Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:21

Veteranın torpaq tələbi


Arxiv fotosu
Arxiv fotosu

Sumqayıt şəhər sakini, Qarabağ müharibəsi veteranı Mübariz Ağaməmmədov AzadlıqRadiosunun “Qaynar xətt”inə Sumqayıt şəhər İcra Hakimiyyətindən və şəhər bələdiyyəsindən gileylidir.

Deyir, 1994-cü ildə şəhər icra hakimiyyəti Qarabağ Veteranları Birliyinə şəhərdəki 1 saylı çörək zavoduna yaxın ərazidə 100 m2 sahəsi olan torpaq sahəsi ayırıb. Birliyin İdarə Heyəti və Sədrlər Şurasının razılığına əsasən, Sumqayıt şəhər İH başçısı Eldar Əzizova həmin torpaq sahəsinin mənim adıma sənədləşdirilməsi üçün məktub göndərilib. Ancaq məsələ uzanır. Səbəbini veteran özü də bilmir:

GÖSTƏRİŞ VERİLDİ Kİ, MƏSƏLƏ HƏLLİNİ TAPSIN, AMMA...

“Dəfələrlə başçıya müraciət etməyimə baxmayaraq həmin torpaq sahəsini adıma sənədləşdirmirlər. Qəbuluna yazılıram, qəbul etmir”.

Veteranın problemi ilə bağlı uzun yazışmalardan sonra başçı Memarlıq İdarəsinə göstəriş verib ki, məsələ həllini tapsın. Amma çifayda:

“Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, dəfələrlə şikayət ərizəsi yazdım. Prezident Administrasiyasında Zeynal Nağdəliyevin qəbulunda oldum. Dedi, tapşırıq verərik, başçı problemi yoluna qoyar. Ancaq bu tapşırıqların da nəticəsi olmadı”.

Veteranın sözlərinə görə, müharibədəki səngər həyatı sonradan səhhətində izlər buraxıb. Uzun müddətdir xroniki böyrək xəstəliyi ilə “döyüşür”:

“Bir böyrəyim funksiyasını itirmək üzrədir. İmkansızlıqdan müalicə oluna bilmirəm. Maddi vəziyyətimlə əlaqədar üz tutacaq kimsəm yoxdur. İşsizəm, 2 övladım və ailəmlə valideyn himayəsində yaşayıram. Həmin torpaq sahəsini sənədləşdirə bilsəm, maddi vəziyyətimi yoluna qoymağa xeyli kömək etmiş olar. Mən 3 il Qarabağ döyüşlərində olmuşam. O zaman ağlıma da gətirmirdim ki, nə vaxtsa məmurların laqeyd münasibəti ilə qarşılaşacam".

BƏLƏDİYYƏ NƏ DEYİR...

Prezident Administrasiyası veteranın ərizəsini Sumqayıt Şəhər İcra Hakimiyyətinə yollayıb ki, torpaq məsələsinə baxılsın. İcra başçısı da ərizəni Şəhər Memarlıq İdarəsinə göndərib. Mübariz Ağaməmmədov ərizəsinin cavabı üçün həmin idarəyə gedəndə ona bildiriblər ki, ərizə Sumqayıt şəhər bələdiyyəsinə göndərilib.

Sumqayıt Şəhər Bələdiyyəsi isə deyir, bələdiyyənin torpaq fondunda sərbəst torpaq sahələri olmadığından veteranın müraciətinin müsbət həlli mümkün deyil.

Ancaq veteran razılaşmır. Deyir, Sumqayıt Şəhər Qarabağ Veteranları Birliyinə ayrılmış torpaq sahəsi tam sərbəstdir. O, iddia edir ki, bələdiyyə və icra hakimiyyəti veteranlara verilməli olan həmin torpaq sahələrini satmaq istəyir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti veteranın ittihamlarına cavab verməyib.

XS
SM
MD
LG