Fransa parlamentinin aşağı palatasında 106 səs lehinə, 19 əleyhinə olmaqla qəbul edilən qanun layihəsinin həqiqi qanuna çevrilməsi üçün əvvəla Senatda təsdiq olunması, sonra isə prezident tərəfindən imzalanması gərəkdir. Fransa hökumətinin bu qanun əleyhinə olduğunu bildirilir. Osmanlı imperiyasında 90 il əvvəl baş verən ermənilərin qırğınlarını genosid kimi müəyyənləşdirən qanun Fransada hələ 2001-ci ildə qəbul olunub. Yeni qanun layihəsində isə erməni genosidini inkar üstündə 45 min avroya kimi cərimə və yaxud 5 ilə qədər həbs cəzası nəzərdə tutulur. Fransa siyasətçiləri arasında bu qanun layihəsinə güclü dəstək verilməsinə baxmayaraq, deputatların bir çoxu səsvermədən yayınıb. Deputat Mişel Piron Sovet İttifaqına işarə edərək, deyib ki, tarixi hadisələri yozmaq nə hökumətin, nə də ədliyyə sisteminin vəzifəsidir: «Tarixi məhkəməyə tabe etmək olmaz. Azad dövlətdə nə parlament, nə də məhkəmə tarixi həqiqətin nə olduğunu müəyyənləşdirməməlidir. Yəqin tarixin nə olduğunu qanunları ilə müəyyənləşdirən, xatirələri süni səkildə formalaşdıran, xalqı yalanları ilə bezdirən və ən pis manipulyasiyalara düçar edən rejimləri xatırlamaq üçün Soljenitsini yenidən oxumaq gərəkdir».
Erməni genosidini inkar üstündə 45 min avroya kimi cərimə və yaxud 5 ilə qədər həbs cəzası nəzərdə tutulur
Türkiyə o dövrün erməni qırğınlarını danmasa da, bunu genosid adlandırmağın qəti əleyhinədir və onu Birinci Dünya Müharibəsinin nəticəsi kimi izah edir.
İki həftə bundan əvvəl Avropa Parlamenti, Ankaranı həmin hadisələrin genosid olduğunu etiraf etməyə çağırmaqla yanaşı, bunu Avropa Birliyinə üzv qəbul olunması üçün ilkin şərt kimi müəyyənləşdirmək fikrindən daşınmışdı.
Oktyabrın 12-də Bakıda Müharibə Veteranları Birliyinin bir qrup fəalı Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Onlar Fransa Senatında Osmanlı imperiyası dövründə ermənilərin soyqırıma məruz qaldığını inkar edənlərə cəza nəzərdə tutan qanunun qəbuluna etiraz ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmisinin açıqlamasında Fransa parlamentinin bu addımını böyük təəccüb və narahatlıqla qarşıladıqları bildirilir: «Tam anlayaraq ki, qarşıda bu təşəbbüs Senat tərəfindən də təsdiq olunmalıdır, biz Fransa parlamentini bu məsələyə daha ehtiyatlı, qərəzsiz və balanslı yanaşmağa sövq edirik».
XİN bəyan edir ki, «Fransa hökumətinin bu qanunverici aktla razı olmadığını nəzərə alaraq, biz ümidvarıq ki, Senat beynəlxalq ictimaiyyətin Avropanın bu strateji vacib regionunda təhlükəsizlik, sabitlik və qarşılıqlı etimad mühitinin yenidən qurulmasında elan etdiyi marağına tam uyğun olaraq, bu mənfi addımın qarşısını alacaq».