Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:56

"Humanist yazıçı" Dostoyevsky-nin müharibə çağırışları [Oxu]


Fyodor Dostoyevsky
Fyodor Dostoyevsky

-

"Dünyanın xilası heç də həmişə sülhdə deyil, bəzən də müharibədədir".

Bu gün bir çox görkəmli rus yazıçısı Kremlin Ukraynaya təcavüzünü açıq şəkildə dəstəkləyir. Bu, 19-cu əsrdə Fyodor Dostoyevsky-nin Rusiyanın Türkiyəyə qarşı apardığı müharibəyə haqq qazandırmasını xatırladır. Onda da, indi də belə müharibə çağırışlarına "dinc insanların qanının tökülməsinin qarşısının alınması" arqumenti ilə bəraət qazandırılır.

Fyodor Dostoyevsky

("Yazıçının gündəliyi" publisistik toplusundan)

MÜHARİBƏ HƏMİŞƏ ZÜLM DEYİL, BƏZƏN DƏ XİLASDIR

...Amma bizim müdriklər işin o biri tərəfindən yapışıblar. Onlar insanpərvərlikdən, humanizmdən dəm vurur, tökülən qanlara görə ah-vay edirlər. Deyirlər ki, müharibə bizi bir az da vəhşiləşdirəcək, bir az da qəddarlaşdıracaq, mənəvi inkişafdan, düz yoldan, elmdən uzaq düşəcəyik.

Bəli, əlbəttə, müharibə bədbəxtlikdir, amma bu məsələdə, bu mülahizələrdə səhvlər çoxdur. Bu burjua moizələri bizi daha boğaza yığıb. Müqəddəs bildiyimiz hər şey üçün canımızı-qanımızı verməyə hazır olmaq, istənilən burjua katexizisindən daha əxlaqidir.

Millətin ruhunun böyük bir ideya uğrunda yüksəlməyi: irəliyə sıçrayışdır, vəhşiləşmək deyil. Əlbəttə, biz böyük ideya kimi tanıdığımız şeydə yanıla da bilərik. Amma bizim müqəddəs bildiyimiz şey ayıb və rüsvayçıdırsa, biz onsuz da təbiətin cəzasından qaça bilməyəcəyik. Çünki ayıb və rüsvayçı olan hər şeydə ölüm var və o, tez ya gec səni cəzalandıracaq.

Rusiyanın bu gün apardığı müharibədən daha cəsur, təmiz və müqəddəs nə ola bilər ki?

Deyəcəklər ki, "axı Rusiya doğrudan da ora əzab çəkən qəbilələri xilas etməyə və onları ayağa qaldırmağa gedirsə də, bu xalqların simasında özünə müttəfiqlər tapmış olacaq, yəni güclənəcək... "Panslavizm" isə öz miqyası ilə, heç şübhəsiz ki, Avropanı qorxuda bilər. Elə təkcə özünü qoruma məqsədi ilə Avropa bizi yolumuzdan saxlamaqda maraqlıdır. Amma bizim də onun qorxusu qarşısında dayanmadan, çəkinmədən, tədbirli və məntiqli şəkildə yolumuzu getmək haqqımız var.

Beləliklə, bu məsələdə nə müqəddəs, nə də ayıb olan heç bir şey yoxdur. Bu, xalqların əsrlər boyu davam edən, hamının, yer üzündə yaşayan, inkişafında əskiklik və ya məntiqsizlik olan bütün qəbilələrin belə tabe olduğu vəhşi instinktdir. Bununla belə, əsrlər uzunu yığılmış şüür, elm, humanistlik əvvəl-axır xalqların əsrlik vəhşi instinktini zəiflətməli və dünyadakı bütün xalqların ürəyinə beynəlxalq birlik və insanpərvərlik istəyi salmalıdır. Yəni ki, artıq qan tökməyi deyil, sülhü car çəkmək lazımdır ".

Müqəddəs sözlərdir! Amma indiki halda bu sözlər Rusiyanın vəziyyətii lə uyğun gəlmir. Fikrimi daha dəqiq ifadə eləsəm, Rusiya Avropanın indiki tarixi məqamında bir növ istisna təşkil edir və bu, doğrudan da belədir. Əslində, əgər əzabkeş xalqların və qəbilələrin xilasına və inkişafına belə könüllü, səmimi can atan Rusiya sonradan bu xalqların köməyi lə güclənsə, bu baş versə belə, o yenə də hər şeyi öz arşını ilə ölçən Avropa üçün gözlənilməz, ciddi istisna təşkil edəcək.

Azad elədiyi xalqların köməyi ilə hətta həddindən artıq gücləndiyi təqdirdə belə, o, qılıncını əlinə alıb, Avropanın üstünə atılmayacaq, onun heç nəyini əlindən almayacaq. Əlinə belə bir imkan düşsə o dəqiqə Rusiyanın üstünə atılacaq Avropanın, ordakı, tarixən imkan tapan kimi qonşularına qənim kəsilən xalqların ağılları özlərinə getməsin. (Özü də bu hal Avropanın ən vəhşi vaxtlarından ta bu yaxınlardakı Prussiya-Fransa müharibəsinə qədər belə olub. Görəsən, belə anlarda onların sivilizasiyası hara yox olur? Ən təhsilli, ən maariflənmiş millətlərdən biri özü kimi təhsilli, maariflənmiş başqa millətin üzərinə hucum edir, imkandan istifadə edərək, vəhşi heyvan kimi onun qırtlağını gəmirir, qanını əmir, milyardlıq təzminat qismində canının şirəsini çəkir və ən yaxşı əyalətləri qismində onun bir böyrünü kəsib götürür! Hə, doğrudan da, belə şeylərdən sonra Rusiyanın missiyasını başa düşməməkdə Avropa haqsızdırmı? O təhsilli, qürurlu, güclü Avropa təsəvvürünə gətirə bilərmi ki, Rusiyanın missiyası bəlkə də elə onların özünü də xilas etməkdir? )

Hə, əlbəttə, biz nəinki onlara hücüm etməyəcək, heçnələrini əllərindən almayacağıq, hətta gücləndiyimiz təqdirdə və məhz gücləndiyimiz üçün (işğal, zorakılıq yolu ilə deyil, sevgi və qardaşlıq yolu ilə) axır ki, qılıncımızı sıyırmamaq, əksinə gücümüzün bizə verdiyi rahatlıqla beynəlxalq birliyi, səmimi sülhü təmsil etmə imkanı əldə edəcəyik.

İlk olaraq, biz dünyaya elan edəcəyik ki, öz uğurlarımızı başqa millətlərdən olanların şəxsiyyətlərini sıxışdırmaqla əldə etmək fikrində deyilik. Əksinə, biz uğurumuzu başqa millətlərin azad, müstəqil inkişafında, onlarla qardaşcasına birlik qurmaqda, bir-birimizə güvənməkdə, onların orqanik xüsusiyyətlərini özümüzə təlqin edib, onlara da özümüzün orqanik xüsusiyyətlərimizdən pay verməkdə, ruhi-mənəvi yaxınlıqda, onlara öyrədib, onlardan öyrənmədə görürük. Ta o vaxta qədər ki, bəşəriyyət xalqların dinc dialoqundan çıxış edərək nəhəng, qol-budaqlı bir ağac kimi birləşərək, yer üzünü xoşbəxt edəcək.

Bəli, qoy, bizim indiki «ümumbəşərilər», özümüzü xor görənlər mənim bu "fantastik" sözlərimə gülsünlər. Amma biz buna inandığımız, xalqımızla əl-ələ tutub yol getdiyimiz üçün günahkar deyilik. Xalqdan soruşun, əsgərdən soruşun: onlar bu müharibəyə nə üçün gedir, nəyin naminə ayağa qalxırlar? Hamısı bir nəfər kimi sizə deyəcək ki, İsa naminə, əzab çəkən qardaşlarını xilas etmək üçün gedir, işğalçılıq isə onların heç birinin ağlına gəlmir.

Bəli, biz burda, məhz bu müharibədə Rusiyanın Avropadakı gələcək missiyasını sübut edəcəyik. Biz bunu slavyan torpaqlarını azad edib, o torpaqlardan özümüzə bir parça da götürməməklə (Avstriya indi bu torpaqlardan pay arzulayan kimi), əksinə, bu xalqların öz istəyi, qarşılıqlı razılaşma ilə onların azadlığını, müstəqilliyini lap elə Avropanın özündən də qorumaqla sübut edəcəyik. Əgər belədirsə, onda bizim ideyamız müqəddəsdir, müharibəmiz isə heç də "ağılsız millətlərin əsrlərlə sürən vəhşi instinkti" deyil, məhz inandığımız əbədi sülhə, sözün həqiqi mənasında insanpərvərliyə, beynəlxalq birliyə gedən yolda ilk addımdır! Beləliklə, həmişə təkcə sülhü təbliğ etmək olmaz və dünyanın xilası heç də həmişə sülhdə deyil, bəzən də müharibədədir.

TÖKÜLƏN QANLAR XİLAS EDİRMİ?

"Axı, qan, necə də olsa, qandır", - deyib müdriklər. Doğrudan da, qan barədə bu deyimlər indi məlum məqsədlərə çatmaq üçün ən ali deyimlər arasından ən axmaq seçmələrdir. Məsələn, birjaçılar humanizm barədə danışmağı həddən artıq sevirlər. Və indi humanizmdən danışanların çoxu humanizmlə alver edənlərdir. Bununla belə, ola bilər ki, müharibə olmasa, daha çox qan tökülsün.

İnanın, bəzi hallarda, (bəlkə də elə həmişə, xüsusilə xalqların öz aralarındakı çəkişmələrində) müharibə millətlər arasında az-çox, lap bir qədər də olsa, normal münasibətlərin, beynəlxalq sakitliyin əldə edilməsi üçün ən az qanla, ən az dərdlə, ən az güc sərfi ilə başa gələn prosesdir. Əlbəttə, kədərlidir, amma nə etmək olar ki, belədir. Əbədi əzab çəkməkdənsə, qılıncı bircə dəfə sıyırmaq daha yaxşıdır. Güya indi sivil millətlər arasındakı sülhün müharibədən nəyi yaxşıdır ki? Əksinə, insanı vəhşiləşdirən, qəddarlaşdıran müharibə deyil, uzun sürən sülhdür.

Uzun müddət sürən sülh həmişə insana qəddarlıq, vəhşilik, qorxaqlıq və kobud, piylənmiş eqoizm, ən əsası isə əqli durğunluq gətirir. Uzun müddət davam edən sülh dövründə yaxşı yaşayanlar ancaq cəlladlar və millətlərin istismarçıları olur. Düzdü, sülh var-dövlət gətirir, amma bu var-dövlət insanların cəmi onda birinə çatır və özü ilə elə bir varlanma xəstəliyi gətirir ki, bu xəstəlik insanlığın yerdə qalan onda doqquzuna da yoluxur. Xəstəlik yoluxur, var-dövlət isə yox. İnsanlıq həm də əxlaqsızlıq və sinizmə yoluxur.

Aşırı var-dövlətin özəl əllərdə toplanması bu var-dövlətə sahib olanlarda hisslərin korlaşmasına gətirib çıxarır. Gözəllik, zəriflik axtarışı mənasız kaprizlər, ifratçılıq, anormallıq ehtirasına çevrilir. Tamah dəhşətli dərəcədə artır. Tamah qəddarlıq və qorxaqlığa səbəb olur. Tamahkarın ağırlaşmış və kobudlaşmış qəlbi bütün başqa, hətta günahkar qəlblərdən belə daha qəddar olur. Barmağını kəsəndə qanı görüb, ürəyi gedən başqa bir tamahkar isə ən xırda borcu belə bir kasıba bağışlamır, onu acımasızcasına zindana atdırır. Qəddarlıq güclü, həddən artıq qorxaqca bir özünü təmin etmə qayğısı yaradır. Bu qorxaq özünü təmin etmə qayğısı uzun müddət davam edən sülh zamanı axırda panik qorxuya çevrilir – adam özünə görə qorxur.

Cəmiyyətin bütün təbəqələrinə sirayət edir, dəhşətli pul əldə etmə, pul yığma ehtirasını doğurur. İnsanların birliyinə, qardaşlığına, cəmiyyətin köməyinə inam itir. "Hərə özünə cavabdehdir!" tezisi bar-bar bağırılır. Kasıb varlının kim olduğunu, onun qardaşı olmadığını həddən artıq yaxşı görür və bilir. Eqoizm mərhəmətli qəlbləri sıradan çıxarır. Cəmiyyətdə ali dəyərlərə dəstək verən, uzun müddət davam edən sülh zamanı yuxuya gedən qəlbləri oyadan təkcə incəsənət olur.

Buna görə deyirlər ki, incəsənət ancaq uzun müddət davam edən sülh zamanı çiçəklənə bilər. Amma bu əsla belə deyil, incəsənət, əsl incəsənət uzun müddət davam edən sülh zamanı ona görə çiçəklənir ki, qəlblərin ağır və günahkar mürgüləməyinə tabe olmur. Əksinə, belə dönəmlərdə özünün yaratdıqları ilə ideala çağırır, etiraz və narazılıq yaradır, cəmiyyəti narahat edir və çox vaxt oyanmaq, üfunətli çuxurdan çıxmağa can atan insanları əzab çəkməyə məcbur edir.

Nəticədə məlum olur ki, uzunömürlü burjua dünyası özü, az qala hər zaman, əvvəl-axır müharibə ehtiyacı yaradır. O bu müharibə ehtiyacını öz içindən daha böyük millətlərə xas olan ədalətli, ali məqsəd üçün deyil, hansısa ucuz birja maraqları, istismarçılara lazım olan yeni bazarlar, qızl kisələri sahiblərinə lazım olan yeni kölələr əldə etmək üçün nəticə olaraq, çıxarır. Bir sözlə, bu səbəblər hətta özünüqoruma tələbatı ilə də əsaslanmır, əksinə, məhz milli orqanizmin şıltaq, xəstəhal vəziyyətinə dəlalət edir.

Bu maraqlar uğrunda başladılan müharibələr xalqları iflasa uğradır, məhv edir. Ali məqsədlər, əsarətdə olan xalqların naminə, məkrsiz, müqəddəs ideya naminə başladılan müharibələr isə pisliklərə yoluxmuş xəstəhal havanı təmizləyir, ruhu müalicə edir, rüsvayçı qorxaqlığı və tənbəlliyi aradan qaldırır, ideya verir, ideyanın nə olduğunu aydınlaşdırır, həyata keçirilməsində bu və ya başqa millətin qoşulacağı qəti məqsədi elan edir. Belə müharibə hər bir ruhu özünü qurbanvermə anlayışı ilə, bütün millətin ruhunu isə qarşılıqlı həmrəylik və milləti təşkil edən bütün üzvlərin birliyi anlayışı ilə möhkəmləndirir.

Ən əsası isə belə müharibə qəlbləri xeyir əməl və borcun yerinə yetirilməyi hissi ilə doldurur: "Biz hələ tam olaraq düşməmiş, yolumuzdan azmamışıq, bizdə hələ insana xas cəhətlər var! " Və baxın, bizim humanizm və sülhpərvərlik moizəçilərimiz özlərinin bu ərəfədki moizələrini nələrdən başlayıblar: onlar ən qeyri-insani qəddarlıqdan başlayıblar. Onlar insanları köməyə çağıran əzabkeşlərə nə özləri kömək edir, nə də başqalarını kömək etməyə qoyurdular. Görünür, onlar o qədər humanist və həssas olublar ki, bizim üçün vacib olan özünü qurban vermə ehtiyacını və mənəvi qəhrəmanlığı kinayə ilə rədd ediblər.

Onlar Rusiyanı böyük bir millət üçün ən ləyaqətsiz və vulqar yola çəkmək istəyirlər. Mən hələ onların əzabkeş slavyanların hamısını öz qardaşları bilən xalqa qarşı nifrətlərindən, xalqın iradəsi ilə təkəbbürlü fikir ayrılığından, onların saxta «avropalı təfəkkürlərindən» danışmıram. Onların sevimli tezisi budur: "Əlin yağlıdırsa, öz başına çək ". "Başqalarını xilas eləməyə gedirsiniz, amma özünüzün məktəbləriniz yoxdur " kimi sözlərdir.

Neynək, biz xilas etməyə gedirik. Məktəblər vacibdir, əlbəttə, amma məktəblərə ruh və istiqamət lazımdır – elə biz də indi ruh ehtiyatımızı zənginləşdirməyə və sağlam istiqamət əldə etməyə gedirik. Və əldə edəcəyik də, xüsusilə tanrı bizə qələbə bəxş eləsə. Biz təmənnasız bir iş görməyimiz, öz qanımızla insanlığa xidmət etməyimiz, gücümüzün və enerjimizin yenilənməyi hissi ilə qayıdacağıq. Ən vacibi isə budur ki, biz xalqa daha çox yaxınlaşacaq, onunla daha sıx birləşəcəyik. Çünki bizim iki əsrlik xəstəlyimizin, iki əsrlik qeyri-məhsuldarlığımızın və gücsüzlüyümüün xilası ancaq xalqdadır.

Ümumiyyətlə, demək olar ki, əgər cəmiyyət xəstədirsə, nəyəsə yoluxubsa, hətta xeyir əməllər də, uzun sürən sülh şəraiti kimi, cəmiyyətə xeyir əvəzinə ziyan verir. Bu yanaşmanı hətta bütün Avropaya aid etmək olar. Axı bizim yadımıza gələn qədərilə Avropada müharibə görməyən bir nəsil olmayıb. Beləliklə, görünür, müharibə vacibdir, nə üçünsə şəfaverici, dirildicidir, o insanlığı yüngülləşdirir. Bu, adamı özündən çıxarır, amma təcrübədə məlum olur ki, yoluxmuş orqanizm üçün xeyir əməl də sülh kimi, ziyandır. Amma istənilən halda, xeyirli müharibə ideya, yüksək amallar, prinsip, qeyri-maddi maraq uğrunda edilən, acgöz işğalçılıq güdməyən, təkəbbür, zorakılıq daşımayan müharibədir. Belə müharibələr xalqları ancaq səhv yola sapdırır və həmişə onları məhv edir. İngiltərənin axırının necə olacağını biz görməsək də, balalarımız görəcəklər. İndi dünyada hamı üçün «az qalıb». Həm də ki, artıq vaxtıdır.

Tərcümə: Günel Mövlud

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG