Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:25

QAŞIQ OĞRUSU: Almaniyadan azərbaycanlı yazarın hekayəsi


Vüqar Dəmirbəyli
Vüqar Dəmirbəyli

-

- Almaniya adamlarımızı, xüsusən də cavanlarımızı korlayır, gedib orada alman qızlarına, onların açıq-saçıq həyat tərzinə uyurlar, əxlaqlarını itirib, Allah bilir, nə işlərlə məşğul olurlar...

Vüqar Dəmirbəyli

(Almaniya)

QAŞIQ OĞRUSU

(Hekayə)

Mən Ədnanla Almaniyanın qədim şəhəri, yaxud almanların öz ibarəsiylə desək, qədim kelt şəhəri olan Vetzlarda tanış olmuşdim.

O çox bamazə, zarafatcıl və şən bir adamdı; qısa boyu, olduqca çevik və hərəkətli vücudu vardı.

Ədnanın yaşı artıq əllini haqlamışdı, uzun müddətdən bəri Almaniyada yaşayırdı, özü də buradakı türklərdən həm davranışı, həm də həyat tərzinə görə fərqlənirdi.

O nə həmin dindar camaatın etdiyi sayaq məcidlərə, yaxud, türklərin dediyi kimi, camilərə gedər, nə də namaz qılıb oruc tutardı. Ədnan zahiri görkəmiylə də onlardan çox fərqlənərdi: o əsl bir alman kimi geyinər, hətta yay gələndə əyninə çox qısa kəsib gödəltdiyi, saçaqları sallanan, dizdən xeyli yuxarı bir cins, ya da buna oxşar bir şey də taxardı.

Bir neçə dəfə onunla bərabər gördüyüm arvadı da əsl avropalı bir xanıma bənzəyirdi: o sarı rəngə boyadılmış saçları və geydiyi paltarların o qədər də gizlətmədiyi, hər zaman mütənasib saxlamağa səy etdiyi də gözə çarpan yaraşıqlı əndamı olan bir qadın idi.

Bəziləri deyə bilər ki, bu cür insanlara elə Türkiyənin özündə də indi rast gəlmək mümkündür, xüsusən də onun böyük şəhərlərində. Burası doğrudur, amma Almaniyada belələrinə az-az rast gəlinir. Тürкlər burada əsasən sıx bir toplum halında yaşayır, bu toplumun da ki, əsas qayələrindən biri də qatı dindarlıq, islam dininin qaydalarına fanatik bir şəkildə əməl etməkdir.

Yəni ki, qürbətdə yaşayan türklər namaz qılıb oruc tutmalı, donuz əti yeməməli, mey içməməlidirlər; qadınlar isə bayırda həmişə başı örtülü gəzməlidirlər. Kişilər də öz növbəsində davranış və geyimlərində müəyyən hədləri gözləməlidirlər.

Bir dəfə məni şəhər içində görən Ədnan bir neçə gün sonra Reyn çayı sahilində yerləşən bir turist şəhərciyinə getməyə hazırlaşdığını, istədiyim halda məni də özü ilə götürə biləcəyini bildirdi. Etiraz etmədiymi eşidəndə isə ona zəng edib səyahətin vaxtını və yola düşməzdən əvvəl harada görüşə biləcəyimizi dəqiqləşdirməyimi xahiş etdi. Üç gün sonra görüşdük və onun gözəl, rahat maşınında yola çıxdıq. Məndən başqa Ədnan daha iki nəfəri də özü ilə götürmüşdü. Bunlar da əslən türk olub uzun zamandan bəri Almaniyada yaşayanlar idilər.

Bir neçə saat gedərək Reyn çayının kənarıyla uzanan şosseyə çıxdıq, bir az irəlilədikdən sonra yoldan uzaqlaşıb çaya tərəf yönəldik və gəlib sahil parkı üslubunda düzəldilmiş bir yerdə dayandıq. Ədnan maşından düşərək bizə:

- Hər halda bir az gəzişib nəfəs alsanız yaxşı olar, — deyə təklif etdi. – Çatmağımıza lap az qalıb.

