Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:38

Qaraçuxurda məscidi yandıran şəxsin Suriyada döyüşdüyü bildirilir


Qaraçuxur məscidi
Qaraçuxur məscidi

-

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb. MTN-in İctimai Əlaqələr İdarəsindən APA-ya daxil olan məlumatda bildirilir ki, bu il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib.

Suraxanı Rayon Polis İdarəsi faktla bağlı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başladıb və istintaqın davam etdirilməsi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə olunub.

ÜSTLƏRİNDƏN SİLAH TAPILIB

Nazirlik bildirir ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslər –Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və səkkiz ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun üzərindən isə «Smit-Vesson» markalı revolver aşkar edildiyi bildirilir.

Namiq Nəsibov və Elnur Ələkbərov barəsində təqsirləndirilən şəxs qismində həbs qətimkan tədbiri seçilib. MTN bu tədbirin Cinayət Məcəlləsinin 214.2.1-ci və 228.2.1-ci maddələri ilə seçildiyini bildirir. Həmin maddələrdə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, eləcə də qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirməyə görə cəza nəzərdə tutulur.

ƏVVƏL KOBANİDƏ DÖYÜŞÜB

MTN-nin yaydığı xəbərdə deyilir ki, Namiq Nəsibovun 2014-cü ilin avqust-sentyabr aylarında Suriyada PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak etdiyi müəyyən olunub. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar.

“Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər. Bundan başqa, Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin «əhli-sünnə» təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar,” MTN bildirir.

YANĞIN TÖRƏDİB CİNAYƏT YERİNDƏN QAÇIBLAR

“Bu niyyətlərinin həyata keçirilməsi məqsədilə 2014-cü il noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov izlənməkdən ehtiyat edərək bir neçə taksi dəyişməklə Qaraçuxur qəsəbəsinə gəlib, buradakı «Cümə» məscidində yanğın törətmək məqsədilə ərazidə yerləşən müxtəlif yanacaq doldurma məntəqələrindən 10 litr benzin alıb və həmin oddan təhlükəli mayeni əvvəlcədən əldə etdikləri şüşə butulkalara dolduraraq yandırıcı və partlayıcı vasitə hazırlayıblar. Bundan sonra Namiq Nəsibov və Elnur Ələkbərov noyabrın 26-da saat təxminən 02:04 radələrində həmin məscidin arxa və ön tərəfdə olan qapılarını sındırıb və yandırıcı maye ilə dolu şüşə butulkalarının fitillərini alışdıraraq içəriyə atmaqla orada yanğın törədib və cinayət yerindən qaçıblar,” MTN-nin yaydığı məlumatda belə deyilir.

Hələlik saxlanan şəxslərin yaxınları və ya vəkilləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

XS
SM
MD
LG