Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:15

Hekayə yazanların tez-tez buraxdığı səhvlər


-

Hekayə yazanların tez-tez buraxdığı səhvlər:

Basabas

Yazıçı hekayənin süjetini həddən artıq yükləyir, saxələndirir, əsərə çoxlu personaj daxil edir.

Nəticədə hekayədəki obrazların çoxu açılmamış qalır, yəni səthi, hissiyyatsız, süni alınır. Süjeti əsərin sonunda bir nöqtəyə cəmləmək olmur. Altsüjetlər diqqəti hekayənin əsas qəhrəmanından da, əsas süjetindən də, yazıçının oxucuya çatdırmaq istədiyi ideyadan da yayındırır.

Orijinal olmayan ad

Hekayəyə ad fikirləşmək asan deyil. Xüsusən də əgər əsərini mürəkkəbi qurumamış jurnala, sayta yollamaq azarın varsa. Görürsən ki, gözəl hekayədir, amma “Qardaşlar”, yaxud “Şam yeməyi” tipli şablon adı var. Nəinki oxucu, hətta hansısa redaktor da onu oxumamış kənara ata bilər.

Çıxış yolu? Yaxşı ad fikirləşə bilmirsənsə, hekayəni zövqünə inandığın bir adama ver, sonra da mətndə hansı ifadənin, sözün onun diqqətini çəkdiyini, təəccübləndirdiyini soruş. Hekayənin adı çox vaxt elə mətnin içində gizlənmiş olur.

Yanlış təhkiyəçi

Bəzi yazarlar neytral qalmaq, guya personajların “işinə qarışmamaq” istəyinə o qədər aludə olurlar ki, hekayəni danışan şəxs müşahidəçi mövqeyinə malik olur.

Bunun pis tərəfi odur ki, təhkiyəçi hadisənin iştirakçısı olmayanda onun danışdıqları da oxucu üçün az inandırıcı olur. Ona görə də hekayənizi məhz kimin dilindən nəql edəcəyinizi xeyli götür-qoy edin. Məsələn, hansı daha uyğun olar? Qatilin, öldürülənin, şahidin, yoxsa başqa birisinin dilindən?

Uzunçuluq

Əlbəttə, hekayə uzun da ola bilər və burda heç bir qəbahət yoxdur, amma uzunçuluq çox vaxt bədii təfəkkürün zəifliyinin əlaməti olur.

Sən əsərində hansısa hadisəni, situasiyanı, yaxud emosional halı təsvir edib nəticə çıxarmağı oxucunun öhdəsinə buraxmalı olduğun halda, personajları dekorasiyaya çevirirsən, yəni öz ideyanı açıq tekstlə deyirsən və personajları, dialoqları dekor kimi istifadə edirsən.

Əsər kimlərinsə uzun-uzadı düşüncələrindən, xatirələrindən, yaxud yuxularından ibarət olur.

Sxematik personajlar

Elə bir insan tapmaq olmaz ki, pis cəhəti də olmasın. Düzdür, hekayənin həcmi kiçikdir, amma bu o demək deyil ki, personajları sxematik olaraq yaxşı və pis adamlara bölməlisən.

Əgər istəyirsənsə ki, hekayən inandırıcı, təsvir etdiyin insanlar canlı-qanlı olsun, onları real həyatdakı kimi yaxşı və pis cəhətləri ilə birgə təsvir et. Çoxlarının əclaf saydığı adam öz övladını sevə bilər, yaxud əksəriyyətin hörmət etdiyi adamın axmaq bir vərdişi ola bilər.

Dialoqlardan qaçmaq

Bəzi yazıçılar hekayədə dialoqdan az istifadə edirlər ki, birdən oxucunu yorarlar, əsərin həcmisə böyük alınar.

Halbuki dialoqlar personajların daxili aləmini, düşüncələrini, hisslərini çatdırmaq üçün çox mühümdür.

Biri var yazasan ki, “Anası oğluna bərk-bərk tapşırdı ki, o dərəyə enməsin”. Biri də var ki, bunu dialoq şəklində verəsən. Əlbəttə, qorxu hissini onda daha qabarıq çatdırmış olursan.

Yazıçı “radio” yox, “televiziya” olmalıdır , yəni göstərməlidir. Həm də bu, yazıçıya imkan verir ki, həmin dialoqdan çıxan sualları, məsələn, ana niyə belə dedi, oğlu niyə əhəmiyyət vermədi, bu kimi açıq qalan məqamları əsərin sonrakı bölümlərində istifadə etsin.

Lazımsız təsvirlər

Hekayədəki hər bir sözə sual vermək lazımdır? Sən burda nə gəzirsən? Yəni sən bu hekayədə olmasan nə dəyişər?

Bax bu suala “heç nə” cavabı verən sözlərin hamısını rədd eləmək lazımdır. Əgər polis kimisə həbs etməyə gəlibsə və həmin adam da müqavimət göstərmək niyyətindədirsə, onda ev “böyük”, “ikimərtəbəli” ola bilər ki, qovdu-qaçdı uzun çəksin.

Amma evin damının şiferdən, yaxud kirəmitdən olduğunu, divar kağızının nə rəngdə olduğunu yazmağa ehtiyac yoxdur.

Vaxt çərçivəsi problemi

Əgər hekayədəki hadisələr bir-iki saat, yaxud 3-4 gün, yaxud da 1 həftə ərzində baş verirsə, bu normaldır.

Amma əgər bu müddət bir-iki ay, yaxud 2-3 il, hətta 30 ildirsə, həmin zaman kəsiyində hekayənin süjeti, baş verdiyi məkan, dövr, personajları tam açılmamış qalacaq. Roman yazmırsınız.

XS
SM
MD
LG