Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:54

«Araz-Naxçıvan» niyə bağlandı?


«Araz-Naxçıvan» futbol klubu
«Araz-Naxçıvan» futbol klubu

-

Gözlə

No media source currently available

0:00 0:04:14 0:00
Direct-ə keçid

Azərbaycan premyer liqasının 11-ci turunda «Qarabağ»a 4-0 hesablı məğlubiyyətindən sonra «Araz-Naxçıvan» klubu fəaliyyətini dayandırdığını bildirib. Ancaq klub rəhbərliyi bu qərarın verilməsini böyük hesablı məğlubiyyətlə əlaqələndirməyib. Klubun rəsmi saytında yayılan məlumata görə, fəaliyyətlərini dayandırmaları premyer liqa oyunlarında rastlaşdıqları hakim xətaları ilə bağlı olub. Ancaq bəyanatda hakim xətalarından danışarkən, nümunə kimi 2 və 4-cü turdakı oyunlarını göstəriblər. Bəs onda əlavə olaraq 7 tur gözləməyin mənası nə idi? Üstəlik hakim səhvlərinə görə, klub fəaliyyətini dayandırarmı?

Bəzi mətbuat orqanlarında isə bildirilir ki,premyer liqanın 11 oyunun 9-da məğlub olan klub Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qəzəbinə tuş gəlib. Hətta «Futbol +» qəzetində yazılan bir məqaləyə görə klubun məğlubiyyətləri Vasif Talıbovdan gizlədilirmiş.

AzadlıqRadiosu «Araz-Naxçıvan» klubunun mətbuat xidmətinin rəhbəri Ceyhun Məmmədovla əlaqə saxlayaraq bütün bu məsələlərə aydınlıq gətirməyə çalışıb:

- «Araz-Naxçıvan» bərpa olunduğu il yarım ərzində böyük uğura imza atmışdı. Klub debüt etdiyi 1-ci liqada lider kimi premyer liqada oynamaq hüququ qazandı. Birdən-birə necə oldu ki, klub fəaliyyətini dayandırdı?

- Bəli, klub artıq bununla bağlı Peşəkar Futbol Liqasına (PFL) da müraciət ünvanlayıb. Komanda da rəsmən fəaliyyətini dayandırıb. Futbolçular da dağılışıb, hamısı Bakıdadır. Hələlik premyer liqada da fasilədir. Bəlkə, rəhbərliklə danışıq aparıb qayıtmağı təklif edəcəklər? Mən heç nə deyə bilmərəm. Görək, qarşıdakı günlərdə nə baş verir...

- Klubun bağlanmasına səbəb nə oldu?

- Daha çox hakimlərin haqsızlığı səbəb oldu. Əsasən 2-ci və 4-cü turlarda bizə qarşı haqsızlıqlar oldu. Klub yarananda əsas məqsəd yalnız yerli futbolçulardan yararlanmaq idi. Az da olsa Azərbaycan futboluna töhfə vermək istəyirdik. Çünki, yerli futbolçulara çox vaxt qiymət verilmir, onlar qıraqda qalır. Biz onlara şərait yaratdıq. Naxçıvan 12-13 ildir böyük futboldan kənarda qalmışdı. Buna baxmayaraq biz naxçıvanlı futbolçular da tapıb, komandaya cəlb etmişdik.

- Siz hakim haqsızlığı ilə bağlı PFL-na müraciət etmişdiz?

- 4-cü turda «Sumqayıt»la oyundan sonra PFL-na şikayət etmişdik.

- Klub 11 oyunda bir dəfə qələbə qazanıb, 1 heç-heçə oynayıb və 9 oyunda məğlub olub. Bu, premyer liqada debüt edən klub üçün elə də faciə sayılmamalıdır. Rəhbərlik necə qiymətləndirir bu nəticələri?

- Çoxları elə düşünür ki, klub sonuncu yerdədir deyə, bu addımı atmışıq. Ancaq, bu belə deyil. Klub 5-ci, 3-cü, hətta, 1-ci yerdə olsaydı belə, haqsızlığa qarşı yenə bu addımı atacaqdıq.

- 1-2 oyundakı hakim haqsızlığına görə klubun liqanı tərk etməsini futbol mütəxəssisləri də birmənalı qarşılamır. Onlar hesab edir ki, bu məsələ həllini daha yumşaq şəkildə tapa bilərdi. Buna görə onlar sizin səbəblərə bir qədər şübhə ilə yanaşırlar.

- Mənim bildiyim hakim haqsızlığıdır. Sizin verdiyiniz sual rəhbərlik səviyyəsindədir. Rəhbərlik də əsasən haqsızlıq üzərində dayanıb. Buna görə klub fəaliyyətini dayandırıb.

- Hələ klub yeni bərpa olunanda rəsmi KİV-lər bu işdə muxtar respublika rəhbərliyinin, xüsusən Vasif Talıbovun rolunu xüsusi vurğulayırdılar. İndi də bəzi idman qəzetləri ard-arda böyük hesablı məğlubiyyətlərdən sonra klubun Vasif Talıbovun qəzəbinə tuş gəldiyini yazırlar. Hətta, məğlubiyyətlərin ondan gizlədildiyi haqda da məlumatlar var...

- Bu haqda heç nə deyə bilmərəm. Çünki, heç nə bilmirəm. Nə isə danışsam, yalan olar. Bu məsələni bu dərəcədə rəhbərlik səviyyəsinə qaldırmaq düzgün olmazdı. Komandanın qarşısına belə bir şərt qoyulmamışdı ki, məğlub olmayacaqsız. Bu xəbərlər əsassızdır.

XS
SM
MD
LG