Yay vaxtı idi. Sahildə dayanıb çayı seyr eləmək, onun ilıq mehindən sərinlənib, təmiz havasını udmaq hamımıza ləzzət elədi. Almaniyanın fəxri olan, almanların “atamız Reyn” dediyi bu əzəmətli çay məni bir daha valeh etdi. Həmin bu yerdə Main gəlib ona qovuşurdu və bu da çayın əzəmətini, möhtəşəmliyini daha da artırırdı. Həmin gün yenə də Reynlə üzən, müxtəlif ölkələrin bayraqlarını daşıyan sərnişin və yük gəmilərini görmək mümkün idi. Biz dayandığımız yerdən çayın üzərində br neçə böyük körpü görünürdü və bir az diqqət etdikdən sonra onlardan bəzilərinin adamların, digərlərinin isə avtomobillərin hərəkəti üçün olduğunu başa düşmək olurdu.

Bir azdan yolumuza davam etdik və gəlib çayın lap kənarında, gəminin lövbər salması üçün düzəldilmiş yerin yanında dayandıq. Bir azdan gəmi doğrudan da sahilə yan aldı. Bu əslində maşınları, adamları və onların əşyalarını bir sahildən o biri sahilə keçirmək üçün istifadə olunan kiçik bərə idi. Bərə sahilə yan alandan sonra şlaqbaum qalxdı və biz maşınla birlikdə onun göyərtəsinə qalxdıq. Hələ bərə yola düşməmiş göyərtədəki kürsülərə oturduq və yenə də çayın seyrinə daldıq.

Bir neçə dəqiqədən sonra bərə hərəkətə gəldi və yavaş-yavaş qarşı sahilə doğru üzməyə başladı. Bərəylə üzdükcə çayın nə qədər geniş olduğunu daha aydın sezməyə və hiss etməyə başladıq. Nəhayət gəlib sahilə çatdıq və, Ədnan maşınını əyləmək üçün bir yer tapandan sonra, sahmana salınmış meşəliyi xatırladan parka qalxmağa başladıq.

Qarşımıza böyük bir abidə kompleksi çıxdı; Ədnan bir az izah verməyə çalışdısa da, bunun kimə, nə zaman və nə üçün qoyulduğunu qavraya bilmədim. Biz bir az da meşəliyin içərisinə doğru irəlilədik. Bir azdan Ədnan bizə qarşıda başqa bir heykəl göstərdi – qadın heykəli.

- Bu bir fransiz fahişəsinə qoyulan heykəldir, — deyə Ədnan özündən razı halda izahat

verməyə başladı.

- Fahişəsinə niyə? — deyə mən öz növbəmdə təəccüblə soruşdum. Hər halda birinci dəfə eşidirdim ki, fahişəyə heykəl qoysunlar.

- Bu qadın o zaman bu ərazidə yerləşən alman qoşunlarının başçısı olan bir generalı öz yatağında iki gün saxlayaraq hücum planını pozmuş, üstəlik ondan bəzi mühüm məlumatları da öyrənərək Müttəfiqlərin komandanlığına verə bilmişdir.

- Bəs heykəli ona kim qoymuşdur, doğrudanmı almanlar özləri? – bu dəfə də təəccübümü və marağımı gizlədə bilməyib soruşdum.

- Yox, canım, — Ədnan yüngülcə gülümsədi və bir gözünü qıyaraq az qala qayğılı bir gör- kəmlə: — bu heykəl müharibədən sonra qoyulub və mən bildiyimə görə amerikanlar tərəfindən, — dedi.

Meşənin içərisndə bir az gəzib dolaşdıqdan sonra bələdçimiz, yəni Ədnan, indi də bizi yavaş-yavaş geriyə döndərməyə, maşını qoyub gəldiyimiz yerə doğru aparmağa başladı. Bütün bu müddət ərzində o daim qabaqda gedir, gördüyümüz, qarşımıza çıxan hər şey haqqında, özü də bundan zövq alırmış kimi, bizə məlumat verməyə çalışırdı.

Həmin gün o yenə də qısa, dizdən yuxarı, açıq yaşıl bir şalvar geyinmiş, çallaşmış, amma hələ də sıx olan, qısa vurulmuş saçlarını geriyə daramış, güzünə də eynək taxmışdı. Qarşımızda irəlilədikcə dizlərini hərbi qaydada yuxarı qaldırır, hətta nəsə o qədər də anlaşılmayan, alman hərbi marşını xatırladan bir mahnını da zümzümə edir, bununla da daha çox bir alman zabitinə bənzəyirdi. Yenidən hamımlz maşına doluşanda, şəhərciyə doğru enəcəyimizi dedi və bizi onun enişli-yoxuşlu, daş döşəməli bir küçəsinə gətirdi.

Köhnə qaydada tikilmiş, alçaq evlərin çoxusunu ya kənardan gələnləri cəlb edə biləcək mallarla dolu olan bərbəzəkli vitrinli dükanlara, ya da ki, yayın gəlməsi ilə daha çox açıq havada oturmağı arzulayan müştərilərin istəyinə uyğun olaraq qarşısında çətirli masaların düzüldüyü kafelerə çevirmişdilər. Bu kafelərin hamısı da həqiqətən turistlə dolu idi. Biz də çox az gözə dəyən boş masalardan birinə oturduq və bir azdan italyan olduğu zənn etdiyim gənc bir ofisant bizə yaxınlaşıb sifarişlərimizi qəbul etdi.

Mən həmişə olduğu tək isti havada pivə içməyin tərəfdarı kimi öz adətimdən dönmədim, Ədnan da mənə yoldaşlıq etməyə qərar verdi, qalanlardansa biri soyuq su, digəri meyvə şirəsi istədi. Ofisant bu deyilənləri tez bir zamanda gətirdi, səliqə ilə hər kəsin sifarişini qabağına qoyub getdi. Biz masamızdakı çətirin azacıq da olsa yaratdığı kölgəyə qısılmağa çalışaraq ləzzətlə gətirtdiyimiz mayedən içir, çox qısa tuman-şalvarlarда, yaxası yarıaçıq koftalarda аğ, şumal bədənlərinin bir hissəsini, yaraşıqlı və cazibədar qıçlarını isə az qala bütövlükdə nümayiş etdirən qadınları seyr edirdik.

Buz kimi sərin, inanılmaz dərəcədə şəffaf və sapsarı buğda rənği göz oxşayan pivə içdikcə canıma yayılır və məni yüngülcə xumarlandırırdıı. Ədnana diqqət edincə onun pivə parçının qulpunu əlində sıxaraq sanki nəsə bir düşüncəyə dalmış olduğunu sezdim. Bir azdan elə bil özü mənim ona diqqətlə baxdığımı hiss etdi və sözə başladı:

- Birinci dəfə Almaniyaya gələndə on yeddi yaşında idim. Əmim məni gətirmişdi. Bir dəfə əmim məni özü ilə bir dükana apardı. Burada satıcı işləyən yaraşıqlı alman qadınına məni göstərib nəsə dedi, qadın da mənə şirin, məstedici bir baxışla baxıb gülümsədi və, bütün bədənini yırğalaya-yırğalaya, çox şən bir halda əmimə nəsə dedi. Əmim də bir iftixar duyurmuş kimi mənə baxdı və bərkdən ləzzətlə güldü. Qadının ona nəsə mənim haqqımda dediyi bəlli idi. Mən utandığımdan qıpqırmızı qızarıb pörtmüşdüm və buradan mümkün qədər tez qaçmaq istəyirdim. Əmim mənim bu halımı görüb həmin qadına yenə də almanca nəsə dedi. Bu dəfə hər ikisi bərabər güldülər və əmim mənə tərəf dönüb:

- Deyir ki, sənə ərə gedəcək, — deyə mənə göz vurdu.

Eşitdiyimdən özümü daha da itirdim və bununla əmimlə satıcı qadının yenidən gülüşünə səbəb oldum. Amma buna baxmayaraq bir dəfə qadını təpədən dırnağa qədər qiymətverici bir tərzdə süzdüm: onun yaraşıqlı və cəlbedici əndamı, iri dik dayanan döşləri, ağappaq, hamar dərisi və bir az da usunsov sifəti vardı. Bundan sonra bir az çəkinə-çəkinə onun gömgöy, qonur giləsi olan gözlərinə baxdım.

Zalım qızı mənə olan marağını heç gizlətmirdi də. Hər halda gözlərində eə açıq, elə heyranlıqla dolu bir çağırış vardı ki, həyəcandan az qala ürəyim dayanacaqdı. Mən heç vaxt belə bir qadın baxışı görməmişdim və təssəvvür də eləmirdim ki, bir qadın bir kişiyə, ya o vaxt mən olduğum kimi bir gəncə belə baxa bilər.

