Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 09:45

M.Ə.Rəsulzadənin Azərbaycan parlamentində fəaliyyəti (2-ci yazı)


Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

-

Nəsiman Yaqublu, Tarix üzrə elmlər doktoru

«Məhəmməd Əmin Rəsulzadə» Mərkəzinin sədri

Dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılması və fəaliyyətə başlaması günüdür. Azərbaycan Cümhuriyyətinin ən önəmli hadisəsi olan bu seçkili və qanunverici orqanın yaradılması ilə ölkədə demokratik idarəçiliyin əsası qoyuldu. Bu parlamentin aparıcı fraksiyasının lideri olan M.Ə.Rəsulzadənin çıxışları isə həmişə böyük maraq doğurub. Həmin çıxışlardan seçmələri oxucuların diqqətinə yetirirəm.

17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci ilin dekabrın 7-də, son iclas 1920-ci ilin aprelin 27-də olub. Yetərsay çatışmazlığından bu iclaslardan 15-i baş tutmayıb. Qalan 130 iclasdan iki 2 tarixi toplantı – 28 May və 15 Sentyabr 1919-cu iclasları Azərbaycan İstiqlalının və Bakının azad edilməsinin birinci ildönümü münasibəti ilə keçirilib.

əvvəli burada

Doxsan birinci iclas

1 noyabr 1919-cu iclas

«Məndən əvvəl burada söyləyən Əhməd bəy maarif xüsusunda nəzarətə qarşı etdiyi təklif doğrudur. Bu xüsusda müəyyən və müntəzəm bir plan olmalıdır».

Doxsan altıncı iclas

19 noyabr 1919-cu il

«Madam ki, şərh edəcək əldə sərih bir şey yoxdur və burada əldə sərih etimadnamə vardır, bu səbəblərə görə etimadnamə qəbul edilməlidir».

Doxsan doqquzuncu iclas

20 noyabr 1919-cu il

«Məhəmməd Əmin Rəsulzadə - Bu doğru gəlir və vasitəli gəlir əsaslıq məsələdir. Əsas etibarı ilə bizim Maliyyə Nazirimiz doğru gəlirə tərəf getməklə, mümkün olduğu qədər vasitəli vergilərdən uzaqlaşmalıdır. Bununla bərabər nəzarətin nümayəndəsi bizdən imtina etmək istədi ki, doğrudur, biz vasitəli vergilərə müraciət edirik. Bu da ondan irəli gəlir ki, bizim məxaricimiz çoxdur. Bunun üçün də biz bu layihəni təsdiq etməliyik».

Yüzüncü iclas

24 noyabr 1919-cu il

«Məhəmməd Əmin (davamla): - Məmləkətin əhvalını yaxşılaşdırmaq üçün orta bir çarə lazımdır. O da məncə bundan ibarətdir ki, hökumət əmtəənin yarısınımı, 30 faizinimi, xülasə bir qismini öz inhisarına alıb, yerdə qalanını satışa buraxmalıdır. Böylə olursa, nə malın həpsi yığılıb qalar, yaxud xaricə çəkilər. Həm xaricdə əlaqə olar, həm də daxildə ticarət və sənaye olmaz. Digər tərəfdən bu surətlə hökumət əlində qismən mal və valyuta olar ki, bunun vasitəsi ilə də tənzimedici bir qüvvə olmaq üzrə hökumət bu valyuta ilə bazar satışını tənzim edər».

Yüz birinci iclas

27 noyabr 1919-cu il

«Burada Rusiyadan, Sovet Rusiyasından və digər məmləkətlərdən bəhs edildi. Hərgah xalqın zehni çaşmasa idi, buradan 2-ci dəfə bəhs edilməzdi. Əgər məndən əvvəl olan natiqlər bu məsələdən bəhs etməsə idi, bəlkə bu məsələyə keçməz idim».

Yüz doqquzuncu iclas

22 dekabr 1919-cu il

«Məhəmməd Əmin: - «Əfəndilər! Siz burada məndən əvvəl bu kürsüdən nitq söyləyən iki natiqin sözlərinə şahid oldunuz. Birinci və ikinci natiq bir mövzudan bəhs edirdilər. Bir nəfər deyirdi ki, niyə biz hökumətə daxil olmadıq. İkinci natiq Kravçenko məsələni bir qədər də açdı və fikrini aydın söylədi. O, dedi ki, biz hər zaman bir nöqteyi-nəzərdə, yəni böyük, vahid və bölünməz Rusiya fikrindəyik. Pək haqlı olaraq bu ifadəsinə qarşı Parlament bir gurultu yapdı. Məncə öylələrinin hökumət daxilində deyil, Parlamentdə əyləşməyə haqları yoxdur (gurultulu və sürəkli alqışlar)».

Yüz on birinci iclas

29 dekabr 1919-cu il

«Aslan bəy bir növ sakit olmur. Yoxsa məsələni elə qoya ki, hər bir camaatın haqqı var təftiş etsin».

Yüz iyirmi doqquzuncu iclas

1 mart 1920-ci il

«M.Ə.Rəsulzadə - Əfəndilər! Məlumi-alunizdir ki, bütün məmləkətlərdə, bilxassə, məşrutiyyət və cümhuriyyətlə idarə olunan məmləkətlərdə büdcə məsələsi ən mühüm məsələlərdəndir. O, məmləkət məsələlərinin adətən anasıdır. Bilxassə, yeni təşkil edilən hökumətlər üçün büdcə tərtibi müşkül məsələdir. Çünki, əldə əvvəlcədən təcrübə yox, gəlir və çıxar fəsilləri yenidən tərtib edilməlidir. İşdə bunları nəzərə aldıqda büdcə tərtibinin nə qədər müşkül olduğunu, əlbəttə təqdir edirsiniz».

Yüz otuzuncu iclas

4 mart 1920-ci il

«M.Ə.Rəsulzadə - «Büdcənin tərtibi haqqında məmləkətlərin praktikasında ayrı-ayrı fərqlər vardır. Məsələn, Amerikada parlament özü büdcəni tərtib edər və hökumətə verər. Hökumət də tətbiq və icra edər. İngiltərədə isə maliyyə nəzarəti büdcəni tərtib edir. Rusiyada və Rusiya təcrübəsində bu bir az başqa cürədir. Burada ayrı-ayrı nəzarətlər öz büdcələrini tərtib edib, Məclisi-Məbusana təqdim edirlərdi... Fransa Məclisi-Məbusanının büdcə qanunundan bir maddəsi göstərilir ki, büdcə müzakirə edildiyi zaman bu əsas müvafiq görülür. O da bundan ibarətdir ki, məsarif maddələrinin artırılmasından Məclisi-Məbusan özünü saxlasın, çünki əsasları pozmaq doğru deyildir və bu pozulmaq da dövlətin məsarifini artırır... Ehtimal ki, bəzi məsələlər ola ki, onlardan məlumat vermək lazım olacaq, o da yeri gələndə söylərik».

Yüz otuz birinci iclas

8 mart 1920-ci il

«Məhəmməd Əmin – Buraya bir şey artırmaq ehtiyacı yoxdur? Çünki zəngin sözü ilə, sonra müşkül bir hala qoymaq olur. Məxaric ödəmək üçün gəlir deməkdir. Məqsəd o deyil ki, yalnız zənginlərdən, ya başqalarından alınan para ilə ödənilə. Ola bilsin ki, bunları ödəmək üçün daxili bir istiqdar dəxi olsun, yollar tapılıb bu açıq qapansın. Büdcədə göstərilsin. O deyil ki, açıqlar vergilər ilə qapanır. Hərgah siz dediyinizi buraya daxil edərik isə o vaxt zənginlərdən başqa qeyri yerlər bu açığı qapamaz. Bu nöqteyi-nəzərdən bunu qətiyyən qəbul etmək olmaz».

Yüz otuz ikinci iclas

9 mart 1920-ci il

«Məhəmməd Əmin – Eyvah ki, bu gün İrəvan, Qars və bunlar kimi bədbəxt vəziyyətdə olan müsəlman – vəziyyətini eşidir, fəqət lazım olan müavinəti yetirənmiyor. Qars, İrəvan əhalisinin halı hərb əsnasında indikindən gözəl deyildi. Onlar müharibənin də fəlakətinə məruz qaldılar... Səslər – erməni saldatlarının (əsgərlərinin)... Məhəmməd Əmin (davamla) – Rus ordusu xain deyə çeynədi. Müvəqqəti xilas olmaq çarəsi göründü. Sanki onlara tale güldü. Fəqət bu, müvəqqəti oldu. Türklər gəldilər və sonra getdilər. Nəhayət, oranın müsəlmanları özləri hökumət qurmaq və özlərini idarə etmək istədilər, ona da müvəffəq olmağa qoymadılar...»

«Məhəmməd Əmin - əfəndilər! Siz bu qədər vəziyyəti-siyasiyə məna verirsiniz. Biz bu nəzərdəyik ki, hər hansı hökumət olursa və millət necə millət olursa-olsun, onların içində olan, əqəliyyətdə qalan millətlər qalıblar və qalacaqlar da. Nə cür hökumət qurulursa-qurulsun, içində əqliyyətdə qalan millətlər olacaq. Bu olacaq. Bizdə də ermənilər var. Ermənistanda da müsəlmanlar var və olmalıdır. Fəqət görünür ki, Ermənistan Cümhuriyyəti məsələni öylə tələqqi etməyir...»

Yüz otuz üçüncü iclas

11 mart 1920-ci il

«Məhəmməd Əmin Rəsulzadə - Bir də bu təklifinizdə məntiq varmıdır? Məsələn, məmurların maaşının 80 faiz artırılması ilə ən ali məmur olan idarə rəisinin maaşı 7-8 mindən yuxarı çıxarmadınız. Halbuki məbuslar hal-hazırda 9000 (doqquz min) manat alırlar. Bəlkə bunların içində arşın malçı da olsun, bəzilərinin kənardan gəliri də olsun. Amma hər halda məsələni böylə vəz etmək olmaz. Əsas məsələ böylədir. Heç zaman, heç yerdə görülməmişdir ki, bir məbus dövlətin ali məmuriyyətdən artıq maaş alsın. Bunların arasında bir müvazinət lazımdır».

Yüz otuz dördüncü iclas

12 mart 1920-ci il

«Məhəmməd Əmin – Əfəndilər! Böyük Rusiya inqilabının 3 illiyini yada saldığımız bu əsnada Rusiya inqilabının nə mahiyyətdə olduğunu nəzəri-diqqətdən keçirmək lazımdır. Bir Rusiya inqilabı var, bir rus inqilabı var. Bu iki məfhumu anlatmaq lazımdır. Bu gün Rus inqilabı deyil, Rusiya inqilabıdır... Rusiya inqilabı, Rusiyada toplanmış və süni millət halına gətirilmiş millətlərin yapdığı inqilabdır. Bu inqilabın ən böyük amilləri başqa millətlərin əzilməsi idi ki, inqilabın ilk əvvəllərində bu millətlərin azadlığı elan olundu. İnqilab bunları azad etdi. Əgər bu inqilab, haman inqilab amili olan Rusiya millətlərinin haqqı olan «azadlıq» şüarını qəbul etməsə idi, təbii, inqilab davam edə bilməzdi və bəlkə də heç inqilab olmazdı...Bütün meydanda müstəqil Azərbaycan, Gürcüstan, Ermənistan milli hökumətləri təşkil təşkil etmişsə, bu göstərir ki, Rusiya inqilabı əsl mahiyyətinə bir qədər yaxınlaşmışdı. İkinci inqilab ki, bolşevik şüarı ilə meydana atılmışdır, bu, Rusiya inqilabı deyil, rus millətinin inqilabıdır. Rus inqilabı isə Rusiya daxilində, rus millətinin istixlası üçün vücuda gəlmiş gəlmiş bir inqilabdır... Rusiya inqilabı mahiyyət etibarı ilə tökdüyü qanlar ilə türk tarixində, türkləri əsarətdən qurtaran qurd vəzifəsini ifa etdi ki, bu da bir qurtuluşdur.»

Yüz otuz yeddinci iclas

1 aprel 1920-ci il

«Məhəmməd Əmin Rəsulzadə (qayət hərarətli və həyəcanlı bir halda) – Bumudur vətənpərvərlik!? Böyləmi danışır bir Cümhuriyyət üzvü!? Böyləmi söylər bir xalq nümayəndəsi!? Əfəndilər! Bu kimi ultimatumlara fürsətdən bilaistifadə asi əlini dal qapıdan millətin hüququna uzatmaq derlər. Mən burada hər halda bir Azərbaycan Məclisi-Məbusan üzvü deyil, bir Rusiya vəkilinin, bir Rusiya agentisinin sözünü eşidirəm...

Soldan səslər – Provokasiya...

Məhəmməd Əmin (davamla) - əvət siz provokasiya deyirsiniz... Nə üçün siz böylə ümid edirsiniz ki, Azərbaycan xalqı bir asi ilə mübarizə edə bilmək üçün öz hüququnu ikinci bir üsyan hazırlamaqda əli olan Qarayevlərə təslim etməli imiş? Qarabağ asilərini bəyənmirlər. Onlar ilə mübarizə etmək üçün buradakı üsyançılara təslim olmağı təklif edirlər. Bunun üçün nəzərə alınmayır ki, Qarabağda üsyan qaldıran vartazarlar həmin bu asilərin başındadırlar ki, siz də ona iştirak edirsiniz. Əgər siz, məni təmin etsəniz ki, Ümumidarə əlinizə keçdiyi təqdirdə burada Azərbaycan türk hökuməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki, Azərbaycan hökuməti adı ilə Rusiya Sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik. Bu sözlər əvəzində bizi qane edəcək dəlillər göstərə bilsəniz, biz hər vaxt sizinlə danışardıq, fəqət siz həqiqi bir istiqlaliyyətçi deyil, digər bir üsyan hazırlayan bir sui-qəsdçisiniz».

Qeyd: M.Ə.Rəsulzadə bu sözləri bolşevik Əliheydər Qarayevin çıxışına cavab olaraq söyləyib.

Yüz qırx birinci iclas

15 aprel 1920-ci il

«Məhəmməd Əmin Rəsulzadə - Əfəndilər! Bu müahidələr (müqavilə) içərisində qiymətdar bir maddə vardır. İran milləti və İran məmləkəti böyük və birinci millətlər sırasındadır ki, Azərbaycanın istiqlaliyyətini təsdiqlə bərabər məşru haqqında da təsdiq etmişdir... Bu gün onlar bizi təsdiq etmişlər və bunu həqqən də göstərmişlərdir. Bunun üzərindədir ki, biz bu gün bu dostluq müahidəsini (müqavilə) bağladıq. Səbəbi isə iki millətin ruhunda olan üxüvvət (qardaşlıq) və qardaşlıq hissidir ki, bu hiss ilə onlar bizi hər kəsdən əvvəl təsdiq etdilər və bizimlə müahidə müqavilə) bağladılar...

Əfəndilər! Bir zamanlar müsəlmanların və Şərq millətlərinin haqqı özlərinə verilərsə və onlar bir hökumət surətinə düşdükdə bir-biri ilə anlaşarlar. İran hökuməti bizi təsdiq etməklə bütün islam millətlərini təyin və təhkim edir. Bizim təsdiq edilmiş istiqlalımız islam aləmini səadətə çıxaracaqdır (alqışlar)».

Yüz qırx ikinci iclas

19 aprel 1920-ci il

«Məhəmməd Əmin – Əfəndilər! Hal-hazırda bütün dünyada əleyhimizə hücumlar edilib, min dürlü tərizlər (təxribatlar) və provokasiyalar olduğu zaman, mədəni millətlər hüzurunda, əcnəbi məmləkətlərdə kəndimizi (özümüzü) müdafiə etmək üçün mütləq səfarət lazımdır. Bunun əksini düşünmək, ancaq şəxsi və firqəvi düşüncədir».

Parlamentin yüz qırx beşinci iclası

27 aprel1920-ci il

«Məhəmməd Əmin Rəsulzadə - Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq».

Qeyd: Azərbaycan Parlamentinin təcili fövqəladə axşam iclası. Saat 20:45 dəqiqədə başlanıb. Gecə saat 2:00-a, bəzi mənbələrdə 24:00-a qədər davam edib. Bu son iclasda 6 şərt daxilində (bu şərtlərdə Azərbaycanın müstəqilliyi qorunurdu) hökumət azərbaycanlı bolşeviklərə verilirdi. Lakin bolşeviklər buna əməl etmədilər və Azərbaycan 1920-ci ilin 27 aprelindən 28-nə keçən gecə rus bolşevikləri və XI Ordu tərəfindən işğal edildi.

Qeyd: 1) M.Ə.Rəsulzadənin parlamentdəki çıxışları aşağıdakı mənbələrdə geniş olaraq verilib: 1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). 1-ci cild. Bakı, «Azərbaycan» nəşriyyatı, 1998-ci il, 976 səh.; 2. Eyni kitabın 2-ci cildi. Bakı, «Azərbaycan» nəşriyyatı, 1998-ci il, 992 səh.

Dərc edilən protokol və stenoqrafik hesabatları ilk dəfə olaraq ərəb əlifbasından kiril qrafikasına Bakı Dövlət Universitetinin Baş müəllimi, mərhum Səfər İbrahimov çevirib. Sənədlərin nəşrə son hazırlıq işləri zamanı mətnlərin yenidən əsilləri ilə tutuşdurulması və lüğətdə təshihlər aparmaq və əlavələr etmək işini tarix elmləri doktoru, professor Seyidağa Onullahi yerinə yetirib. Parlamentin 1920-ciil, 27 Aprel tarixli son iclasının protokolu və stenoqrafik hesabatı ilə akademik Ziya Bünyadovun Respublika Milli Təhlükəsizlik Nazirliyinin Arxivindən götürüb «Elm» qəzetində nəşr etdiyi mətnin əsasında kitaba daxil edilib. Sənədlərin arxeoqrafik qaydalarla işlənilməsi, ona elmi məlumat aparatının hazırlanması və müqəddimənin yazılması Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri namizədi A.Paşayev tərəfindən yerinə yetirilib.

Sənədlərin hazırlanmasında Milli Arxiv İdarəsinin əməkdaşları F. Aslanova, F.Səfərov, C.Abbasova, L.Quliyeva iştirak etmişlər.

2) M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentində çıxışlarını ilk dəfə ayrıca kitab olaraq nəşr etdirən (Türkiyə türkcəsində) tanınmış alim Səbahəddin Şimşir olub. Bax: «M.Ə.Rəsulzadənin Məclisi-Məbusan qonuşmaları. Toplayıb, nəşrə hazırlayanı: Səbahəddin Şimşir» Ankara, 2003.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG