Oktyabrın 10-da sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında həkim müayinəsindən keçirilib. Bu barədə məlumat verən vəkil Ramiz Məmmədovun sözlərinə görə, hələ ki müayinənin nəticələri onlara məlum deyil. Sabiq nazirin vəkilləri iddia edirlər ki, Fərhad Əliyev ürək ağrılarından və qan təzyiqindən şikayətlənir. Sentyabr ayında Ədliyyə Nazirliyinin müalicə müəssisəsində isə ona sinir sisteminin korlanması diaqnozu qoyulmuşdu.
Keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyev ötən ilin oktyabrında həbs edilib. O əvvəlcə dövlət çevrilişinə cəhddə və korrupsiyada ittiham edilirdi. Bu ilin iyul ayından etibarən isə o ağır qətl və adam oğurluqlarında ittiham edilən Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov ifadəsinə əsasən jurnalist Elmar Hüseynovun qətlini sifariş etməkdə günahlandırılır.