О vaxta qədər hiss etmədiyim, məstedici və ləzzətli, ürəyimi tir-tir əsdirən və az qala əllə toxunmağın belə mümkün olduğu bir duyğu elə bil ki, getdikcə məni əhatəyə alır, olduğum məkandan ayırırdı. Birdən əmimin də burada olduğunu xatırlayıb, sanki onun da bu duyğulardan xəbər tuta biləcəyindən qorxaraq küçəyə qaçdım. Əmim də məni çox gözlətməyərək, bir azdan dükandan çıxdı və təkrar ürəkdolusu gülərək, əlini mənim çiynimə qoyub dedi:

- Bu alman qadını, öz aramszdı, sənə vuruldu, deyəsən.

Bunu deyəndən sonra kişi amma dərindən bir köks ötürdü və daha bu barədə mənimlə danışmadı.

O zaman əmim məni Almaniyaya cəmisi bir aylığa gətirmişdi və vən artıq tezliklə geriyə dönməliydim. Amma o günkü qadını görəndən sonra məndə elə əmim kimi Almaniyada qalıb yaşamaq arzusu yarandı və bu fikrimi də ona tezliklə bildirdim.

Bu qərarıma əmim gözlədiyimdən də artıq sevindi və mən onun qardaşını və yengəsini, yəni mənim ata-anamı razı sala biləcəyim halda qalan işlərə özünün əncam çəkəcəyini dedi. Əmimin ailəsi də nə zamandan bəri burada idi, amma o atamdan yaşda kiçik olduğundan və gec evləndiyindən uşaqları xırda idi. Mənim kimi, özünün dediyi tək, qanı-qanından olan həddi-buluğa çatmış bir gəncin bu qürbət eldə ona həyan olacağını düşünərək, mənim Almaniyada qalaraq yaşamaq fikrimi gündən-günə daha çox alqışlamağa başladı.

Əmim buraya o vaxtlar Türkiyədən Almaniyaya kütləvi şəkildə gətirilən işçi qüvvəsinin tərkibində gəlmişdi. Ən əvvəl gələnlərdən çoxusu bir müddətdən sonra burada qala bilməyib geri dönmüşdü.

Bundan sonra o vaxtlar işçi qüvvəsinə böyük tələbatı olan Almaniya dövləti Türkiyədən gələn, yaxud gəlmək istəyən fəhlələrə bir sıra yeni güzəştlər verəcəyini elan etmişdi. Bəzi işi yarımçıq qoyub geri dönənlərin arxasınca qazanmış olduğundan da bir az artıq pul göndərərək onları yenidən Almaniyaya dəvət etməyə başladılar. Əmim də bu dönənlərin arasındaydı və bu güzəştlər elan olunandan sonra arvadını və uşaqlarını da götürüb yenidən Almaniyaya gəldi və bu dəfə həmişəlik qaldı. Həmin güzəştlərdən biri də o idi ki, Almaniyaya fəhlə kimi gətirilənlərin ailə üzvləri istədikləri vaxt bu ölkəyə gələ və burada yaşaya bilədrdilər.

Beləcə bir gün əmim mənimlə bərabər bir idarəyə gedib guya mənim onun başqa bir qadından olan oğlu olduğumu dedi. Düzdür, əvvəlcə bizi çox get-gələ saldılar.

Buraya gələndə Türkiyədəki Almaniya səfirliyində pasportuma vurilmuş viza vərəqəsində atamın adı yazılmamışdı, familiyamız isə əmimlə eyni idi. Alman məmurları isə ancaq həmin viza vərəqəsinə baxırdılar və çoxusu bizim ata-oğul olduğumuza inandıqlarını bildirir, fəqət bəzi məsələlərin onlardan asılı olmadığını deyirdilər. Hər halda əmim onlarla uzun-uzadı almanca danışandan sonra mənə məsələni bu cür başa salırdı. Zahirən də onunla oxşarlığımız vardı, hər halda doğmaca əmim idi. Bir də ki, almanlar onsuz da biz türkləri bir-birimizdən o qədər də ayıra bilmirlər. Nə isə, kişi bu işi yoluna qoymaq üçün çox çalışdı və nəhayət ki, bir axşam yorğun, amma həm də elə bil rahatlaşmış kimi evə dönərək məsələnin çözüldüyünü dedi.

Bir az sonra əmim məni sənət məktəbinə düzəltdi. Əvvəlcə alman dilini bilmədiyimdən çox sıxılır, həm də özümü yad, soyuq bir mühitdə hiss eləyirdim. Amma yavaş-yavaş alışdım – insan nəyə görəsən alışmır axı! Həmin məktəbdə tam üç il sərasər oxudum, onu bitirəndən sonra isə bir zavodda montajçı işləməyə başladım. Sonra da əmimin ailəsindən ayrılıb başqa bir mənzil tutdum.

Neçə il Türkiyəyə getmədim. Anamla atam bir az məndən incimişdilər də, uşaqlardan böyüyü ola-ola evlənməmiş, ötən bu neçə ildə onlarla demək olar ki, əlaqə saxlamamışdım. Amma bir gün, şeytanın qıçını sılndırıb, bir müddətə vətənə getmək və yaxınlarımı ziyarət etmək fikrinə gəldim.

Mən Ədirnədən bir az aralı yerləşən, daha çox əhalisi ətrafdakı fabriklərdə işləyən fəhlələrdən ibarət olan kişik bir qəsəsbədənəm. Bizdə adamların, daha doğrusu kişilərin vaxtı əsasən qəhvəxanalarda keçər. Mən də Almaniyaya gəlməmişdən əvvəl tay-tuşlarımla daima burada oturar, boş-boşuna laqqırtı vurub vaxt keçirərdim.

Bir də qəhvəxanalarda, xüsusilə cavanlar tərəfindən, ancaq belə yerlərdə oynana biləcək oyunlar icad olunardı. Bunlardan biri də qaşığı stəkana salmaq oyunu idi. Kiçik çay qaşığını masanın kənarına qoyub altından elə vurmaq lazım idi ki, o ortaya qoyulmuş stəkanın içərisinə düşsün.

Biz cavanlar qəhvəxanaya yığışanda çay içməkdən daha çox həmin bu cür oyunlarla başımızı qatardıq. Bu zaman ya qaşıqlardan bir qismi ora-bura düşərək yoxa çıxar, ya da bəzən qaşığın zərbəsindən stəkan sınardı. Qəhvəxana sahibi əsasən də bu oyunu oynayanlara çox hirslənər, bir çох hallrada isə onu oynamaqdan vac keçməyimizi rica edərdi. Amma bu bizim heç eynimizə də olmaqzdı, yenə bir-iki stəkan çay içəndən sonra oynumuza başlayar, ta axsam düşənə qədər masa arxasından durmazdıq.

Almaniyadan geriyə dönəndə, yeniyetməlik dövründən olan dostlarımın, bir-ikisini çıxmaqla, demək olar ki, hamsını yerində tapdım və bir yerə topladım. Mənim gəlişim onların yeknəsəq və darıxdırıcı həyatında böyük bir sevincə çevrilmişdi. Yenə hər gün həmin qəhvəxanaya yıığışar, ləzzətlə keçən günlərimizi, ən çox da gülməli əhvalatları xatırlayar, ucadan gülərdik. Qəhvəxana sahibi də bir neçə dəfə yanımıza gəlmiş, mənimlə görüşüb, Almaniyada işlərimin gedişindən hal-əhval tutmuşdu.

İndi bu keçən müddət ərzində qəhvəxanada oynanan oyunlar da dəyişmiş, yeniləri icad olumuşdu, özü də stəkan-nəlbəkisiz. Mən birdən hamıya vaxtı ilə bizim oynadığımız oyunu xatırlatdım və onu bir daha oynamağı təklif etdim. Əvvəlcə könülsüz razı olsalar da, bir azdan oyun qızışdı və yenə də masanın taqqıltısı, stəkanla qaşığın cingiltisi aləmi başına götürdü. Beləcə bu minvalla br aya yaxın doğulub böyüdüyüm qəsəbədə, yaxınlarımın və dostlarımın əhatəsində oldum. Ata-anamın da könlünü almış, yaxın vaxtda evlənəyəcəyimə söz vermişdim. Artıq bir neçə gündən sonra geriyə — Almaniyaya dönməli idim. Gəlməyimdən çox razı idim; çoxdan bəri qürbət eldə yadırğadığım hərarət, istilik duymuşdum burada və o da qəlbimi xoş və ilıq hisslərin, rahatlıq, arxayınlıq və gümrahlıq təlqin edən əhval-ruhiyyənin bürüməsinə səbəb olmuşdu. Qaşıq oyunu isə bu müddətdə qızışmış, əvvəlkindən də çox dəbə minmişdi.

Bir gün oyunun şirin yerində qəhvəxanan sahibi bərk səs-küy saldı:

- Canım, bu nədir, heç belə də şey olar? Hər gün neçə-neçə qaşığım yoxa çıxmağa başlayıb. Əvvəllər heç belə şey olmazdı.

- Nə olub axı, nə olub? — deyə camaat oyunu bir an saxlayıb, ordan-burdan soruşdu.

- Nə olacaq, belə çıxır ki, gələnlərdən kimlərsə qaşıqları götürüb özləri ilə aparır. Yaxşı nə olar, indi hamınızın ciblərini töküşdərəcəm. — Sonra da yanında işləyən iki nəfərə göstəriş verdi. — Siz qapıda dayanın, bir kimsəni çıxmağa qoymayın, mən özüm hamının üstünü bir-bir yoxlayacam.

Onu nə qədər dilə tutmağa çalışıb içəridəkilərin hamısını çoxdan tanıdığını, bura qəsəbə əhlindən savayı kimsənin gəlmədiyini dedilərsə də, kişini fikrindən döndərə bilmədilər. O yaxınlaşıb hamının cibini bir-bir axtarmağa başladı. Mənsə dostlarımla bərabər bu son baş verənlərə də ürəkdən qəhqəhə çəkib, oyuna davam etməkdə idim. Nəhayət qəhvəxana sahibi bizim masayа yaxınlaşdı. Həmin gün o özü bir neçə dəfə bizə çay gətirmiş, bir az da yanımızda dayanaraq mənim Almaniya ilə bağlı söhbətlərimə qulaq asmışdı.

Bu dəfə də üzünü mənə tutub:

- Ədnan, sən Allah, bağışla, — dedi. — Sən qonaqsan, mədəni ölkədə yaşayırsan, yanında adam belə söhbətlər eləmək istəmir. Amma neynəyəsən ki, bizim qəsəbənin avam camaatından hələ də şox çey gözləmək mümkündür. Ona görə də, sənın yox, təbii — ayıb olar — amma dostlarının cibini yoxlamağa məcburam.

Dostlarım yenə pıqqıldaşıb güldülər, tək özüm kişinin mənə göstərdiyi bu hörmətdən mütəssir olduğumdan onlara qoşulmadım və bir az da ciddiləşib, hər şeyi başa düşən bir adam görkəmi alaraq, dedim:

- Nə olar, kişi, mənim də ciblərimi yoxlaya bilərsən. Mən də buradakı adamlardan biri.

Nə isə, o vaxtlar hələ gümrah olan qəhvəxana sahibi tez bir zamanda bizim uşaqların hamısının cibini araşdırandan sonra, istəməyə-istəməyə, ancaq mənim qəti təkidimdən sonra mənim də ciblərimə baxdı. Birdən ilan vurmuş kimi əlini cibimdən çıxarıb yuxarı qaldırdı və sanki gördüyünə inanmırmış kimi təəccüb, heyrət və qəzəb əks etdirən bir səslə bağırdı:

- Bu nədir, Ədnan?!! Qaşıqları aparan sənsənmiş, deməli?

Doğrusu, əvvəlcə sözün nədən getdiyini başa düşmədim, təəcüblə bu kişiyə tətəf baxanda onun əlində bir çay qaşığı tutduğunu gördüm. Mən hələ bir söz deməyə macal tapmamış, dostlarım qəhvəxana sahibi ilə mübahisə etməyə başladılar:

- Necə yəni, ola bilməz!.. Onun buradan qaşıq daşıdığınımı fikirləşirsən? Ədnanın buna ehtiyacımı var? Almaniyadan buraya onun üçünmü gəlib?

Mənim özümünsə dilim-dodağım qurumuşdu. Bu neçə gün ərzində mənə həm maraq, həm ehtiram göstərən qəsəbə sakinlərinin, qəhvəxana sahibinin, ələlxüsus da mənim gəlməyimlə üzüntülü həyatlarına azacıq da olsa sevinc nuru çilənmiş dostlarımın qarşısında nə deyəcəyimi, özümə necə haqq qazandıracağımı bilmirdim.

Qaşığı onun mənim cibimdən necə çıxarmasını hamı görmüşdü.

Bəlkə bunu qəsdən etmişdi? Qaşığı qabaqcadan köynəyinin qolunda gizlədədrək, əlini mənim cibimə salıb çıxara bilər və sonra onu yenə də gizlicə ovcuna sürüşdürüb hamıya nümayiş etdirə bilərdi. Amma bunu nəyə görə etməliydi axı? Özü də mənə qarşı? Mənimlə bu adamın nə qəsd-qərəzliyi vardı axı? Qəhvəxana sahibini hamı dürüst, hər kəslə davranmağın təhərini bilən bir şəxs kimi tanıyırdı. Məni gör neçə il görməmişdi, qısa müddətə qonaq gəldiyimi, tezliklə Almaniyaya geri qayıtmalı olduğumu da, şübhəsiz, bilirdi. Mənə özü də əvvəlcə necə ehtiram göstərirdi, heç ciblərimə baxmaq da istəmirdi, kişini az qala buna məcbur etdim. Bütün bu fikirlər ildırım sürətiylə rahatsızlaşmış beynimdən keçdi, amma mat-məhəttəl yerimdə oturmaqdan savayı yenə heç nə edə bilmədim. Utandığımdan, həyəcandan pörtüb tərləmişdim, əlimi dəsmal çıxarmaq üçün o biri cibimə salanda nəsə metal bir şeyə toxundum. Elə bunu da, ya açar, ya ayaqqabıgeyindirən olduğunu düşünüb, cibimdən çıxarmışdım ki, dəhşət içərisində əilmdə indi də başqa bir qaşıq tutduğumu gördüm. Əlimi cibimə salıb necə eşələndiyimi və oradan bu ikinci qaşığı necə çıxardığımı hamı görmüşdü. İndiyə qədər sakitcə qəhvəxanada baş verənləri seyr edən adamlar da yerbəyerdən danışmağa başladılar:

- Bəs bu ikinci qaşıq haradan çıxdı, öz-özünəmi girdi onun cibinə, əcəba, bəs bizim cibimizə niyə girmir?

- Almaniya adamlarımızı, xüsusən də cavanlarımızı korlayır, gedib orada alman qızlarına, onların açıq-saçıq həyat tərzinə uyurlar, əxlaqlarını itirib, Allah bilir, nə işlərlə məşğul olurlar.

- Hə, tamamilə razıyam, ona görə də mən oğlumun gedib orada işləməsini istəmədim.

Dostlarım da mənimlə bərabər çox pis vəziyyətə düşmüşdülər. Nə qədər istəyirdilər ki, məni müdafiə etsinlər, qaşıqların mənim cibimdən çıxmasının bir təsadüf olduğunu başqalarına başa salsınlar, getdikcə onlara qulaq asmaq istəyənlərin sayı açıq-aşkar azalırdı.

Mən yenə bir kəlmə də olsun öz xeyrimə söyləməyib, qəhvəxananı tərk etdim. Ardımca çıxıb məni sakitləşdirməyə çalışan və qəhvəxana sahibi ilə bu işi aydınlaşdırmağı təklif edən dostlarıma da heç bir məhəl qoymayıb evə qayıtdım. Uşaqlar da hamısı mənim çox dilxor olduğumu, onlarla heç nəyi müzakirə etmək istəmədiyimi görüb, nəhayət ki, məni rahat buraxdılar. Bir neçə gün də keçdi. Evdəkilərə yüngülvari soyuqladığımı deyib, iki gün, ta geriyə — Almaniyaya yola düşəcəyim günə qədər heç yerə çıxmadım.

Dostlarım bu müddətdə bir neçə dıəfə gəldilərsə də, hər dəfə bir bəhanə gətirib onlarla bir yerdə olmaqdan qaçdım. Yaxşı ki, atam daha işləməyib təqaüdçü olduğundan qəsəbə içərisinə çıxmırdı, yoxsa ki, mənim qəhvəxanadakı biabırçılığımı o da eşidib məyus olardı. Bu da mənə daha aşırı təsir edərdi. Anamsa onsuz da bütün günü evdə otururdu.

Artıq sabah tezdən Almaniyaya qayıtmalı idim. Axşamdan xeyli keçmiş, yatıb dincəlməyə hazırlaşırdım ki, birdən həyət qapısının döyüldüyünü eşitdim. Yenə də dostlarımın gəldiyini zəng edərək küçəyə çıxanda, qarşımda gözləmədiyim halda qəhvəxana sahibini gördüm. Heç ağzımı açıb onun bu vaxtsız gəlişinin səbəbini soruşmağa imkan tapmamış, kişi dedi ki, bəs sabah tezdən yola düşəcəyimi öyrənib. İndi də gəlib desin ki, mən bu qaşıq məsəsləsini yaddan çıxarım; qaşıqları o özü imkan tapıb mənim cibimə qoyubmuş.

Sonra da dedi ki, onun kürəkəni mən qəsəbəyə qələn gündən Almaniya eşqinə düşübmüş, arvad-uşağını da buraxıb ardımca yola çıxmağa hazırlaşırmış. Ümidi də oymuş kimi mən ona bu işdə kömək edəcəm. Elə bu hadisə baş verən günün axşamı mənimlə Almaniyaya iş dalınca getmək barədə söhbət eləmək istəyirmiş. Kişi qaşıq oyununu ortaya atmaqla bunun qarşısını alıb.

- Bilirsən, nədi, Ədnan, — kişii mənə dedi. — Gedirsən, Almaniyaya, get, sənə yaxşı yol. Amma o birilərini başdan çıxarıb yolundan eləmə. Sənə nə var, subay adamsan, bəlkə özünə oradan birini tapıb evlənəcəksən. Bilrsənmi, indi neçə adam burda sənin ucbatındamn külfətini qoyub Almaniyaya getmək istəyir?


Bunları eşidincə matım-mutum qurudu, kişiyə bir kəlmə söz də deyə bilmədim. Bir azdan özümə gələndə isə qəhvəxana sahibi artıq çıxıb getmişdi. Əvvəlcə istədim, gedib dostlarımı da qaldıram və onlarla bərabər qəhvəxana sahibini evindən çıxarıb qəsəbə içində rüsvay edəm, necə ki, o məni rüsvay etmişdi. Amma sonra nədənsə — bəlkə yol üstündə olduğumdan – getdikcə hirsim soyumağa başladı və bir azdan yıxılıb yatdım.

Səhər tezdən isə qəsəbə əhlindən heç kimlə görüşməyib, tək bir ata-anamla sağollaşıb evdən çıxdım. Almaniyaya qayıdandan bir az sonra evləndim, amma, valideynlərimə söz verdiyim kimi, toyu evimizdə eləmədim. Ata-anam çox qocalsalar da, hələ də dururlar, hərdənbir zəng edib hal-əhval tuturam. Amma o vaxtdan bəri bir dəfə də olsun qəsəbəyə getməmişəm.

Gün artıq axşama doğru getməyə başlayır, Ədnan da deyəsən söhbətini yavaş-yavaş tamamalayırdı. Sonra hamımız durduq və aşağıda, şossenin kənarında saxladığımız maşına minib bu gözəl şəhərciyi tərk etdik. Bir az getmişdik ki, Ədnanın tanışlarından biri soruşdu:

- O qəhvəxana sahibi hələ də dururmu?

- Düzü bir-iki dəfə sözarası atamdan soruşmuşam, deyib ki, özü də, qəhvəxanası da durur, — deyə Ədnan bir az üzünü turşutmuş cavab verdi.

Bir az da yol getmişdik ki, yenə də Ədnan ağır-ağır davam etdi:

- Hərdənbir istəyirəm ki, geriyə, qəsəbəmizə qayıdam, axır ki, bu qürbət həyatından qurtaram. Amma bilmirəm ki, bizim gəsəbə camaatına Almaniyadan indi nə danışım? O vaxt onlara bu ölkəni nə qədər tərifləmişdim. İndi bilmirəm, bizim bu qədər adamlarımızın Almaniyaya gəlməsi yaxşılığamıdır, yoxsa pisliyəmi?

Laubuseşbax, 2000

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG