Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:24

Qaradağda bir qrup iş adamı "Bakıelektrikşəbəkə"dən şikayətçidir


Arxiv fotosu
Arxiv fotosu

Qaradağ rayonundan olan bir qrup sahibkar AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət yollayıb.

Yazırlar ki, şikayətləri Qaradağ rayonu ərazisində daş karxanasında mişar daşının istehsalı ilə məşğul olan onlarla sahibkar obyektlərinə əlavə enerji sərfiyyatının yazılmasındandır.

"ƏLAVƏ BORCLARLA YÜKLƏNMİŞİK"

Demələrinə görə, b qanunvericiliklə müəyyən olunan qaydada müraciət edərək müəssisələrini sayğacla təmin ediblər. Elektrik sayğaclarına uyğun olaraq sərf edilən enerji haqqı vaxtlı-vaxtında ödənilsə də bir müddətdir ki, daş karxanalarının işi iflic vəziyyətə düşüb. Səbəb isə “Bakıelektrikşəbəkə” ASC-nin bir neçə əməkdaşının qanunsuz hərəkətləridir.

Sahibkarlar yazır:

“Narazılıq “Bakıelektrikşəbəkə”nin Ruslan və Canəhməd adlı işçilərdəndir. Onlar müəssisələrə işlədilən elektrik enerjisindən qat-qat artıq, şişirdilmiş sərfiyat çekləri yazırlar. Hər ay sayğaca baxış keçirilir və sayğacın ilk və son göstəricisi arasındakı fərq elektrik enerjisindən sərfiyyat kimi yazılır. Buna görə heç bir iradımız yoxdur. Nə işlədiriksə, onun da ödənişini etməyə hazırıq, lakin Ruslan hər dəfə hesab-faktura gətirəndə əlavə olaraq bizim müəssisələrə 1500-2000 manatlıq əlavə sərfiyyat yazır. Biz isə bununla razılaşmırıq və səbəbini soruşduqda deyir, “mənlik deyil, rəhbərlik belə göstəriş verib, gedib kimə istəyirsiniz şikayət edin” cümləsi ilə rastlaşırıq”.

SAYĞACI OLMAYANLAR DA VAR

Sahibkarlar yazırlar ki, ərazidə, elektrik sayğacı olmayan elektrik istifadəçiləri də var. Ancaq nədənsə onlara “gözün üstə qaşın var” deyən yoxdur:

“Elektrik enerjisinin qiymətləri “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Biz də tarifə uyğun olaraq öz ödənişimizi etmək istəyirik. Kiminsə cibinə gedən qanunsuz çirkli pullara vasitə olmaq fikrində deyilik. Qanuna görə, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunan elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən qaydalara uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi bütün bu deyilənlər birbaşa və dolayısı ilə korrupsiyaya şərait yaradan hallardır”.

Şikayətçi olan sahibkarlar - “ENSO” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Natiq Eyniyev, “NFT” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Kamal Abbasov, “Karvansaray” Məhdud Məsuliyyətli Cəmiyyətinın rəhbəri, sahibkar Ədalət Eyvazov, sahibkar Anar Həsənli və sahibkar İlqar Quliyev hesab edir ki, bütün bunlar araşdırılmalı və tədbir görülməlidir. Onlar əlavə ödənişlərlə yüklənmələrini sahibkarlıq fəaliyyətlərinə əngəl kimi qiymətləndirirlər.

"BAKIELEKTRİKŞƏBƏKƏ" MÜNASİBƏT BİLDİRİB

Sahibkarlar “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyinə, prezident İlham Əliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Sənaye və Energetika nazirinə də müraciət ediblər.

“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələyə münasibət bildirərkən deyib ki, borclu abonentlərə bildirişlər göndərilib. Borcunu ödəməyənlərin ünvanlarına elektrik verilişi dayandırılıb. Sahibkarların müraciətləri araşdırılacaq. Əgər iş prosesində ASC işçiləri hər hansı nöqsana yol veriblərsə, o da araşdırılacaq.

XS
SM
MD
LG