Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:49

Naxçıvanda məhəbbət qadağası…


Naxçıvan televiziyasında yayımlanan klipdən foto
Naxçıvan televiziyasında yayımlanan klipdən foto

-

Naxçıvan Muxtar Respublikasında insan azadlığının sərhədlərinin getdikcə daraldığı haqqında məlumatlar eşidilir. Qadağaların siyasi müstəvi bir yana, artıq məişət sahələrində belə özünü açıq şəkildə göstərdiyi deyilir. İndi də Naxçıvan şəhərində gənc sevgili, yaxud nişanlı cütlüklərin ictimai yerdə birlikdə gəzmələrinə qeyri-rəsmi qadağa qoyulduğu söylənir.

Bu haqda AzadlıqRadiosuna Naxçıvanda təhsil alan bir qrup gənc tələbə məlumat verib. Tələbələrin sözlərinə görə, cütlüklər nəinki əl-ələ tutarkən, hətta yanaşı gedərkən polislərin hədəfinə çevrilirlər. Gənclər deyir ki, bu vəziyyətdə «yaxalanan» cütlüklər yolun ortasında təhqir olunur, daha sonra polisə aparılırlar. Burada onlardan sevgili, yaxud nişanlı olmalarını sübut edən sənəd tələb olunur. Şikayətçilər bildirir ki, polislərin tələb etdiyi sənəd, yəni nikah haqqında şəhadətnamə olmadıqda cütlükləri böyük məbləğdə pul cəriməsi, yaxud bir neçə sutka həbs cəzası gözləyir. Məlumata görə, cütlüklər ailədə və dost-tanış arasında biabır olmamaq üçün borca girib, tələb olunan məbləği ödəməyə üstünlük verirlər.

Təhlükəsizliyi baxımından şərti olaraq Bədəl Ömərov adlandırdığımız tələbə deyir ki, dostlarından bir neçəsi bu aqibəti yaşadığından, digərləri kimi o da artıq sərbəst davranışına məhdudiyyət qoymalı olub:

«HARADA OĞLANLA QIZI YANAŞI GÖRÜRLƏR...»

«Əvvəllər az-az olurdu. Belə ağını çıxarmırdılar. 1-2 aydır, şəhər polisinə yeni rəis təyin olunandan bu hal daha ifrat həddə çatıb. Polislər düşüblər bütün şəhərin canına. Harada oğlanla qızı yanaşı görürlər – fərqi yoxdur dost, rəfiqə, sevgili, qrup yoldaşı – hücum çəkib tutub aparırlar şöbəyə. Orada da 1000-1500 manat hesab alıb, buraxırlar. Qorxudan qrup yoldaşlarımız olan qızlarla görüşə də bilmirik. Hətta, baxırsan təcili kitab lazım olur, həmin kitab da qız qrup yoldaşımızdadır, küçədə görüşüb həmin kitabı almağa belə qorxuruq. Dərhal sevgili, əxlaqsız damğası vurub tuturlar. İçəri də getdin, pul verməlisən. Vermədin, qızın valideynini çağırırlar. Deyirlər ki, qızınızı əxlaqsızlıq edərkən yaxalamışıq. Ata da biabır olmamaq üçün tələb olunan məbləği ödəyir».

Bədəl Ömərov deyir ki, mülki geyimli polislər daha çox universitetlərin yaxınlığında keşik çəkirlər. Elə ki, qız və oğlanın birlikdə çıxdığını gördülər, onları izləməyə başlayırlar:

«YANINDAKI QIZA XOŞ SÖZ DESƏN, DƏRHAL ƏXLAQSIZ DAMĞASI VURUB İÇƏRİ APARACAQLAR»

«Biz qız qrup yoldaşlarımızla bu yaxınlarda kafedə oturmuşduq. Mülki geyimdəki polislər gəlib oturdular qonşu masada. Sən demə, əvvəldən izləyirmişlər. Qulaq asırdılar ki, biz nə haqda danışırıq. Qızlar qorxudan dərhal kafeni tərk etdilər. Əgər yanındakı qızla bir az mehriban davransan, ona xoş söz desən, dərhal əxlaqsız damğası vurub sizi içəri aparacaqlar. Bəzən də yolda gedərkən qızlara söz atırlar, əxlaqsız təklif edirlər ki, biz cavab verək, tutub aparsınlar içəri. Təki pul yığsınlar. Bu hal bir tələbə kimi bizə çox pis təsir edir. Naxçıvanda azad tələbə həyatımızı yaşaya bilmirik. Təsəvvür elə, qrup yoldaşının ad günüdür, sən çıxıb sərbəst gəzə, rəfiqəni yola sala bilmirsən».

Adının çəkilməsini istəməyən Naxçıvan şəhər sakini isə deyir ki, nişanlısı ilə polisə aparılan yaxın qohumu etiraz olaraq, qolunun damarlarını doğrayıb:

«QIZI ƏXLAQSIZ SÖZLƏRLƏ SÖYÜB, TƏHQİR EDİBLƏR»

«Nişanlısı ilə «Böyük bağ» deyilən parkda gəzirmişlər. Heç, əl-ələ də tutmayıblar. Polislər tutub aparıblar şöbəyə. Nişanlı olmaları haqda sənəd istəyiblər, onlar da üzüklərini göstəriblər. Bu polisləri qane etməyib. Qızı əxlaqsız sözlərlə söyüb, təhqir ediblər. Oğlanı, yəni qohumumu da göndəriblər 2 min manat tapıb gətirsin. Bu da nişanlısının təhqir olunmasına dözməyib, çıxıb şöbənin qarşısında qolunu doğrayıb. Naxçıvanda belə özbaşınalıqdır. Tutub gətirirlər, deyəndə pulum yoxdur, dərhal məsələni «həll edirlər». Oğlana təklif edirlər ki, bankdan kredit götürüb, onlara versin. Polislər banklardan biri ilə əlbirdirlər. Bu cür məsələ olanda zəng vurub deyirlər, həmin bank da dərhal kreditə pul verir».

«KİMLƏRİNSƏ UYDURMASIDIR»

Səslənən ittihamlara aydınlıq gətirmək üçün Naxçıvan Şəhər Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən AzadlıqRadiosundan olduğumuzu öyrənən kimi suallarımızı cavabsız qoydular.

Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyindən isə bu cür ittihamların cəfəngiyat olduğunu bildirdilər: «Bu heç vaxt ola bilməz. Kimlərinsə uydurmasıdır».

Naxçıvanın rəsmi mətbuat orqanlarında isə bu qadağanın mövcudluğu hiss olunmur. Əksinə, Naxçıvan Televiziyasında yayımlanan bəzi verilişlər sevgini tərənnüm edir.​

XS
SM
MD
LG