Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:21

NATO komandanı: Rusiya bütün Qara dənizi nəzarətə götürə bilər


General Philip Breedlove Kiyevdə Ukrayna liderləri ilə görüşüb.
General Philip Breedlove Kiyevdə Ukrayna liderləri ilə görüşüb.

-

NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Philip Breedlove xəbərdarlıq edib ki, Rusiya Ukraynadan ilhaq etdiyi Krım yarımadasını hərbiləşdirməklə bütün Qara dəniz üzərində nəzarəti ələ ala bilər.

Kiyevdə çıxış edən NATO generalı deyib ki, Rusiyanın Krımda quraşdırdığı hərbi avadanlıq və bura gətirdiyi texnika miqyasına görə “demək olar bütün Qara dənizə” nəzarətə hesablanıb.

Cənab Breedlove Ukraynada ölkə rəhbərləri ilə yüksək səviyyədə danışıqlar keçirib.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Krıma, burada yerləşdiriləcək 30 təyyarədən ibarət eskadriliya üçün artıq 14 qırıcı gətirilib.

Breedlove: Ukraynada çox sayda rus hərbçisi var

Mətbuat xəbər verir ki, Krımın Belbek hərbi hava bazasında yerləşdirilən qırıcı təyyarələr Krasnodar hərbi dairəsinin bazalarından gətirilir.

General Breedlove həmçinin rəsmən bəyan edib ki, Ukrayna ərazisində çox sayda Rusiya hərbçisi var və onlar separatçıların təlimləndirilməsində və onlara taktiki yardım göstərilməsində iştirak edirlər.

Öz növbəsində Moskva Ukrayna ərazisində Rusiya əsgərlərinin olması barədə iddiaları təkzib edir.

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü bəyan edib ki, Rusiya “heç kim üçün təhlükə yaratmır” və “geosiyasi oyunlara cəlb olunmasına yol verməyəcək”.

Rusiya Avropaya meydan oxuyur

Bu arada Almaniya kansleri Angela Merkel ölkə parlamenti – Bundestaq qarşısında çıxış edərkən Rusiyanın Ukraynaya qarşı təcavüzünü sərt şəkildə tənqid edib.

“Krımın ilhaqına heç bir vəchlə haqq qazandırmaq olmaz – deyib kansler,- Rusiyanın Donetsk və Luqanskdakı döyüşlərdə birbaşa və ya dolayısı ilə iştirakına heç nə ilə haqq qazandırmaq olmaz”.

Angel Merkel deyib ki, “Rusiya Avropadakı dinc asayişi sual altına alır və beynəlxalq qanunları tapdayır.

O əlavə edib ki, şərqi Ukraynada davamlı sülhün bərqərar olması çətin məsələdir və buna görə də Rusiya üzərinə yeni sanksiyaların qoyulması qaçılmaz olacaq.

Rusiya və Ukrayna arasında vasitəçilik missiyasını tez-tez üzərinə götürən Merkel, adətən Rusiya üzərinə yeni sanksiyalar barədə həvəssiz danışırdı.

Təhlilçilərin fikrincə, kansler Rusiyaya qarşı yumşaq davranış taktikasının fayda vermədiyinə əmin olub.

Merkel Putindən niyyətini açıq deməyi tələb edib

Britaniya mətbuatı yazır ki, Böyük 20-lərin bu ayın ortalarında Avstraliyada keçirilmiş sammitindən əvvəl Merkel Putinlə tam təkbətək, yəni tərcüməçilərsiz söhbət edib.

Bəzi məlumatlara görə, Merkel Putindən Ukraynadan və digər keçmiş sovet ölkələrindən konkret nə istədiyini açıq deməsini tələb edib.

Almaniya nümayəndə heyətindəki mənbədən alınmış məlumata görə həmin söhbət olduqca əsəbi başa çatıb.

Reuters agentliyi bildirir ki, söhbət zamanı Putin tam müdafiə və özünü təmizə çıxarma mövqeyi tutub.

Moskvanı yola gətirmək səyləri tükənib

Almaniya nümayəndəsi bildirib ki, Moskvanı yola gətirmək cəhdlərinin ehtiyatı tükənib.

Berlin rəsmilərinin fikrincə, hazırda Moskva mümkün sanksiyaların bloklanması üçün İtaliya, Slovakiya və Macarıstana təzyiq göstərir.

Almaniya hökumətindəki mənbələr bildiriblər ki, separatçıların Mariupolu zəbt edəcəkləri təqdidə bütün oyun qaydaları dəyişə bilər.

“Bizim siyasət vasitəsi kimi müharibəni tam istisna etdiyimizi deməyimiz o mənaya gəlmir ki, bizimlə istənilən cür davranmaq olar” – deyib Angela Merkel.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG