baykerlərin həyatının hərtərəfli təsviri deyildi, onların cəmiyyət üzvləriylə, hüquq-mühafizə orqanlarıyla, habelə kütləvi informasiya vasitələriylə qarşılıqlı münasibətlərinə də kitabda geniş yer verilmişdi.

Tompson yazırdı: "Elə ki "Mələklər" hansısa şəhərdə peyda olurdular, yerli əhalinin kürkünə bit-birə düşürdü: hamı evinə çəkilir, tüfənglərini atəşə hazır vəziyyətdə saxlayırdı. Jurnalistlər isə bu cür xəbərlərə elə dərin maraq göstərirdilər ki, sanki cəbhə xəttində hansısa motobriqada bir mövqedən başqasına köçüb.

Əhalinin təşvişə qapılmasını görən polislər də hərəkətə keçir, baykerlərin keçəcəyi təxmin olunan yolun üzərində gücləndirilmiş kordonlar qururdular. Əsas məsələ də onda idi ki, nə vaxt, haraya dönəcəklərini "Mələklər" adətən heç özləri də əvvəlcədən dəqiq bilmirdilər, çünki həmişə keyflərinə görə hərəkət edirdilər.

Onların "ulduza" çevrilmələrində isə jurnalistlərin və toplumun rolu danılmazdır. Üz-gözləri hisə, yağa bulaşan bu kor-kobud tiplərə bəslənən qorxu-hürkü hissi onların özlərinin ürəyincə idi, bu səbəbdən də getdikləri bütün barlarda dava-dalaş salmağa bir bəhanə gəzirdilər. Bu şər-xata çəmbəri də beləcə durmadan genişlənirdi".

Qonzo jurnalistikanın rəmzi. Ovucda sıxılan kaktus. Bu rəmzi ilk dəfə Thompson istifadə edib. Qonzo jurnalistika o deməkdir ki, yazar özünü ənənəvi balanslı yanaşma prinsipindən azad edir, hadisələrə sırf öz subyektiv baxışını qələmə alır. Adətən təhkiyə 1-ci şəxsin təkində, yəni yazarın öz dilindən olur.
Qonzo jurnalistikanın rəmzi. Ovucda sıxılan kaktus. Bu rəmzi ilk dəfə Thompson istifadə edib. Qonzo jurnalistika o deməkdir ki, yazar özünü ənənəvi balanslı yanaşma prinsipindən azad edir, hadisələrə sırf öz subyektiv baxışını qələmə alır. Adətən təhkiyə 1-ci şəxsin təkində, yəni yazarın öz dilindən olur.

Öz əsərlərinin mövzusu kimi Tompson elə siyasi və sosial prosesləri seçirdi ki, bunlar hesabına marginal qruplar daha da marginallaşır, sıravi vətəndaşlar isə daha mühafizəkar və dözümsüz olurdular.

"Cəhənnəm mələkləri" kitabında yazarın təsvir etdiyi çoxsaylı polis basqınları zamanı baykerlərin həbsi üçün hər hansı dəlil-sübut olmadığından polislərin olay yerini tərk etməyə məcbur qalması və onların bu şəxslərə önyarğılı yanaşmasının acı təəssüratı sezilir. Bu isə öz növbəsində baykerləri daha da çılğınlaşdırır, onların davranışlarına hədsiz qızğın və antisosial xarakter qazandırırdı.

Bütün bunlarla yanaşı, Tompsonun baykerlərin müdafiəsinə qalxdığını da söyləmək olmaz.

"Hells angel" (Cəhənnəm mələkləri) bandasının üzvü, 2005. ABŞ Ədliyyə Nazirliyi bandanı mütəşəkkil cinayətkar dəstələr siyahısına salıb.
"Hells angel" (Cəhənnəm mələkləri) bandasının üzvü, 2005. ABŞ Ədliyyə Nazirliyi bandanı mütəşəkkil cinayətkar dəstələr siyahısına salıb.

Onun nəzərində ölkəni məqsədsiz şəkildə dolaşan bu insanlar – yontanmamış və öz məişət şəraitini qura bilməmiş marginallardan başqa bir şey deyildilər.

Yazar diqqətləri ona çəkir ki, bu məsələdə sosial konflikt hansısa rasional, ağlabatan əsaslara yox, sadəcə stereotip düşüncəyə və önyarğılara söykənir. Həm də bu cür yanaşma qarşı-qarşıya gələn tərəflərin hər ikisinə xasdır. Özünün "Cəhənnəm mələkləri" adlı irihəcmli əsərində Tompson ilk dəfə sosial münasibətlər sisteminin naqisliyini araşdırıb və göstərib ki, yaranmış konflikt xaraktercə irrasional, məntiqsiz olduğundan ondan ağıllı bir çıxış yolu da yoxdur.

"Uzunsaçlı tərəf müqabilim"

1968-ci ildə Hanter Tompson saçlarını dibindən qırxdırır ki, seçkiqabağı debatlarda Aspen şəhərinin şerifi vəzifəsini tutan və adətən çox qısa saç düzümünə üstünlük verən şəxsə "Uzunsaçlı tərəf müqabilim" deyə müraciət edə bilsin.

Sözügedən seçki kampaniyasına Tompson, tanınmış yazar və jurnalist kimi, radikal bir proqramla qatılmışdı. Sənəddəki hər bir bənd mövcud stereotipləri dağıtmağa yönəlmişdi. Sonradan Tompson səmimi etiraf eləmişdi ki, onsuz da qələbə çalacağına çox da ümid bəsləmirmiş, sadəcə mövcud problemlərə fərqli gözlə baxmağı ölkə ictimaiyyətinə epatajlı fəndlərlə aşılamaq niyyəti güdürmüş.

Onun proqramındakı bəndlərdən biri Aspen şəhərinin adının dəyişdirilərək "Piyşəhəri" (Fat City) qoyulması idi. Yazar bu ideyası ilə investorları şəhərdən hürkütməyi umurmuş, çünki son illər şəhərə axın edən sərmayədarlar xeyli sayda ofis binaları ucaltmaqla yerli landşafta ciddi xələl gətirmiş, küçələri reklam lövhələriylə doldurmuşdular.

Piyada zonalarının artırılması və qanunsuz parkinq (maşın saxlama) ilə mübarizə məqsədiylə isə Tompson küçələrdəki asfalt örtüyü dağıtmağı və onun yerini torpaqla doldurmaq ideyasını irəli sürmüşdü. Tompson deyirdi:

"Biz qələbəmizə inanmırdıq, çünki onsuz da bu və ya digər səbəbdən mühafizəkar əksəriyyət respublikaçı şerifi dəstəkləyəcəkdi. Biz göstərməyə çalışırdıq ki, onların məntiqi bizi çıxmaz dalana, qorxunc absurda sürükləyir. Ancaq səsvermə günü əldə etdiyimiz nəticələr ən cürətli proqnozları da yerlə-yeksan elədi, hətta bizdə qələbəmizə inam da yarandı. Lakin yekunda uduzduq və bu, bizdən ötrü ağır zərbə oldu".

"Niksona qarşı mübarizə aparmağımla öyünürəm"

Richard Nixon
Richard Nixon

1972-ci ildə Tompson öz seçkiqabağı təcrübəsi barədə silsilə məqalələrini, habelə toplumun ictimai-mədəni həyatı ilə bağlı kitablarından birini ABŞ-ın nüfuzlu jurnallarından birində çap etdirir.

Həmin nəşrin redaktoru və həmtəsisçisi ilə belə qərara gəlir ki, gələcəkdə Tompsonun topladığı materiallardan ibarət daha bir seriya nəşr edilsin.

Həmin nəşr 1972-ci ildə keçirilən prezident seçkisini, hakimiyyətdə olan respublikaçı Riçard Nikson ilə onun rəqibi, Demokratlar Partiyasını təmsil edən senator Corc Makqovern arasında gedən rəqabəti işıqlandırmalıydı.

Demokratlar Partiyasına hər hansı rəğbət bəsləməyən Tompson senator Makqoverni açıq şəkildə dəstəkləyirdi. Hanter vaxtaşırı senatorun tərəfdaşlarını tənqid edirdi ki, namizədə bütün potensialını sərgiləmək üçün imkanlar yaratsınlar, çünki onun seçkiqabağı kampaniyadakı liberal xətti dəqiq və anlaşılan deyildi:

Makqoverni dəstəklədiyini göstərmək məqsədiylə Tompson onun rəqibinə meydan oxuyurdu, Riçard Niksonun əleyhinə aşkar fikirlər söyləyir və gözləyirdi ki, günlərin bir günü o, "ya mənəvi, ya da fiziki cəhətdən sınacaq".

Danışıqlarına hər hansı hədd qoymayan Tompson Niksonun gətirdiyi arqumentləri yerlə-yeksan edir, yol verdiyi nöqsanları ("Uotergeyt" qalmaqalından tutmuş ta villa tikintilərinə ayrılan şübhəli məbləğlərə qədər) onun başına qaxırdı.

Ümumilikdə Respublikaçılar Partiyasının quruluşu da Tompsonu qıcıqlandırırdı, onun qənaətinə görə, «bütün partiya üzvləri istər-istəməz xain, zəhlətökən və nəhs bir rəqsə» qatılmışdılar.

Yürütdükləri aqressiv xarici siyasətə görə, habelə hakim partiyanın mühafizəkar xəttinə zidd hər hansı islahatın önünü kəsdiklərinə, vətəndaşları gözgörəsi qorxutduqlarına görə o, həm prezidenti, həm də onun administrasiyasını "nasist" adlandırırdı.

Bir dəfə Tompson demişdi:

Richard Nixon 1974-cü il avqustun 9-dakı istefasından az əvvəl Ağ evi tərk edir.
Richard Nixon 1974-cü il avqustun 9-dakı istefasından az əvvəl Ağ evi tərk edir.

"Riçard Nikson hədsiz qəddar adam idi, əgər bir adam Şeytanın zahirən necə bir məxluq olduğunu təsəvvüründə canlandıra bilmirsə, onun Niksona baxması yetərlidir. Şəxsən mən Niksona qarşı mübarizə aparmağımla öyünürəm və biz ona qalib gəldik".

1974-cü il avqust ayının ilk günlərində, "Uotergeyt" qalmaqalı yekunlaşandan sonra, Nikson hətta Respublikaçılar Partiyasındakı dəstəyindən də məhrum oldu və impiçmenti gözləmədən tutduğu vəzifədən istefa verdi. Bu günə qədər o, öz səlahiyyətlərindən vaxtından əvvəl imtina edən yeganə ABŞ prezidenti olaraq qalır.

"Onların əl-qolu açılacaq"

Yaşa dolduqca Hanter Tompson ölkəsinin ictimai-siyasi həyatında getdikcə daha az rol oynamağa başladı. Amerika isteblişmentinin daxili çəkişmələrindən bezməsi və yaşla bağlı xəstəlikləri buna imkan vermirdi.

Tompson deyirdi: "Jurnalistlik fəaliyyətim zamanı öyrəndiyim bütün həqiqətləri açıqlamağa qalxsam, bu ölkədə, içi mən də qarışıq, təxminən üç yüz nəfər həbsə atılar".

İllər ötdükcə, onun Demokratlar Partiyasına rəğbəti də sıfıra endi. Respublikaçıların monolit birliyinə qarşı sərgilədikləri acizliyə və çarəsizliyə görə o, öz tərəfdaşlarını tənqid atəşinə tuturdu. Məsələn, Tompson Bill Klintonun marixuana çəkməsiylə bağlı suçlamalara verdiyi cavabı ("Mən o narkotikdən yararlansam da, tüstünü ciyərlərimə çəkməmişəm") aşkar şəkildə ələ salırdı.

Son dönəmdə Tompson yazırdı: "Siyasi fəaliyyət – cansıxıcı olub və son nəticədə bu tendensiya iqtidarın əl-qolunun tamam açılmasına gətirib çıxaracaqdır".

O, hesab edirdi ki, get-gedə siyasətin haraya yönələcəyini proqnozlaşdırmaq daha da qəlizləşir və hakimiyyət uğrunda mübarizəyə maraq öləziyir. "Cavanlar siyasi prosesləri izləməyə heç bir maraq duymurlar. Hələlik onlara maraqsız görünən bu prosesdə sonradan onlar nəyin niyə baş verdiyini heç cür anlamayacaqlar, nəticədə isə siyasətçilərə hədlərini göstərəcək kimsələr tapılmayacaq".

Epatajlı marginal kimi tanınan Hanter Tompson bütün fəaliyyəti boyu hər cür kənar müdaxilələrə qarşı mübarizə apardı və müasirlərinin dediyinə görə, həmişə həyatı sevdi – hər yerdə olmağa, hər şeyi öz gözləriylə görməyə can atdı.

Tompsonun şəxsiyyəti tam oturuşduğu üçün diqqətləri öz üzərinə çəkməyə qadir id. Məhz buna görə də o, həm milyarderlər, həm də baykerlər arasında özünü yetərincə rahat hiss edirdi. Onun toxunduğu problemlərin isə sadəcə həlli yox idi.

Elə bu səbəbdən Tompsonun məqalələrinin əksəriyyəti indinin özündə də dönə-dönə nəşr olunur: axı, onlar öz aktuallıqlarını hələ də qoruyurlar.

Azərbaycan dilinə çevirdi – Azad Yaşar

XS
SM
MD
LG