Milli Məclisin spikeri Oqtay Əsədov isə «elə bir prosedur yoxdur ki, hər hansı bir naziri dəvət edib, onun hesabatı istənilsin» dedi. Onun sözlərinə görə, Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti ildə bir dəfə hesabat verir: «Əgər lazım olarsa, həmin hesabat dövründə Ramil Usubov dəvət oluna bilər».
Millət vəkili Pənah Hüseyn isə, dedi ki, qanuna görə, deputat sorğuları əsasında Nazirlər Kabinetinin üzvləri müəyyən edilmiş qaydada parlamentə dəvət oluna və bu və ya digər məsələlər barədə onların hesabatı və izahatları dinlənilə bilər.
Daxili İşlər naziri Ramil Usubov isə bir müddət bundan əvvəl bəyan etmişdi ki, hər bir deputatla görüşüb, Daxili İşlər Nazirliyi ətrafında baş verən son hadisələrlə bağlı müzakirələr aparmağa hazırdır.
Ötən ilin martında bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər zərərsizləşdiriləndən sonra yerli media qurumlarında Ramil Usubovun bu dəstə ilə bağlı olduğuna dair çoxsaylı iddialar yer alıb.