Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:09

Başıaçıq qızların üzünü turşuyla yandıranlar kimdir?


Iran -- Protesters gather in front of Isfahan Department of Justice building to express support for victims who were acid attacked, Isfehan, 22Oct2014
Iran -- Protesters gather in front of Isfahan Department of Justice building to express support for victims who were acid attacked, Isfehan, 22Oct2014

-

Soheila Jowrkesh anasının telefon zənginıə cavab vermək üçün maşınını saxlayanda hücuma məruz qalıb.

Onun atası Nasser Jowrkesh BBC-nin Fars xidmətinə deyib ki, motosikletlə yandan ötən iki kişi maşının açıq pəncərəsindən maye turşunu qızın üzünə atıblar. Bu hücum nəticəsində onun sağ gözü tamamilə kor olub, sol gözü xəsarət alıb, alnı, əlləri və ayaqları yanıb.

27 yaşlı tələbə çox güman ki, kifayət qədər hicablanmadığı üçün Mərkəzi İranda yerləşən İsfahan şəhərində turşu hücumlarına tuş gələn onlarca qurbandan birinə çevrilib.

Bir neçə hücum qurbanı və onların qohumları ilə danışan yarımrəsmi İSNA xəbər agentliyinin məlumatlarından görünür ki, qurbanların üzərinə hücumlar eynilə Jowrkesh-ə edilmiş basqına bənzəyir.

Məryəm bir az hava almaq üçün maşınının pəncərəsini endirərkən hədəflənib.

O deyib ki, motosikletdəki kişilər onun üzünə və bədəninə iki litrədək turşu səpiblər. O gözünün buynuz qişasını itirib və bədənindən çoxsaylı yanıq xəsarətləri alıb.

“Mən hələ də sarsıntıdan özümə gələ bilməmişəm ki, bunu kimsə başqa birisinə qarşı edə bilər – deyib qadın – Bunu edən də insandırmı?”

Polis bildirib ki, 4 qadın belə hücumlara məruz qalıb, lakin sosial mediadakı postlardan görünür ki, qurbanların sayı 10-dan artıqdır.

ZORAKILIĞIN SƏBƏBİ?

Bir çoxları bu basqınlara hicaba riayəti gücləndirməyə çağıran mühafizəkarların təhriklərini səbəb göstərirlər. 1979-cu ildən bəri İranda icbari sayılan geyim məcəlləsi qadınlardan başlarının örtülməsini, sadə və gen paltarlar geyinilməsini tələb edir.

Son illərdə İran qadınları saçlarının al-əlvan baş yaylıqlarının altından görünməsinə imkan yaratmaqla, dar paltarlar geyinmək və kosmetikadan istifadə etməklə sərbəstliklərinin sərhədini bir azca genəldiblər. Bu isə mühafizəklarların qəzəblənməsinə və tədbir görülməsi üçün hökumətə müraciətlər etməsinə səbəb olub.

Parlamentdəki millət vəkilləri hicaba və İslam normalarına riayəti gücləndirmələri üçün hökumət könüllülərinə və ya bəsiclərə müəyyən hüquqi səlahiyyətlərin verilıməsini təklif ediblər.

Əslən İsfahandan olan bir tehranlı qadın deyir ki, hücumlar xüsusən də gənc qadınlar arasında xofun yayılmasına səbəb olub.

“Mühafizəkarlar qadınlara qarşı nifrət yayırlar və buna görə də çoxlarının fikrincə, bu hücumların arxasında da onlar dayanırlar” – deyib qadın.

Daxili işlər nazirinin müavini Morteza Mirbagheri-nin dediyinə görə, bu hücumlarla əlaqədar dörd şübhəli həbs edilib.

“Hazırda İsfahandakı asayişdən heç bir narahatlıq yoxdur və turşu hücumları ilə bağlı ən ciddi tədbirlər görülüb” – deyib rəsmi.

RƏSMİLƏR HİCAB İTTİHAMINI QƏBUL ETMİR

Lakin Ədliyyə sözçüsü Mohseni Ejei həbslərin edildiyini və hücumların qadınların kifayət qədər hicablanmadığına görə baş verdiyini şübhə altına alıb.

“Hücuma məruz qalan qadınlar heç də pis hicablanmamışdılar və bu barədə internet saytlarında yayılan xəbərlər təsdiqini tapmayıb” – deyib Ejei.

O bildirib ki, cinayəti törədənlər sərt cəzalandırılacaqlar.

İsfahan cümə namazının imamı Seyed Yousef Tabatabayinejad bu hücumların İslama qarşı olduğunu elan edib. O həmçnin bildirib ki, hücumları müəyyən “qrup” və “fərdlər”lə bağlamaq olmaz.

Belə bəyanatlara baxmayaraq, bir çoxları polisin fəaliyyətsizliyindən və siyasi iradəsizliyindən hiddətlidirlər.

“Bir neçə gənc “Happy” adlı videonu Youtube-da yerləşdirəndə polis döşünə döyürdü ki, şuluq salanları bir neçə saatın içində həbs edib – yazır bir tehranlı, Facebook səhifəsində, - Bəs indi qadınlara hücumlar ediləndə polis hardadır?”

Şirazdan olan bir qadın AzadlıqRadiosuna deyib ki, hücumların arxasında mühafizəkarların qadınları ictimai həyatdan təcrid etmək istəyi dayanır.

“Bütün bunları edənlər hökumət könüllüsü bəsiclərdir – deyib qadın, - Onlar xof yaradıb qadınları evlərində saxlamağa çalışırlar. Bu işi törədənləri tapmaq o qədər də çətin deyil”.

Bundan əvvəl İranda qadınlara qarşı kimyəvi turşu hücumlarının adətən onların kişi qohumları və ya rədd etdikləri kişilər tərəfindən törədildiyi xəbər verilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG