Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:37

İlham Əliyev və Xalq Cəbhəsi...


Pənah Hüseyn
Pənah Hüseyn

-

Gözlə

No media source currently available

0:00 0:05:53 0:00
Direct-ə keçid

Prezident İlham Əliyev Rusiyanın «Rossiya-24» telekanalına verdiyi müsahibəsində 1992-ci il AXC hakimiyyətindən danışıb.

Jurnalistin Azərbaycanın tolerantlıq, multikulturalizmə söykənməsi ilə bağlı sualının cavabında İlham Əliyev deyib ki, müstəqilliyin ilk illərində, Xalq Cəbhəsi hakimiyyətdə olanda vəziyyət tamamilə başqa olub:

«O vaxt dözümsüzlük, əslində, dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, yerli olmayan əhalinin sıxışdırılması cəhdləri – bütün bunlar gözümüzün qarşısında olub».

Cəbhə hakimiyyətində baş nazir postunu tutmuş Pənah Hüseyn AzadlıqRadiosuna müsahibəsində prezidentin bu fikirlərini tarixin «qərəzli şəkildə» təhrifi kimi qiymətləndirir:

«Həmin dövrdə ölkəmizə qarşı erməni işğalına bu cür əfsanələrlə haqq qazandırılırdı».

«DÖVLƏT SƏVİYYƏSİNDƏ RUSİYAYA DÜŞMƏNÇİLİK OLMAYIB»

Pənah Hüseyn deyir ki, ölkə başçısının öz siyasi rəqiblərinə qarşı təbliğat aparması başadüşüləndir, amma bu anti-təbliğat gərək dövlət maraqlarını tapdamaya:

«Rusiya tarixən Azərbaycana müstəmləkəsi kimi yanaşıb, müstəqilliyini təhdid edib, amma Rusiya Azərbaycanla həmsərhəd ölkədir və əlaqələr var. Cəbhə hakimiyyəti vaxtı dövlət səviyyəsində Rusiyaya qarşı düşmənçilik mövqeyi aparılmayıb. Əbülfəz Elçibəyin prezident kimi xaricə ilk rəsmi səfəri Rusiyaya olmuşdu. Təhlükəsizlik, mədəni, iqtisadi müqavilələrini də ilk olaraq Rusiya ilə bağlamışdı.

Boris Yeltsin Moskvada Azərbaycan prezidenti Əbülfəz Elçibəyi salamlayır - 12 oktyabr 1992
Boris Yeltsin Moskvada Azərbaycan prezidenti Əbülfəz Elçibəyi salamlayır - 12 oktyabr 1992

Bir faktı da deyim sizə - o dövrdə Elçibəy məhz bu münasibətləri qorumaq xatirinə erməni hərbçiləri tərəfində döyüşən bir neçə rusu əfv etmişdi. İlham Əliyev qeyri-yerli əhali deyəndə, rusları nəzərdə tutursa və doğrudan da Cəbhə hakimiyyəti onlara qarşı dözümsüz siyasət aparırdısa, onda bu ruslar niyə ölkəni tərk etməmişdilər? Hansı rus məktəbini bağlamışdıq ki, yenidən açılıb? Ya universitetlərdə hansı rusdilli fakültəsini bağlamışdıq ki, bunların vaxtında yenidən açılıb?».

MİLLİ AZLIQLARIN HÜQUQ VƏ AZADLIQLARI İLƏ BAĞLI ELÇİBƏYİN FƏRMANI

Pənah Hüseyn xatırladır ki, 1992-ci ildə Əbülfəz Elçibəy milli azlıqların hüquq və azadlıqlarını ehtiva edən fərman vermişdi:

«Bu fərmanda etnik azadlıqlara mədəniyyətinin, dillərinin inkişafı, tarixlərinin öyrənilməsi istiqamətində tədqiqatların aparılması, öz hüquqlarını müdafiə etmək üçün təşkilatlanması və s. o dövr üçün inqilabi xarakterli hüquqlar verilmişdi».

Keçmiş baş nazir deyir ki, indiki hakimiyyətin onlara qarşı «uydurma dolu» hücumlarına öyrəşiblər. Pənah Hüseyni narahat edən odur ki, İlham Əliyevin «qeyri-əhalinin sıxışdırılması» ilə bağlı dedikləri Azərbaycanın əleyhinə çevrilə bilər:

«Bəlkə də Azərbaycan tribunasından deyilsəydi, belə narahatçılıq yaratmazdı. Amma yad bir tribunadan belə fikirlərin səslənməsi heç bir əndazəyə sıxmır».

XS
SM
MD
LG