S.Sarkisian Yerevan kilsəsindəki matəm mərasiminə gəldi
Noyabrın 24-də Surb Sarkis kilsəsində keçirilən mərasimdə Azərbaycan üzərində vurulan Mi-24 vertolyotu pilotları ilə vidalaşma mərasimi keçirilib. Kilsəyə gətirilən 3 qapalı tabut Qarabağın separatçı rejiminin bayrağına bürünmüşdü. Erməni tərəfi meyidlərin pilotlara məxsus olduğunu bəyan edir. Azərbaycan müdafiə nazirliyinə əsasən isə tabutlar ya boşdur, ya da orada Ermənistan ordusunda öldürülən başqa hərbçilərin meyidləridir - 2 gün əvvəl verilən bəyanatda Azərbaycan tərəfi əmin edir ki, heç bir erməni əməliyyatı olmayıb və Ermənistan rəhbərliyi öz cinayətlərini gizlətmək istəyir. Tabutlarda erməni pilotlarının olduğuna Ermənistanda şübhə edən yoxdur. Əksinə, onlar Azərbaycan ordusunun mövqeləri qarşısından meyidlərin çıxarılması əməliyyatı ilə fəxr edir, bunu az qala hərbi uğur kimi təqdim edirlər. Ermənistan mediasında Qarabağdakı "xüsusi əməliyyatın" keçirilməsini sübut etməyə yönələn çoxlu material dərc olunub. Onlardan birində ərazinin pilotsuz təyyarədən çəkilən şəkilləri yayımlanır. "Xüsusi əməliyyat"dan əvvəl və sonra çəkildiyi iddia olunan bu fotolar Qarabağdakı qondarma respublikanın müdafiə nazirliyi adından yayılır. Onlardan biri hətta Azərbaycan dilində hazırlanıb ki, bu da dolayısı ilə separatçıların vertolyot ətrafında informasiya müharibəsinə böyük diqqət yetirməsindən xəbər verir. Bir neçə gün əvvəl erməni tərəfi pilotlardan birinin meyidinin görüntülərini yaymışdı. Day.az saytı bununla bağlı Azərbaycan müdafiə nazirliyinə istinadən yazır ki, böyük sürətlə yüksəkdən düşən və alışıb partlayan vertolyotun gövdəsindən çıxmaq üçün ermənilərin göstərdiyi meyidi həddən artıq zərərsiz görünür.
ABŞ RƏSMİSİ ATƏT və VERTOLYOT SUALINA CAVAB VERDİ
ABŞ Dövlət departamentinin nümayəndəsinin brifinqində Azərbaycanda vurulan erməni vertolyotu haqda da sual səslənib.
- Belə başa düşürük ki, ATƏT nümayəndəsinə əraziyə girişdən ola bilər imtina edilib. Ətraflı məlumatı ATƏTin özündən almaq olardı. Amma ayıdndır ki, biz Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinə ehtiyac olduğunu görürük. - deyə ATƏT müşahidəçilərinin vertolyotun vurulduğu əraziyə buraxılması ilə bağlı ABŞ hansısa addımlar atırmı sualına Dövlət departamentinin mətbuat katibi Jeff Rathke cavab verib.