Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:04

«İcra başçısı alveri»ndə hədiyyə qalmaqalı araşdırılacaqmı?


Arxiv foto
Arxiv foto

-
“MÜSAVATDAN GEDƏN HƏR KƏSƏ GÖRƏ TƏƏSSÜF HİSSİ KEÇİRİRƏM”

Müsavat Partiyasının başqanı ​Arif Hacılı son günlər partiyada müşahidə olunan istefalar və digər məsələlərlə bağlı “Yeni Müsavat” qəzetinin suallarını cavablandırıb. Hacılı deyib ki, partiyadan çıxan hər kəsə görə təəssüf hissi keçirirəm.

​“Mən daim Müsavat Partiyasının qərargahındayam, partiya üzvləri ilə həmişə olduğu kimi, yenə də ünsiyyətə açığam. Bir çox partiya üzvləri ilə gündəlik təmasda olaraq onlarla bir çox məsələləri müzakirə edirik. Partiyadan istefa vermiş gənclərin də bəziləri ilə bu günlər ərzində birbaşa söhbətlərimiz, müzakirələrimiz olub. Ancaq bir daha deyirəm ki, hər kəs öz qərarını qəbul etməkdə müstəqildir və bəzi partiya üzvləri belə qərar qəbul ediblər. Onların qəbul etdikləri qərara görə bir daha təəssüfləndiyimi bildirirəm”.

“MİLYONLUQ QALMAQALDA” “HƏDİYYƏ MƏSƏLƏSİ” ARAŞDIRILACAQMI?

“Azadlıq”: “İcra başçısı alveri”ndə Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakim Həsən Əliyev tərəfindən aldadıldığını bildirən Ramazan Səlimov bir çox məmura bahalı hədiyyələr verib. Ramazan Səlimov bu barədə istintaqa ifadəsində bildirib. Hədiyyələr vəzifə təyinatı ilə bağlı verilib. Ramazan Səlimov ifadəsində həmin məmurların adlarını da çəkib. Ramazan Səlimovun sözlərinə​görə, Siyəzənin icra başçısı Arif Qasımova 600 manatlıq içki, Qobustanın icra başçısına Adil Məmmədova 900 manata saat, Bakı sukanal idarəsinin rəisi Habil Quliyevə 1100 manata nərdtaxta, Birləşmiş sukanal idarəsinin rəisi Etibar məmmədova 1350 manata qızıl saat, “Azərsu”nun sədr müavini Teyyub Cabbarova 320 manata dəri çanta və 80 manata qələm dəsti, “Azəriqaz”ın sədr müavini Zahid Səfərova 380 manata ətir, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova 1700 manata qızıl fiqur hədiyyə edib. Ramazan Səlimov bildirir ki, başqa məmurlarla da görüşüb və üst-üstə hədiyyələrə 34 min manat pul verib”.

Qəzet yazır ki, göründüyü kimi Ramazan Səlimovun məmurlara aldığı hədiyyələrin məbləği qanunda göstərilən məbləğdən dəfələrlə çoxdur və əslində bu, rüşvətdir. Amma nədənsə Baş Prokurorluq bununla bağlı hansısa araşdırma aparmağa həvəs göstərmir.

“AZƏRBAYCANDA POSTNEFT DÖVRÜ 2-3 İLDIR BAŞLAYIB”

“Meydan TV”: Hökumət 2015-ci ilin büdcəsini Milli Məclisə təqdim edib. Ötən həftə prezident Nazirlər Kabinetinin müşavirəsi keçirəndə neftin qiymətinə xüsusi diqqət yönəldəndə, müzakirələrin maraq doğuracağı sezilirdi. Əsasən də büdcədə neftin qiymətinin 90 dollardan götürülməsi. Amma oktyabrın 14-nə olan məlumata görə neftin qiyməti 83 dollar civarındadır. İqtisadçı Rövşən Ağayevlə söhbətimizdə təqdim olunan büdcə layihəsinin doğurduğu suallara cavab almağa çalışdıq.

-Rövşən bəy, büdcədə neftin qiymətinin 90 dollardan götürülməsini yanlış hesab etmisiniz, səbəb nədən ibarətdir?

- Çünki neftin göstərilən qiymətdən daha aşağı düşəcəyi ilə bağlı Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Energetika Agentliyi kimi qurumlar açıqlama yayaraq neftin tələbatının azalacağını, xüsusən də neft iqtisadiyyatında təhlillərə əsaslanan böhran gözləntilərini ifadə ediblər.

İqtisadçı Rövşən Ağayev
İqtisadçı Rövşən Ağayev

Ciddi iqtisadi institutlar Avropa iqtisadiyyatındakı meylləri nəzərə alaraq neftə tələbatın azala biləcəyini gözləyirlər. İkinci gözlənti odur ki, ABŞ özünün enerji müstəqilliyini təmin etmək üçün ciddi addımlar atır. Faktiki neft və qazın idxalını tam dayandırıb, 1971-ci ildə Amerika ən yüksək neft hasilatına nail olmuşdu, bu gün həm ehtiyatları dövriyyəyə buraxır, həm şist qaz-neftinin son 2 ildə hasilatının artması və maya dəyərinin düşməsi bu ölkənin dünya xammal bazarına kəskin ekspansiyasını yaradıb. Bütün bunlarla bərabər geopolitik amili də nəzərə alanda dediyim təsdiqlənir.

​Amerikanın Rusiyaya qarşı neft amilindən istifadə etməyi, əsasən də ötən əsrin 80-ci illərinin ortalarında bu addımı faktiki atmışdı. SSRİ-nin çöküşünün sürətlənməsində neftin qiymətinin 80-ci illərin ortalarından 90-cı illərə qədər kəskin düşməsi rol oynayıb. Bütün bu gözləntiləri və təhlilləri nəzərə alanda neftin gələn ilki qiymətinin 80 dollar civarında olması mümkündür. Hətta OPEK-in ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanınında da hökumət səviyyəsində açıqlamalar verirlər ki, bu ölkə 80 dollarlıq səviyyədə qiymətə hazırdır. Bu baxımdan mən Azərbaycan hökumətinin daha konservativ yanaşmasını gözləyirdim. Bilirsiniz, büdcənin deyilən şəkildə qurulması o deməkdir ki, hökumət büdcəni icra etməlidir. Artıq gələn il Neft Fondunun büdcəsində 3 milyard manat yarıma yaxın kəsir gözlənilir.

İPOTEKA FONDUNUN 20 MİLYON MANATI KÖÇÜRÜLMƏYİB

“Bizim Yol”: 2015-cü ilin dövlət büdcəsindən sosial ipoteka kreditləri üçün İpoteka Fonduna 50 milyon manat ayrılması proqnozlaşdırılır. Bu da 2014-cü illə müqayisədə 10 milyon manat və ya 25 faiz çoxdur... Yeri gəlmişkən, bu il büdcədən ayrılan ipoteka kreditlərinin banklara köçürülməsi müvəqqəti dayandırılıb.

2015-cü il sosial ipoteka kreditləri üçün 50 milyon manat ayrılması proqnozlaşdırılır
2015-cü il sosial ipoteka kreditləri üçün 50 milyon manat ayrılması proqnozlaşdırılır

Hər il iyul ayına kimi Fond tərəfindən bütün köçürmələr həyata keçirilsə də, bu il gecikmələr baş verir. Artıq oktyabr ayının ortaları olmasına baxmayaraq, 40 milyon vəsaitin 20 milyonu ayrılıb. Ehtimallardan biri odur ki, cari ilin büdcə kəsirini örtmək üçün hökumət bu istiqamətdə olan xərcləri ixtisara sala bilər. Belə olan halda, gələn ilin dövlət büdcəsi daha riskli hesab olunur. O zaman 50 milyon manatlıq vəsaitin tam istifadə olunacağı sual doğurur.

İqtisadçı-ekspert Samir Əliyev «Bizim Yol»a açıqlamasında ipoteka məbləğinin artımını müsbət dəyərləndirdi: «Bu ilki vəsait hələ ki, tam icra olunmayıb. 40 milyon manatın 20 milyonu ayrılıb. Statistikaya əsasən deyə bilərik ki, cari ildə 1791 nəfər kredit götürüb. Kreditlərin ümumi həcmi təxminən 95 milyon manat olub. İndi büdcədən vəsaitin həcminin 50 milyona çatdırılması müsbət haldır, ancaq əhəmiyyətli deyil. Çünki cəmisi 10 milyon artım var. Təcrübə göstərir ki, il ərzində 2000-2500 nəfər ipotekadan yararlanır. Bu isə tələbatın cüzi bir hissəsidir».

XS
SM
MD
LG