Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Sabirabad təzadları: inkişafla səfalət bir yerdə olanda...


Sabirabad
Sabirabad

-

Geniş prospekt, asfalt yol, səliqəli bardürlər, dam örtüyü təzələnmiş, fasadları bəzəkli daşlarla üzlənmiş çoxmərtəbəli binalar, vitrinləri bərq vuran marketlər, oyun meydançası...

Sabirabad şəhərinə «Bakı dairəsi»ndən daxil olanda gözə görünənlər bu əyalət mərkəzi barədə adamda xoş təəssürat yaradır. Amma yaraşıqlı prospektlə azacıq irəliləmək və ətrafa ötəri nəzər salmaq bəs edir ki, iqtisadi inkişaf, əhalinin həyat səhiyyəsinin yüksəlməsi barədə təsəvvürlər alt-üst olsun...

DƏRDİ DAŞIDIĞI YÜKDƏN AĞIR OLAN QADIN

«Ay ələk alan! Ələk, xəlbir, oxlov, xəmir taxtası!..»

Şəfazər Quliyeva
Şəfazər Quliyeva

Səs gələn tərəfə boylanırıq. Yaşayış binalarının arasından çıxan bir qadın əlində və çiynində ağır «aeroport» zənbilləri olmağı az deyilmiş kimi, jurnal stolunu da qoltuğuna vuraraq gedir. Yanındakı azyaşlı uşağın da əlində taxtadan hazırlanmış əşyalar var.

Gəlin tanış olaq. Sabirabad şəhərindəki Xəqani küçəsi, 24 saylı evdə yaşayan Şəfazər Quliyeva dərdinin, daşıdığı yükdən də ağır olduğunu deyir:

-Həyat yoldaşım əsəb xəstəsidir. 5 övladımız var. Onlardan 3-ü məktəb, 2-si isə bağça yaşındadır. İllərdir ki, çörəyimiz elə bu taxta əşyaların satışından çıxır. Get-gedə ailənin ehtiyacı artır, qazanc isə azalır. Bilmirəm axırımız necə olacaq.

O, daim yollarda olur. Yazın yağışlı, yayın qızmar, payızın küləkli, qışın soyuq günlərində harada insan yaşayır, ev var, ora üz tutur. Bir gündə bəlkə yüz yerdə satlıq əşyaları çıxarıb səyyar bazar açır. Amma deyir daha evdə çörək, xəmir xörəyi bişirənlər, yuxa salanlar azaldığından mallarının az bir qismini sata bilir:

ƏLƏKDƏN, OXLOVDAN ÇIXAN ÇÖRƏK

Şəfazər Quliyeva
Şəfazər Quliyeva

-Məhsulları sexdən götürürəm. Əsasən şəhərdə satırıq. Amma aradabir Saatlının kəndlərinə də çıxırıq. Malın alış qiymətinin üzərinə cüzi əlavəm olur ki, bununla da çörək pulumuz çıxır. Məsələn, ələkdən 30-35, xəlbirdən 50-60 qəpik xeyrim olur. İndi bu mallar az işə gedir. Dünən cəmi 7 manat qazancımız olmuşdu. Bəzən bir neçə əşya sata bilirəm ki, bu da yol puluna gedir. Mallar satılsın deyə nisyə də verirəm.

-Həmin sexdə işləməyiniz və yüksək əmək haqqı almağınız mümkün deyilmi?

-Orada əsasən taxtadan qapı və pəncərə hazırlanır. Məişət əşyaları qalıq materiallardan düzəldilir. Dəzgahları işlədə bilən adamlar işə götürülüb, hamısı da kişidir. Sexdə qadın üçün uyğun iş yoxdur. Yenə sağ olsunlar ki, mənə sərbəst satışdan bir qədər aşağı qiymətə mal buraxırlar.

-Rayonda özünüzə iş axtarmısınızmı?

-Xeyr, axtarmamışam.

-Əgər axtarsanız, iş tapa bilərsiniz?

-Axtarmağın mənası yoxdur- hardadı yüksək əmək haqqı ödənilən iş yeri? Az məvacibli işlər var, özü də ayda bir dəfə haqq ödəyirlər. Məsələn, dükan yumağa ayda 15 manat təklif olunur. Bu, mənə sərf etmir. Yenə bundan gündəlik xərclərimiz çıxır- qəndimizi, çayımızı alırıq, xəstənin dərmanı, məktəbdə oxuyan uşaqların xərcliyi olur...

«QUL BAZARI»

Sabirabad şəhərində qul bazarı
Sabirabad şəhərində qul bazarı

Səhərin gözü açılan kimi şəhər avtovağzalının yaxınlığında, köhnə dəmir yolu relsləri üstündə qələbəlik olur. Bura fərdi əməklə məşğul olanların toplantı yeridir. Aralarında tək-tək ustalar var, qalan adamlar öz ifadələri ilə desək buyruq qullarıdır. Sonunculara əsasən əllə tikinti daşı daşımaq, yük boşaltmaq, ot biçmək, quyu qazmaq, beton tökmək kimi işlər təklif olunur. Məhz elə buna görə muzdla iş axtaranların toplantı yeri «Qul bazarı» adlandırılır.

Yerin adı heç də yaxşı səslənmir. Bəziləri utana-utana, sıxıla-sıxıla burada dayanır. Kameramı görən kimi iş axtaran adamlar pərən-pərən düşür. Amma aralarında bəziləri danışmağa razılıq verir.

- İnanın ki, cibimizdə heç 10 qəpiyimiz də yoxdur. Gözləyirik ki, görək kim gəlib bizi aparacaq, işlədib pul verəcək.

Sabirabad rayonunda son vaxtlar xeyli sayda iş yeri açılmağı barədə deyilənləri xatırladır və soruşuruq:

NİYƏ YENİ AÇILAN İŞ YERLƏRİNDƏ İŞLƏMƏK İSTƏMİRSİNİZ?

Sabirabad şəhərində qul bazarı
Sabirabad şəhərində qul bazarı

«Qul bazarı»nda dayananlar təəccüblə üzümüzə baxır:

-Hardadır dediyiniz o iş yerləri? Varsa, niyə bizim xəbərimiz yoxdur?!

-Bəzi yerlərdə iş var. Amma gününə 10 manat hesablayıb, adamı eşşək kimi işlədirlər. Sonra da aylarla üst-üstə yığılan haqqını almaq çətin olur. Fərdi əməyin üstün cəhəti budur ki, işin həcmi və haqqı əvvəlcədən razılaşdırılır, bir neçə saata, ya günə yerinə yetirib pulunu alırsan.

-Buradakıların əksəriyyətinin ailəsi böyükdür, evində xəstələri var. 200-300 manat əmək haqqı ehtiyacı ödəmir.

«FƏHLƏLİKLƏ QAZANDIĞIM PUL DAVA-DƏRMANA, SƏLƏMƏ GEDİR»

Ədalət Əliyev
Ədalət Əliyev

Sabirabad rayonunun Qalağayın kənd sakini Ədalət Əliyev ailə vəziyyətinin ağır olduğunu deyir:

-12 il şirə zavodunda, 3 il neft bazasında işləmişəm. İndi o müəssisələr bağlanıb, mən də gəlib dayanmışam burada. Hərbi xidmətdə olarkən oğlumun başında göbələk xəstəliyi əmələ gəlib. O, həm də əsəbdən əziyyət çəkir. İki ildir ki, bu uşağın əsir-yesiriyik. Həyat yoldaşım ödündən əməliyyat olunub. Qızım da xəstədir. Qazancımın çox hissəsi dava-dərmana gedir. Vallah heç özüm də sağlam deyiləm, müalicə olunmağıma imkan yoxdur. Neçə vaxtdır ki, özümə heç ayaqqabı da ala bilmirəm.

Ədalət Əliyev bildirir ki, ailə üzvlərinin xəstə olmağı onları torpaqdan, əkin-biçindən də ayırıb:

-Pay torpağını satmışıq, mal-qara saxlaya bilmirik. Bizə sosial yardım verilmir, xəstələrimə pensiya kəsilməyib. Bu yaxında məcbur olub bankdan kredit götürmüşəm, fəhləlik pulundan hər ay sələm də ödəyirəm...

SABİRABADDA HƏR GÜN ORTA HESABLA 3 YENİ İŞ YERİ AÇILDIĞI DEYİLİR

Sabirabad rayon statistika idarəsindən AzadlıqRadiosuna verilən məlumata görə 2014-cü ilin yanvarın 1-də rayon əhalisinin sayı 161 min 900 nəfər olub (hazırda 167 min nəfərə yaxındır). Əmək qabiliyyətli 87 min 500 nəfərdən 83 min 100-ünün (95%-inin) işlə təmin olunduğu deyilir. Məşğullardan 14 min 300 nəfər muzdla, 61 min 300 nəfər isə kənd təsərrüfatı sahəsində çalışır. Fərdi əməklə məşğul olanlar 7400 nəfərdir. Ötən il bu rayonda 475 nəfərə «işsiz» statusu verilib, cəmi 5 nəfər işsizliyə görə müavinət alıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yayılan məlumata görə, cari ilin 9 ayında rayonda 51 yeni müəssisə yaradılıb, 699-u daimi, 81-i isə müvəqqəti olmaqla 780 yeni iş yeri açılıb.

Sabirabad şəhəri Məşğulluq idarəsi
Sabirabad şəhəri Məşğulluq idarəsi

Amma bu il rayonda təşkil olunan «Əmək yarmarkası»nda cəmi 20 müəssisə iştirak edib ki, onlardan 14-ü dövlət sektorundan olub. Elə təklif edilən 264 yerin 207-si də dövlət idarə və müəssisələrindəki vakant yerlər olub.

Sabirabad Rayon İcra Hakimiyyəti yeni açıldığı deyilən müəssisələrin siyahısını təqdim etməkdən imtina etdi. Rayon Məşğulluq Mərkəzinin direktoru Cavid Cavadov isə məşğulluqla bağlı sorğumuzu cavablandırmadı.

«HÖKUMƏTİN MƏŞĞUL HESAB ETDİYİ ON MİNLƏRLƏ ADAM BU İL FƏALİYYƏTSİZ VƏ QAZANCSIZ OLUB»

Sabirabadda yaşayan hüquq müdafiəçisi Zaur Ağayev isə iddia edir ki, əhalinin məşğulluğu, rayonda yeni iş yerlərinin açılmağı ilə bağlı elan olunan rəqəmlər həqiqəti əks etdirmir:

-Ünvanlı sosial yardım almaqdan ötrü adamlar fərdi sahibkar kimi vergi orqanında uçota dayanır, məcburi sosial sığorta haqqı ödəyir. Guya onlar bərbər, dərzi, satıcı, rəngsaz, ya fəhlə işləyir. Beləcə düşürlər hökumətin «işlə təmin olunmuşlar» statistikasına.

Kənd yerində yaşayan və pay torpağı alanların hamısı ucdantutma məşğul hesab edilir. Bu il Aran bölgəsində quraqlıq olub, içməli su olmadığına görə fermerlər məhsul yetişdirə bilməyib. Belə çıxır ki, hökumətin məşğul hesab etdiyi on minlərlə adam fəaliyyətsiz və qazancsız qalıb, hətta ziyana düşüb.

Zaur Ağayev əhalinin məşğulluğunun təmin olunması üçün hökumətə təkliflər də verir:

-Vaxtilə Sabirabaddakı zavod və fabriklərdə 10 min nəfərədək adam işləyib. 15 ildir ki, bu müəssisələr dayanıb. Əgər hökumət doğrudan da əhalini işlə təmin etmək istəyirsə, onları işə salsın. Güzəştli şərtlərlə verilən krediti hər kəsin almaq imkanı olsun. Kənd təsərrüfatında ciddi islahatlar aparılmasına ehtiyac var...

XS
SM
MD
LG