-
«Avropa İnsan Haqları Məhkəməsi (AİHM) kiminsə azadlığa buraxılması ilə bağlı qərar çıxara bilməz. Buna görə də AİHM-nin Azərbaycanla bağlı qərarlarını siyasi baxımdan yozmaq düzgün deyil».
Bunu YAP-dan olan deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AzadlıqRadiosuna bildirib. O, AİHM-nin keçmiş səhiyyə naziri Əli İnsanov və REAL Hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı çıxardığı qərarı mütləq saymır:
«AİHM növbəti instansiya məhkəməsi deyil ki, əvvəlki qərarları ləğv edib, son qərar versin. Bunu hüquqşünaslar da, bəzi siyasiləşmiş vəkillər də yaxşı bilir. Ancaq buna baxmayaraq, nədənsə belə şərh edirlər ki, AİHM qərar çıxarırsa, həmin andan kimsə azadlığa buraxılmalıdır. Əslində, Avropa Məhkəməsi milli məhkəmənin baxdığı işdə pozuntunu müəyyən edir və bundan sonra o qərarın icrası ilə bağlı yerli prosedurlar ilə düşür. Azərbaycan hakimiyyəti AİHM-nin çıxardığı qərarların icrası ilə bağlı bütün addımları atır. Bunlarla bağlı, o cümlədən Əli İnsanovla bağlı yenidən bir məhkəmə prosesi həyata keçirilib. Məncə, bu məsələdə mətbuat da bir qədər spekulyasiya edir».
AİHM 2013-cü ilin martında Əli İnsanovun, ötən ay isə İlqar Məmmədovun ədalətli mühakimə olunmadığı haqda qərar çıxarmışdı.
Məhkəmənin qərarına əsasən, Əli İnsanovun işinə yenidən baxılmalı, İlqar Məmmədov isə azad olunmalıdır.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı rayonundakı hadisələrə görə həbs olunub, 7 il azadlıqdan mərhum edilib.
Əli İnsanov isə 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il cəza alıb.