Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:23

Britaniyalı cihadçı qadın Ukraynada rus snayperi tərəfindən öldürülüb?


Samantha Lewthwaite-nin saxta pasportu - 2011
Samantha Lewthwaite-nin saxta pasportu - 2011

-

Britaniya qəzetləri Rusiyanın «Regnum» xəbər agentliyinə istinadən yazır ki, Ukraynada öldürülmüş Samantha Lewthwaite-ni vuran rusiyalı snayperin başına 1 milyon dollar mükafat qoyulub.

Dünyanın ən ciddi axtarışda olan qadınlarından biri - Samantha Lewthwaite-nin Rusiya snayperi tərəfindən vurulması barədə xəbərin səhihliyini hazırda Qərb ölkələrinin kəşfiyyatları dəqiqləşdirir.

Rusiyanın «Regnum» agentliyinin yaydığı xəbərə görə, 30 yaşlı Lewthwaite Ukraynanın hökumətpərəst qüvvələrinə iki həftə əvvəl qoşulubmuş.

Agentliyin yaydığı xəbərdə deyilir ki, Qərb mətbuatında «Ağ dul qadın» ayaması ilə tanınan Samantha Lewthwaite Ukraynada Rusiyameylli qüvvələrin könüllü snayperlərindən biri tərəfindən başından vurulub.

«Regnum»un məlumatında qadının Ukraynanın «Aydar» batalyonunda vuruşduğu bildirilir.

Onu öldürmüş snayperin başına 1 milyon dollar mükafat qoyulması barədə məlumat da «Regnum» agentliyinə aiddir.

İNTİHARÇININ CİHADÇI DULU

İslamı qəbul etmiş Lewthwaite Londonda 2005-ci ilin iyulunda terrorçu basqının iştirakçısı, intiharçı Germaine Lindsay-in dul xanımıdır.

Britaniya qəzetlərinin yazdığına görə, o, 2011-ci ildə Keniyanın Mombasa şəhərində otel və ticarət mərkəzinin baş tutmayan partlayışının planlaşdırılmasında ittiham ediləndən bəri qaçaq düşüb.

Bəzi məlumatlara görə, Samantha, həmçinin, Keniya və Somalidə «əş-Şəhab» terror qruplaşmasının liderlərindən biri olub. Bu qruplaşma ötən ilin sentyabrında Nayrobi ticarət mərkəzinə terror basqını üçün məsuliyyəti öz üzərinə götürüb. Bu basqın nəticəsində 67 nəfər həlak olmuşdu.

Mətbuat yazır ki, Samantha Lewthwaite-nin adı İnterpolun ən təhlükəli terrorçular siyahısındadır.

SON XƏBƏRLƏRİ SURİYADAN GƏLİRDİ

«The Mirror» qəzeti yazır ki, ekspertlərin fikrincə, onun Ukraynaya Rusiyaya qarşı döyüşən radikal islamçılara qoşulmaq üçün səfər etməsi ağlabatan sayıla bilər.

Britaniyanın Xarici İşlər Nazirliyi xəbərin araşdırıldığı barədə bəyanat verib.

«Ağ dul»un atası, keçmiş Britaniya hərbçisi Andrew Lewthwaite bildirib ki, o, qızı haqqında heç bir məlumata malik deyil və şərh vermək istəmir.

Ukraynada rus snayperi
Ukraynada rus snayperi

Ötən ay Britaniya qəzetləri Lewthwaite-nin Suriyada olduğunu və orada cihadçılara təlim verdiyini yazırdılar.

PUTIN-İN UYDURMASI

«The Mirror» diqqəti belə bir məqama çəkir ki, bu ölüm xəbəri Moskva və Kiyev arasındakı gərginliyin son həddə çatdığı vaxta təsadüf edir.

Əks-terror eksperti, professor Anthony Glees hesab edir ki, bu xəbər Rusiya prezidenti Vladimir Putin-in diqqəti çaşdırmaq cəhdi ola bilər.

Ekspert bildirir ki, Moskva bu kimi dezinformasiya ilə diqqəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən yayındırmaq məqsədi güdür.

SAMANTHA-NIN ÖZÜ DƏ SNAYPER İMİŞ?

«The Express» qəzeti isə yazır ki, Ukraynanın «Aydar» batalyonunun üzvü olan Samantha snayper imiş və onu vuran snayper Luqansk cəbhəsindən bir könüllü olub.

Qəzet yazır ki, bu ilin əvvəllərində «İslam Dövləti»nə qoşulduğu söylənən Lewthwaite Şimali İrlandiyada doğulub və onun adı əvvəllər heç vaxt Ukrayna ilə bağlanmayıb.

Bəzi məlumatlara görə, o, son vaxtlar Suriyadakı qadın intiharçılara təlim keçirmiş.

Bu da bildirilir ki, «ağ dul»un «tələbə»lərinin əksəriyyəti İslamı qəbul etmiş britaniyalı qızlardır.

EVDAR QADININ RADİKALLAŞMASI

Britaniya kəşfiyyatının məlumatına görə, Samantha Lewthwaite cihadçılar arasında o qədər nüfuza malikdir ki, onu «xüsusi şəxs» və «çox mühüm qadın» adlandırırlar.

Əvvəllər sakit evdar qadın olan Lewthwaite intiharçı ərinin öldürülməsindən sonra radikallaşıb.

Onun ərinin də iştirak etdiyi 7 iyul 2005-ci il London terror basqını zamanı 52 nəfər həlak olmuşdu.

2012-ci ildə Mombasadakı pivə bağında İngiltərə-İtaliya futbol matçını izləyən xaricilərə əl qumbarası atan üç şəxsdən birinin də Lewthwaite olduğu düşünülür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG