Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:57

Toz basmış "Cinayət işi" qovluğu...


Arxiv fotosu
Arxiv fotosu

-

“2010-cu ilin iyun ayının 11-dən 12-nə keçən gecə saat 2 radələrində oğlum evdən çıxdı. Səhər saat 7 radələrində həyətə çıxanda onu həyətimizin bir küncündə huşsuz vəziyyətdə, qan içərisində gördük”.

Qaxın Lələli kənd müəllimi Aydın Süleymanov ailəsinin faciəsindən danışır. 3 il əvvəl qəfil baş verən oğul itkisindən. Hər gün yaşadığı həyət-bacaya göz gəzdirəndə yadına 3 il əvvəlki iyun səhəri düşür. 29 yaşlı Elvinin faciəsiylə açılan səhəri:

"SƏHƏR AÇILANDA GÖRDÜK Kİ, HASARIN DİBİNDƏ UZANIB"

“Gördük hasarın dibində hərəkətsiz, qan içərisində uzanıb. Əl-ayağa düşdük, tez maşına qoyub Qax rayon Mərkəzi Xəstəxanasına apardıq. Həkimlər dedilər heç nə edə bilmərik. Xəsarətləri çox idi. Əsasən də başından. Nə isə, gördük bir çarə edə bilmirlər, uşağı götürüb qaçdıq Zaqatalaya - Diaqnostika Mərkəzinə. Orda yoxladılar, dedilər kəllə sümüyü bir tərəfdən tam, bir tərəfdən isə qismən sınıb. Tam sınmış tərəfi əməliyyat etdilər. Ancaq yaşamasına zəmanət vermədilər. Elə də oldu. Oğlum 6 gün komada qalandan sonra öldü”.

Oğlunun itkisi ilə gec-tez barışan ata istintaqın insan ölümünə biganə yanaşması ilə barışa bilmir. Deyir, oğlumun xəsarətləri göz qabağında idi – təkcə başında 70 xəsarət vardı, kəllə sümükləri, bədəni sınıq-sınıq idi. Ancaq yerli prokurorluq Elvinin guya ehtiyatsızlıq üzündən hasardan yıxıldığını, atın təpiyi altında qaldığını deməklə böyük bir qətli ört-basdır etmək istəyib:

"İŞLƏ MARAQLANANDA BAŞIMDAN TÜSTÜ ÇIXDI"

“Baş prokurorluğa çox get-gəldən, çox yazışmalardan sonra nəhayət ki, mənə Baş Prokurorluq az qala gözaydınlığı məktubu göndərdi ki, “oğlunun ölümü ilə bağlı cinayət işi qaldırılıb”. Qax prokurorluğuna gedib maraqlananda başımdan tüstü çıxdı - iş Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə qaldırılıb. Halbuki, bütün bədəni sınıq-sınıq olmuş, bu xəsarətlərdən komaya düşüb ölmüş adamın qatili ən ağır cəzaya məhkumdur. Hələ bu bir tərəfə, bu, eləcə oğlumun ölüm faktına görə cinayət işidir. İstintaq irqanı üç ildir ki, qatili tutmur. Mən oğlumun qatili barədə istintaqa dəfələrlə yazılı, şifahi məlumatlar vermişəm. Qatil bizim öz yaxın qohumumuzdur. Hadisə də suya görə olub. Oğlum yaxın qohumumuzun su sahəsinə gedən suyun səmtini dəyişib öz sahəmizə buraxıb. O da oğlumla həmin gecə dalaşıb. Səhər isə oğlumu yarımcan halda həyətin bir küncündən tapmışıq. Onu da deyim ki, istintaqçılar oğlumun qatilinin gizlədilməsində maraqlıdılar. Çünki müstəntiqə hasarımızın üstündəki qan izləri barədə məlumat verəndən sonra o, həyətə gəldi. Hasarın üstündə yabanı bitmiş mamırların üstündəki qan izlərini görəndən sonra çıxıb getdi. Nə qədər dalıyca düşüb yalvardım ki, ekspert çağır, təcili gəlib izləri götürsün. Qulaq asmadı, çıxıb getdi. Dedi, gələrik. Səhəri gün ayılıb gördük ki, hasarın üstündəki mamırları kökündən qırıb aparıblar. üstündə qan izləri olan daşları da hasardan qoparıb aparmışdılar”.

Ata istintaq üçün maddi sübut kimi dəyərli olan oğlunun əynindəki paltarların da ekspertizadan gizlədildiyini deyir. Onun sözlərinə görə, o, paltarları tələb edəndə deyiblər ki, xəstəxana həkimləri paltarları tullayıb.

İndi Aydın Süleymanov oğlunun qatillərinin cəzalandırılması üçün ölkə başçısına müraciət edib.

"İSTİNTAQ DAVAM EDİR"

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov «Qaynar xətt»ə bildirib ki, 29 yaşlı Elvin Süleymanovun ölüm işi ilə əlaqədar Qax rayon Prokurorluğunda 2012-ci il fevral ayının 1-də CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb:

«İş üzrə çoxsaylı dindirmə, üzləşdirmə, baxış və digər istintaq hərəkətləri aparılıb, rayon polis şöbəsinə əməliyyat tapşırıqları verilib, məhkəmə-tibb ekspertizaları təyin edilib və müvafiq rəylər alınıb. Ancaq təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından cinayət təqibi üzrə icraat dayandırılıb. 26 yanvar 2013-cü il tarixdə Baş prokurorun birinci müavini tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilib, icraatın təzələnməsi haqqında qərar qəbul olunub. Hazırda Qax rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir».

Eldar Sultanov onu da bildirib ki, cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

XS
SM
MD
LG