Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş yanğınlarla bağlı ölkəyə gələn ATƏT-in missiyası oktyabrın 5-də Ermənistanla təmas xətti boyunca monitorinqə başlayıb. Missiyanın rəhbəri Bernand Snoyun bildirdiyinə görə, monitorinq zamanı yanğınların səbəbləri araşdırılacaq, gələcəkdə bunun qarşısının alınması üçün tövsiyələr hazırlanacaq. Cənab Snoy bildirir ki, 10 gün çəkəcək monitorinq müddətində Ermənistanın müvafiq qurumlarının rəhbərləriylə də görüşüb müzakirələr aparacaqlar.
Yanğınların baş vermə səbəblərini araşdırmaq üçün BMT-nin Ətraf Mühit Proqramının, Avropa Şurası və Avropa Birliyinin də mütəxəssislərinin monitorinq qrupuna qoşulduğunu söyləyən Bernand Snoyun sözlərinə görə, əldə edilən butun dəlilər diqqətlə analiz ediləcək.
Monitorinqin marşrutunu isə Azərbaycan tərəfi hazırlayıb.
Sentyabrın 8-də BMT Baş Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş yanğınlarla bağlı qətnamə qəbul edib. Bir müddət əvvəl isə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik yanğın baş verən ərazilərdə monitorinq aparmışdı. Azərbaycan rəsmiləri yanğınların Ermənistan tərəfindən törədildiyini, onlar isə bunun təbii səbəblərdən baş verdiyini söyləyir.