Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:21

Praqada Azərbaycan gecəsi


Tünzalə Ağayevanın Praqada konserti, 22 sentyabr 2006
Tünzalə Ağayevanın Praqada konserti, 22 sentyabr 2006
Sentyabrın 22-də Praqada Azərbaycan gecəsi keçirilib. Gecədə Azərbaycanın mədəniyyət xadimləri iştirak ediblər. Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva Praqada Azərbaycan gecəsində və sentyabrın 23-də Usti nad Labem şəhərində keçirilən «Barevna Planeta» beynəlxalq musiqi festivalında konsertlə çıxış etdi. Azərbaycan gecəsini təşkilatçısı Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov deyir ki, bundan əvvəl də Çexiyada Azərbaycanla bağlı tədbirlər keçirilib, amma budəfəki gecə proqramın genişliyi və çox adamın iştirak edilməsiylə fərqlənirdi. Elşən Nəzərovun sözlərinə görə, son vaxtlaradək Çexiyada Azərbaycan haqqında çox az bilgilər var idi və Azərbaycanı əsasən neftinə və Qarabağ münaqişəsinə görə tanıyırdılar. Azər-Çex Cəmiyyətinin məqsədi Çexiyada Azərbaycanı mədəniyyət vasitəsilə tanıtdırmaqdır.

Londonda ilk Azərbaycan qəzeti


Bu günlərdə Londonda ilk Azərbaycan qəzeti-«Araz» qəzeti işıq üzü gördü. Qəzetin əməkdaşlarından biri Londonda təhsil alan Xəyyam Quliyev deyir ki, qəzet səhifələrində Avropada yaşayan azərbaycanlılar, onların həyat tərzi haqqında materiallar yer alacaq. Qəzet indi ayda bir dəfə 5 min tirajla çıxır, amma gələcəkdə bunun ayda iki dəfə nəşr edilməsi planlaşdırılır.


Azərbaycan-Amerika Gənclər Forumu keçiriləcək


Oktyabrın 21-də Los-Ancelesdə ilk Azərbaycan-Amerika Gənclər Forumu keçiriləcək. Forumu Kaliforniyadakı Azərbaycan-Amerika Şurası təşkil edir. Tədbirin keçirilməsinə həm də Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğu, Amerika-Azərbaycan Ticarət Palatası və Amerika-Azərbaycan Cəmiyyəti dəstək verir. Kaliforniyadakı Azərbaycan-Amerika Şurasının sədri Cavid Hüseynov deyir ki, forumun məqsədi Amerikada yaşayan Azərbaycan gənclərini bir araya gətirmək və onlar arasında bir şəbəkə yaratmaqdır.


Belçika operasının azərbaycanlı müğənnisi


Budəfəki «Qlobus»un daha bir qonağı Belçikadan opera müğənnisi Cəmilə Babayeva olub. Cəmilə xanım Bakıda Konservatoriyanı bitirib, bir müddət Bakı Dövlət Opera Teatrında çalışıb. «Reyn Elizabet» beynəlxalq müsabiqədə iştirak etdikdən sonra Belçikaya işləməyə dəvət alıb. Artıq 10 ildir ki, Brüsselin Kral Operasında çalışır. Deyir ki, Azərbaycanda verilən musiqi təhsili Azərbaycan musiqiçilərinə beynəlxalq müsabiqələrdə qalib gəlməyə imkan verir. Buna görə də Cəmilə xanım Bakıdakı müəllimlərinə minnətdardır. Cəmilə Babayeva onu da deyir ki, hazırda Avropada musiqiçilər çoxdur, buna görə də onlara olan tələblər də artır.


Azərbaycanlı öz dilini təzə öyrənir


«Qlobus»un budəfəki axırıncı qonağı İrandan Mirmansur Nəbilidir. O, İran Azərbaycanında anadan olub, indi isə Tehranda yaşayır, Avropada və Amerikada təhsil alıb, ixtisasça memardır. Hazırda Bakıda təhsilini davam etdirir, həm də Azərbaycanda bizneslə məşğuldur.


Mirmansur Nəbili deyir ki, İranda yaşadığı müddətdə Azərbaycan dilində qəzet, jurnal oxumaq imkanı olmayıb. İndi təzəlikcə Azərbaycan dilində yazmağı və oxumağı öyrənir.


ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG