Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:14

Belçikalılar Azərbaycan muğamı haqqında film çəkirlər


Azərbaycan muğam qrupu
Azərbaycan muğam qrupu
Sədrin istefa verməsi Ukrayna Azərbaycanlılar konqresindəki qalmaqalı aradan qaldıracaqmı?

Ukrayna Azərbaycanlılar Konqresinin sədri Oqtay Əfəndiyev oktyabrın 3-də istefa verdi. Artıq bir neçə aydır ki, Konqresdə fikir ayrılığı yaranıb və aprel ayında Konqresin bir neçə regional şöbəsi Akif Gülməmmədovu Konqresin sədri seçiblər. Oqtay Əfəndiyevin gedişi bu narazılıqları aradan qaldıracaqmı? Ukrayna Azərbaycanlılar Konqresinin İcra Komitəsinin rəhbəri Fail Abidov deyir ki, Oqtay Əfəndiyev diasporanın bütövlüyünü saxlamaq üçün belə qərar verib: «Konqresin sədri vəzifəsi boşdur. İndi konfrans keçirilməli və təzə sədr seçilməlidir». Fail Abidov Oqtay Əfəndiyevin getməsindən sonra konqresdəki narazılıqların aradan qaldırılacağına inanır.


Oqtay Əfəndiyevdən narazı olanlardan biri Konqresin Dnepropetrovsk regional təşkilatının sədr müavini Nadir Zeynalzadə isə hesab edir ki, Konqresdə heç bir fikir ayrılığı yoxdur: «Aprel ayında 21 regional təşkilat Oqtay Əfəndiyevə etimadsızlıq göstərib və sədr kimi Akif Gülməmmədovu seçiblər».


Yaponiyada «Azərbaycan mədəniyyəti» adlı tədbir keçirilib


Sentyabrın 30-da Yaponiyanın Osaka şəhərində Azərbaycanla bağlı növbəti seminar keçirildi. Azərbaycan mədəniyyətinə həsr olunan bu tədbiri Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti «Qafqaz-Xəzər Salonu» layihəsi çərçivəsində təşkil edib. Bu, Azərbaycanı Yaponiyada təbliğat-tanıtma silsilə proqramının sayca üçüncü seminarı idi. Və cəmiyyət «Qafqaz salonu» proqramı çərçivəsində bu il altı tədbir keçirməyi nəzərdə tutub. Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin sədri Rəhman Şahhüseynlinin sözlərinə görə, tədbirin təşkilatçıları Yaponiyada təhsil alan azərbaycanlılardı: «Onlar yapon mədəniyyəti ilə müqayisəli şəkildə Azərbaycan mədəniyyətini iştirakçılara çatdırmağa çalışdılar». Rəhman Şahhüseynli onu da deyib ki, «Qafqaz salonu» çərçivəsində növbəti tədbir noyabrın 25-də keçiriləcək.


Belçikalılar Azərbaycan muğamı haqqında film çəkirlər


Belçikanın «Michel De Wouters Productions» şirkəti Azərbaycan Professional Kinorejissorlar Gildiyası ilə birlikdə Azərbaycan muğamı haqqında film çəkib. Bunun üçün rejissorlar Valere le Dourner və Xristian Delville sentyabrda Bakıda olublar. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının direktoru Hüseyn Mehdiyev deyir ki, kinorejissorlar qildiyası muğamın ekranlaşdırılması layihəsi çərçivəsində ilin əvvəlində beynəlxalq müsabiqə elan edib. Müsabiqədə qalib gələnlər arasında Belçikanın «Michel De Wouters Productions» şirkəti olub. Layihəyə UNESKO və SOROS təşkilatları da dəstək veriblər. Cənab Mehdiyevə görə, film ilin sonunadək hazır olmalıydı, amma «çox güman ki, film planlaşdırıldığından daha geniş olacaq, bu da daha çox vaxt aparacaq».


Kanadada Azərbaycan məktəbi açılıb


Bu günlərdə Kanadanın Toronto şəhərində Azərbaycan məktəbi açıldı. Kanada Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Əkbər Məcidov deyir ki, məktəb Kanadadakı azərbaycanlıların uşaqlarının Azərbaycan dilini, tarixini, mədəniyyətini və ədəbiyyatını unutmamaları üçün açılıb. Kanadaya köçən azərbaycanlılar arasında Azərbaycan dili müəllimləri də var. Onlar da həmin məktəbdə azərbaycanlı uşaqlar üçün dərs deyəcəklər.


Hollandiyada türklərə və azərbaycanlılara münasibət pisləşib


Seymur Hüseynov Hollandiyada yaşayır. O, beş il əvvəl siyasi səbəblərə görə Azərbaycanı tərk edib və Hollandiya hökumətindən siyasi sığınacaq alıb, indi Naymenxen şəhərində yaşayır. Semur Hüseynov bildirir ki, Hollandiyada türklərə və azərbaycanlılara münasibət pisləşib. Buna baxmayaraq azərbaycanlılar az da olsa gəlirlər. Çoxları onları aldadan firmalar vasitəsilə Hollandiyaya gəlib-çıxırlar: «Azərbaycanda özəl turist firmaları var. Həmin firmalar bu adamlara evlərini satdırır, pullarını əllərindən alırlar, evlə, işlə təmin olunacaqlarını vəd edirlər. Həmin adamlar Hollandiyaya gələndə, görürlər ki, heç nə yoxdur».


ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG