Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:04

Azərbaycan Norveçdən nə öyrənə bilər?


Norveç, Oslo
Norveç, Oslo

.

Charles Recknagel

O, Oslonun mərkəzindəki bir uşaq bağçasında aşpazdır.

Xörəkbişirən yox, məhz aşpaz. Qızıl balıq saşimisindən (saşimi Yaponiya mətbəxinin xörəyidir, incə dilimlənmiş çiy balıq və ya ətdən hazırlanır - red.) tutmuş qızardılmış dana ətinədək müxtəlif xörəklər hazırlamaq sahəsində ixtisaslaşıb. Onun 00-dək müştərisi var, hamısı da 1-6 yaş arası uşaqlardı.

Uşaq bağçanın ortasındakı mətbəxi qayğısız, ac və bir az da dəcəl körpələr tərəfindən gündəlik olaraq "işğal edilən" aşbaz deyir:

"Yerimiz çoxdur, odur ki, onlar istədikləri qədər oturub rahat yeyə bilərlər. Mən də çalışıram ki, bişirdiyim ətlər imkan daxilində təzə olsunlar. Yəni tükü, dərisi üstündə... Bütöv balıq, canlı xərçəng və yengəclər gətirirəm. Qoy onlar görsünlər ki, yedikləri ərzaq yalnız mağazalardakı kimi hazır qutularda olmur. Axı uşaqlar hər şeyi bilmək istəyirlər”.

Belə qurman yeməkləri hazırlayan uşaq baxçası, əslində Norveçdə nadir haldır, baxmayaraq ki, ölkə adambaşına düşən ÜDM göstəricisinə görə dünyada 4-cü yerdədir.

Kristian Midtoy
Kristian Midtoy

Lakin uşaq bağçası üçün pulun 80 faizinin dövlət tərfindən ödəndiyi bir ölkədə uşağının ləzzətli yeməklər yeməsi üçün hər bir valideyn ayda əlavə 116 dollar ödəməyə canla-başla razı olur. Üstəlik də, Avropa İttifaqının üzvü olmayan Norveçdə orta aylıq əməkhaqqı Avropa İttifaqı üzrə orta maaşdan 50 faiz yüksəkdir.

Digər tərəfdən Norveçin varlı ölkə olmasında təəccüblü heç nə yoxdur. O dünyanın 5-ci ən böyük neft ixracatçısıdır və ildə neftdən 40 milyard dollar gəlir götürür. Ölkənin canlı və şaxələndirilmiş iqtisadiyyatı isə bu sərvəti cəmiyyət arasında bölüşdürür. Sosial təbəqələşmə haqda keçirilən sorğularda Norveç daim varlılarla kasıb vətəndaşlarının gəlirləri arasındakı ən az fərq olan ölkə kimi çıxır.

Əslində bu, Norveçi bir çox neft ölkələrindən, xüsusilə də keçmiş Sovet İttifaqındakı və Yaxın Şərqdəki dövlətlərdən fərqləndirən cəhətdir. Bu ölkələrdə neft gəlirləri hakim zümrəyə ağlasığmaz dəbdəbə qurmağa xidmət edir, qalan vətəndaşlar isə nəzərlərini liderlərinin onların qabağına atacağı paya dikməyə məhkumdurlar.

Norveçin özünün neft sərvətini necə idarə etməsi, belə ölkələr üçün örnək ola bilər. Norveçin neft uğurunu necə əldə etdiyini görmək üçünsə, paytaxt Oslodan 50 dəqiqəlik uçuş məsafəsində olan Şimal Dənizi limanı Stavangerə baş çəkmək kifayətdir. Bura ölkənin neft sənayesinin paytaxtı sayılır.

İqtisadiyyatın yüksəlişi

1969-cu ildə neft tapılana qədər Stavanger kiçik balıqçı şəhəri olub. Buranın ən yaxşı vaxtları 1870-ci ildə balıq ovu qəflətən azalanadək bol siyənək balığı ovlananda olmuşdu. Balıq ovçuluğunun iflası ilə bu məkan da Norveçin başqa yerləri kimi lazımsız taxta qayıq donanması ilə baş-başa qalmışdı.

Lakin neft hər şeyi dəyişdi.

Norveçdə körfəzdə 5 nəfərin çalışdığı qızıl balıq ferması - gəmi-ev. 12 noyabr 2014
Norveçdə körfəzdə 5 nəfərin çalışdığı qızıl balıq ferması - gəmi-ev. 12 noyabr 2014

“1960-cı ildə Norveçdə həyat səviyyəsdi İsveçdən və Danimarkadan 30-40% aşağı idi – deyir Oslodakı Norveç Biznes Məktəbinin iqtisadçısı Bruno Gerard, - İndi isə Norveçdə həyat səviyyəsi bu iki ölkədən nəzərəçarpacaq dərəcədə yüksəkdir”.

Neftin yaratdığı fıravanlıq elə Stavangerdə görünür. Şəhər əhalisi 1960-cı illərdəki 90 min nəfərdən 204 min nəfərə çatıb. Stavanger qəsəbədən bələdiyyə rayonuna çevrilib.

Stavangerin sahilində nəhəng gəmilər lövbərlənib. Onlar platformalara avadanlıq daşıyır. Şəhərdə 10 min tələbənin təhsil aldığı universitet tikilib. Bir neçə muzey, konsert zalı açılıb. Şəhər ətrafında isə qaranlıq qış günlərində də süni lampaların işığında pomidor yetişdirən istixanalar var.

Norveçin 70 neft platformasının işlədiyi qərb sahili boyunca şimal qütbündən cənuba eyni mənzərəni görmək olar. Platformaların özündə çox az insan qüvvəsi çalışır, lakin elə bir sahə yoxdur ki, neft istehsalına xidmət etməsin. Adamların əksəriyyəti də məhz bu müəssisələrdə çalışır. Beləliklə, neft bütün iqtisadiyyatı yüksəldir.

Holland xəstəliyi

Lakin Norveçin nefti onun 5 milyonluq əhalisini varlı edibsə, bu o demək deyil ki, elə belə də olmalıymış. Bir çox digər ölkələrdə məhz həmin neft enerji sektorunu gücləndirsə də iqtisadiyyatın başqa sahələrini əngəlləyib, hətta bəzi sahələri müflis edib. Bu bəla Hollandiya 1960-cı illərdə Şimal dənizində böyük qaz yataqları aşkar edəndə az qala onun da başına gələcəkmiş deyə, indiyədək “Holland xəstəliyi” adlanır.

Farouk al-Kasim
Farouk al-Kasim

Stavangerdə yaşamış bir kişi Norveçin neft tarixinə onun lap başlanğıcından şahid olub.

İraq əsilli Farouk al-Kasim öz karyerasına Bəsrədə neft geoloqu kimi başlayandan sonra, 30 yaşlarında, balaca oğlunun müalicəsi məqsədilə Norveçli xanımı ilə birlikdə onun vətəninə pənah gətirib.

Norveçin başına gələnlər...

O, 1968-ci ildə Norveçə gələndə burada ilk neftin çıxmasına hələ tam bir il qalırdı. Lakin o, tezliklə müvəqqəti iş tapa bildi. Onu Norveçin təzə-təzə işə başlayan neft nazirliyində işə götürdülər.

Bu həmin vaxtlar idi ki, xarici neft şirkətləri burada neft yataqlarının olması barədə ümidverici məlumatlar gətirirdilər, lakin hökumət bu məlumatları qiymətləndirməkdə çətinlik çəkirdi. Sonradan Farouk-un işi daimi oldu və o, 1973-cü ildən 1991-ci ildə təqaüdə çıxanadək Norveçin neft ehtiyatlarına rəhbərlik etdi. Təqaüdə çıxdıqdan sonra isə veteran neftçi beynəlxalq neft məsləhətçisinə çevrildi.

Farouk Kasim xatırlayır ki, ilk neft çıxmağa başlayanda, norveçlilərin reaksiyası birdən-birə qara qızıl aşkar etmiş ölkələrdəki insanların reaksiyası kimi idi. Adamlar nefti onları qəflətən varlandıracaq hədiyyə kimi qəbul ediblər. Neftin pulu birbaşa hökumətin büdcəsinə axır, xərclər də çoxalırdı. Artıq 1972-ci ildə bəlli idi kİ, iqtisadiyyat böyük çətinlik qarşısındadır.

“Norveç dörd il müddətində Holland xəstəliyinə tutulmuşdu. Maaşlar artır, zavod və fabriklərin səriştəli işçiləri neft sektoruna axışır, ölkəyə gələn investorlar isə pulun dəyərini o qədər qaldırırdılar ki, başqa ölkələr üçün Norveçin buraxdığı mallar bahalığına görə sərf etmirdi – deyə xatırlayır Kasim, - Əvvvəl-əvvəl hökumət subsidiyalar verməyə başladı və iqtisadiyyat daha da tənəzzülə getdi”.

Farouk Kasim deyir ki, 1976-cı ildə neft pullarının gətirdiyi sunaminin qorxusu ürəklərə yol tapmışdı. Bu anda ölkə İraq və başqa neft istehsal edən ölkələrin etmədiyini etdi: Düşünülmüş şəkildə neft gəlirlərinin büdcəyə daxil olmasına limit qoyuldu.

...bütün bunlar ona görə mümkün oldu ki, norveçlilər həm soydaşlarına, həm də hakimiyyətə seçdikləri insanlara etimad göstərirdilər.

Əvvəlcə hökumət düşünürdü ki, dövlət neft şirkətlərinin bütün gəlirlərini daha çox neft kəşfiyyatına xərcləsin.

Lakin 1995-ci ildə bu gəlirlər ölkənin uda biləcəyindən qat-qat çox idi. Buna görə də Norveç neft gəlirlərini iqtisadiyyatdan aralayacaq bufer fondu yaratdı və onu Norveçlilərin gələcək nəsillərinin mülkiyyəti elan etdi. Hökumət mövcud infrastrukturun saxlanması və ictimai layihələr üçün bu puldan 4 faizdən artıq olmamaqla istifadə etməyi qərara almışdı. Qalan pul xaricdə maliyyə bazarlarına çıxarıldı, sanki sürgün edildi.

Suyun üzündə qalmaq

Stavanger portunun görməli yerlərindən biri də şəhərin mərkəzində çox da hündür olmayan bir binadır. Diqqətlə baxdıqda bu binanın bir tərəfindəki qüllə neft buruğunu xatırladır. Bura Norveçin Neft Muzeyidir. 1990-cı illərdə tikilmiş muzey adamlara ölkənin neft tarixi barədə biliklər verir. İldə 10-12 min şagird və tələbə bu muzeyə gətirilir.

Muzeydə sualtı qazma texnologiyasına dair maraqlı eksponatlar var. Lakin ən maraqlı eksponat saata bənzəyən iri rəqəmsal hesablama dəzgahıdır. Bu dəzgah 1995-ci ildən bəri real zamanda Norveçin bufer fondunda nə qədər pulun yığıldığını göstərir.

Həmin “saat”ın əqrəbi bu gün 890 milyard dollar göstərir. Bu isə ölkənin hər bir vətəndaşının payına düşən 170 min dollar düşməsi deməkdir.

Lakin bu fondun ümdə vəzifəsi neft pullarının tükənəcəyi gün ölkə iqtisadiyyatının neftdən son dərəcə asılı olmasının qarşısını almaqdır.

Martin Steiness
Martin Steiness

İndiyədək bu nəzəriyyə, deyəsən, yaxşı işləyib.

Stavangerdən bərə ilə 45 dəqiqəlik məsafədə yerləşən və Norveçi dünyanın ikinci ən böyük dəniz ərzağı ixracatçısına çevirən qızıl balıq fermalarından biri yerləşir. Ferma fiordun - körfəzin - ağzında üzən taxta evdən ibarətdir. Burada çalışan 5 nəfər 3 iri fincanvari balıqçı torunu buzlu sularda idarə edir.

20 metr eni, 35 metr dərinliyi olan hər torun içərisində 207 min balıq daim yem axtarır. Səkkiz saatlıq hər iş günü ərzində bu torların içərisinə 21 ton yem tökülür. İki ildən sonra satış ölçüsünə çatan balıqlar torla çıxarılır.

Martin Steiness yaxınlıqdakı Yutaberq adasında Norveçin su təsərrüfatlarına xidmət göstərən şirkətin bioloqu kimi çalışır. Onun tədqiqat obyekti iri çənlərin içərisində üzən canlılardır. Bunlar əsasən balaca yaşıl çapaq balıqlarıdır. Həmin balıqların böyük kommersiya və təsərrüfat əhəmiyyəti ondadır ki, onlar fermada saxlanan qızıl balığın bədənindəki dəniz bitklərini yeyirlər.

Rusiya da daxil olmaqla bir sıra ölkələrdə də iqtisadiyyatdakı Holland xəstəliyi effektini azaltmalı olan yığım fondları yaradılıb. Fərq bundadır ki, Norveç bu fonda müqəddəs bir şey kimi baxdığı halda, məsələn, Rusiyadan həmin Fonda pul lazım olan kimi əl uzadılası cib kimi baxırlar.

Martin Steiness neft pullarının belə xırda təsərrüfatları necə sıradan çıxara biləcəyinin fərqindədir, çünki hətta bufer fondunun olmasına baxmayaraq, iqtisadiyyatda Holland xəstəliyinin bəzi əlamətləri qalır.

O deyir ki, dəniz ərzağı sənayesi öz işçilərinə neft sənayesi qədər maaş verə bilməz. Bu isə belə sahələrə daha az istedadlı adamların gəlməsinə səbəb olur.

"Akvakultura sənayesində (dənizçilik məhsulları təsərrüfatlarında - red.) işləyən adamlara ali təhsil lazım deyil, - deyir Loeren, - Lakin menecment üçün ali təhsil zəruridir və rəqabət də məhz bu səviyyədə mümkündür”.

Amma nə qədər ki, Holland xəstəliyi buxovlanır, dəniz ərzağı təsərrüfatı çiçəklənə və hətta bu təzyiqdən güclənə bilər. Sahibkarlar Norveçin yüksək maaş səviyyəsini saxlamaq üçün daha sərfəli bazarlar tapmaq məcburiyyətindədirlər və hamı yeni imkanlar üçün gözdə-qulaqdadır.

Martin Steiness qonaqları belə imkanlardan biri ilə tanış etməyə çalışır. Məsələn, ferma şəraitində yetişdirilmiş dəniz kirpilərinin kürüsünü bahalı suşi restoranlarında yüksək qiymətləndirirlər. İndi Loeren bu kirpiləri kütləvi şəkildə yetişdirməyin yollarını araşdırır.

Neft quruyanda

Lakin əgər bu gün Norveçin neft fondu yüksək dərəcədə şaxələnmiş iqtisadiyyatı saxlamağa imkan verirsə, o həm də gələcəyə - neftin quruyacağı günə hazırlıq görür.

Bjorn Vidar Loeren
Bjorn Vidar Loeren

Norveç Neft və Qaz Assosiasiyasından Bjorn Vidar Loeren-nin iş yeri Stavangerin kənarında tamamilə neft şirkətləri və onlara xidmət edən firmaların ofisləri tərəfindən zəbt edilmiş biznes parkındadır. Buradakılar yaxşı bilirlər ki, hətta 2001-ci ildə aşkar edilmiş yeni böyük neft yatağının mövcudluğuna baxmayaraq, Norveçin neft hasilatı 2000-ci ildən bəri azalmağa doğru gedir.

Bjorn Vidar Loeren deyir ki, neft ehtiyatları 50 ilə tükənsə də, qaz ehtiyatları daha uzun müddətə, azı 100 ilə çatar. Amma bunu heç kəs dəqiq bilmir. Farouk Kasim kimi bəzi neft ekspertləri təxmin edirlər ki, neft ehtiyatları 30 ilə, qaz isə 50 ilə tükənə bilər.

Lakin başqa norveçlilər kimi Bjorn Vidar Loeren də bu enerji gəlhagəlinin bir gün qurtaracağından narahat deyil. Ölkənin pensiya fonduna o qədər çox pul axır ki, bir gün neft qurtaranda, bu puldan nəinki pensiyalar veriləcək, hətta iqtisadiyyat da inkişaf etdiriləcək.

Holland xəstəliyindən qorunmaq istəyən ölkələr sərvətlərin çoxunu xərcləməyi yox, yığmağı öyrənməlidirlər. Bu halda qeyri-neft sahələrinin inkişafına və daha çox insanın işlə təmin olunmasına imkan yaranır.

Əks halda “neft lənəti” baş verir. İqtisadiyyatın bütün neftdən kənar sahələri ölür. Dövlət başçıları hakimiyyətdə qalmaq üçün özlərinə sədaqətli olanlara pay verməli və müxalifəti əzməli olurlar.

"Norveç siyasətçiləri çox ağıllı çıxdılar. Onlar çox intizamlı idilər. Məhz buna görə də neft əsri başa çatanda başqa bir şeyə çevirmək üçün əldə kifayət qədər pul olacaq, - deyir Loeren, - Düşünürəm ki, neft gəlirlərini dərhal xərcləməkdənsə, beləcə gələcək nəsillər arasında bölmək daha ədalətli konsepsiyasdır”.

Neftlə zəngin çox az ölkə belə qibtə olunacaq vəziyyətdə ola bilər. Rusiya da daxil olmaqla bir sıra ölkələrdə də iqtisadiyyatdakı Holland xəstəliyi effektini azaltmalı olan yığım fondları yaradılıb. Fərq bundadır ki, Norveç bu fonda müqəddəs bir şey kimi baxdığı halda, məsələn, Rusiyadan həmin Fonda pul lazım olan kimi əl uzadılası cib kimi baxırlar.

Norveç Mərkəzi Bankının hesablamasına görə 1998-2013-cü illər ərzində Norveçin və Rusiyanın neftdən gələn gəlirləri ümumi daxili məhsulun 15 %-i qədər olub. Lakin 2013-cü ilədək Norveçdə neft fondunda toplanan məbləğ illik ÜDM-in 200 faizini təşkil edib. Rusiyada isə bu rəqəm cəmi 20% olub.

Bəs görəsən, Norveç öz neft sərvətini belə səmərəli şəkildə necə idarə edə bilib?

Cavab qismən Norveçin bərabərlikçi ənənələrə malik bir xalq kimi az qala vikinqlərin zəmanəsinə gedib çıxan tarixindədir. Qədim vaxtlarda adamlar dəstə-dəstə xarizmatik liderlərin ətrafında toplanar, dəniz ticarətinə və ya reydlərə çıxar, qazancı və ya qəniməti bərabər bölərdilər.

Stavanger Universitetindən Knud Knudsen deyir ki, sənaye əsrində qanunlarla tətbiq olunan belə ənənələr təbii sərvətlərin ədalətli bölüşdürülməsini təmin etməklə, bugünkü cəmiyyətin yüksəlişinə səbəb oldu. Bu ənənələr isə diqqəti bütün vətəndaşların faydalana biləcəyi layihələrə yönəltməyə imkan yaradır. Lakin bütün bunlar ona görə mümkün oldu ki, norveçlilər həm soydaşlarına, həm də hakimiyyətə seçdikləri insanlara etimad göstərirdilər.

Norveç adətən vətəndaşların öz hökumətlərinə etimad dərəcəsini göstərən rəy sorğularında birinci yerdə gəlir.

Bu o deməkdir ki, Norveç modeli dövlətlə vətəndaşları arasında sosial müqavilə hissi az olan başqa ölkələr üçün yararlı olmaya bilər. Bununla belə, Norveçin təcrübəsindən çox faydalı dərs almaq mümkündür.

Ən pis ssenari neftin bir qüdrətli dəstə tərəfindən başqalarının əlindən alınmış qənimətə çevrilməsidir. Bu halda günlərin birində nə zamansa neft zəngini olmuş ölkə iflas edir və bu iflas etmiş ölkədə nə qalib qalır, nə də məğlub...

Beynəlxalq neft məsləhətçisi Farouk Kasim deyir ki, buradan başqa ölkələrin, xüsusilə də yenicə təşəkkül tapan iqtisadiyyatların öyrənə biləcəkləri dərs neft gəlirlərinin Norveçdəki qədər yığımının yaradılması olmaya da bilər.

Əksinə, əgər ölkələr inkişaf etmək istəyirlərsə, bu gəlirləri infrastruktura yatırmaq lazımdır. Onlar həmçinin neft qiymətlərindəki gözlənilməz dəyişmələrdən hələ yaxşı şaxələnməmiş iqtisadiyyatlarını qorumaq üçün stabilləşdirmə fondu da yarada bilərlər.

Lakin həmin halda da Holland xəstəliyindən qorunmaq istəyən ölkələr sərvətlərinin çox hissəsini xərcləməyi yox, yığmağı öyrənməlidirlər. Bu yolla həmçinin qeyri-neft sahələrinin inkişaf etdirilməsi və daha çox insanın işlə təmin olunması imkanı yaradıla bilər.

Ekspert deyir ki, bütün bunlara əməl edilməyəndə, “neft lənəti” deyilən hal baş verir. Belə ölkələr neftdən o qədər asılı vəziyyətə düşürlər ki, iqtisadiyyatın bütün başqa sahələri ölür. Bu ölkələrin başçıları hakimiyyətdə qalmaq üçün onlara sədaqətli olanlara pay verməli və müxalifəti əzməli olurlar.

Ən pis ssenari neftin bir qüdrətli dəstə tərəfindən başqalarının əlindən alınmış qənimətə çevrilməsidir. Bu halda günlərin birində nə zamansa neft zəngini olmuş ölkə iflas edir və bu iflas etmiş ölkədə nə qalib qalır, nə də məğlub...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG