Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:21

Əli Kərimli: «Bunların dövlət idarəçiliyi haqda təsəvvürləri yoxdur»


Əli Kərimli,AXCP sədri
Əli Kərimli,AXCP sədri

-
MİLLİ ŞURA NƏYƏ ETİRAZ EDİR?

AXCP sədri Əli Kərimli oktyabrın 1-də AzadlıqRadiosunun "İşdən sonra" proqramının qonağı olub. O, Milli Şuranın oktyabrın 12-də keçirmək istədiyi mitinqə və ölkədəki ictimai-siyasi duruma dair sualları cavablandırıb. Müsahibə "Azadlıq" qəzetinin saytında dərc edilib.


"RAZILAŞDIRILMIŞ MİTİNQLƏRİN KEÇİRİLMƏSİNƏ DƏ MANE OLACAQSA…"

- Əli bəy, Milli Şuranın son toplantısında mitinq qərarı verdiniz. Mitinqi harada və necə keçirməyi düşünürsünüz?

- Milli Şura mitinqini oktyabrın 12-də, ötən ilki kimi, Yasamal rayonundakı "Məhsul" stadionunda keçirəcək. Hökumətin hər hansı bəhanəsi olmasın deyə, məhz əvvəllər keçirilən yeri ünvan göstərmişik ki, qeyri-müəyyənlik olmasın, mitinq asanlıqla razılaşdırılsın. Əsas məqsədimiz ölkədəki repressiyalara, siyasi məhbusların ucdantutma həbsinə etirazımızı dilə gətirməkdir.

- Yer üçün müraciət etmisiniz?

- Sənədlər bu gün təqdim olunmalıdır.

- Bu variant gecikmiş sayıla bilər...

- Niyə?

- Partiyalardan biri artıq müraciət edib...

- Belə bir təxribat hazırlanır. Dediyiniz heç partiya da deyil. Hökumətin əlindəki alətlərdən biridir. Azərbaycan hökuməti son nəfəslik imkanlarını da kəsib Azərbaycanda artıq razılaşdırılmış mitinqlərin keçirilməsinə də mane olacaqsa, bu onun öz seçimidir. Beləcə, onun əsl diktatura sifəti bütün dünyaya və Azərbaycan xalqına nümayiş olunacaq. Şəhər mərkəzində razılaşdırılmamış aksiyalar keçirmirik, hökumətin vaxtilə təklif etdiyi yerdə mitinq keçiririk. Bütün dünya bilir ki, "Məhsul" stadionu Azərbaycanda yeganə yerdir ki, orada hökumət indiyədək mitinq keçirilməsinə imkan verirdi. Bakının mərkəzində və başqa rayonlarda yer yoxdur. Buna da imkan verməyəcəklərsə, bu, artıq yeni bir situasiya olacaq və doğrudan da bilinəcək ki, Azərbaycan, sadəcə, Şimali Koreyanın, Özbəkistanın, Türkmənistanın yolunu getmir. Artıq onların standartına gəlib çıxıb.

- İcazə verməsələr, nə etmək fikriniz var?

- Bunu sonra müzakirə edəcəyik. İndiki məqamda məqsədimiz razılaşdırılmış mitinq keçirməkdir. Onsuz da aparılan həbslər, hökumətin istədiyi qədər olmasa da, hər halda müəyyən qədər xof yarada bilib. Buna görə xalqı qınamaq lazım deyil. Bizimlə sayı eyni olan, coğrafi baxımdan Avropanın mərkəzində yerləşən Belarusda 10 nəfər siyasi məhbus o cəmiyyəti müəyyən bir çərçivədə saxlamağa kifayət edibsə, Rusiya kimi nəhəng bir ölkədə 45-50 nəfərin həbsi cəmiyyəti xeyli dərəcədə cilovlaya bilibsə, Azərbaycanda 100-ün üzərində məhbus var. Bu, təkcə bu ilə aid deyil. Son 21 ildə Azərbaycanda həmişə siyasi məhbus olub. Ata və bala Əliyevlərin dövründə minlərlə insan bu həbsxanadan keçib, elə bir ay yoxdur ki, Azərbaycanda siyasi məhbus olmasın. Azərbaycan cəmiyyətini tam ram edə bilməyiblər. Eyni zamanda cəmiyyət də azad ola bilmir. Biz bu şəraitdə maraqlıyıq ki, insanlar mitinqdə çəkinmədən və sərbəst iştirak edə bilsinlər. Bu aksiyayla onun mesajını çatdırmaq istəyirik ki, hətta bu qədər repressiyalardan sonra da Azərbaycan cəmiyyətinin etiraz potensialı qalıb. Azərbaycan hökuməti səhv edib mitinqimizə razılıq verməyəcəksə, bizim mitinq potensialımızı da etiraf etmiş olacaq.



"BİZ AZƏRBAYCAN CƏMİYYƏTİ OLARAQ BU "QLADİATOR DÖYÜŞÜ"NƏ KƏNARDAN BAXMALIYIQ?!"

- Mitinqlər problemlərdən çıxış yoludur?

- Milli Şuranın bu qərarından sonra "facebook"-a dərhal bir status yazdım. Orada aydın şəkildə ifadə etdim ki, mitinq qərarımız hansısa bir siyasi hesablamanın nəticəsi deyil. Bu, birbaşa vicdanımızın çağırışıdır. Ölkədə elə bir vəziyyət yaranıb ki, nəticəsini uzun-uzadı hesablamadan belə bir addımı atmağa ehtiyac doğub. Nəyi nəzərdə tuturam? Bura gələndə məlumatları dəqiqləşdirdim. İntiqam Əliyevin vəkillərini onun işindən uzaqlaşdırıblar. Ölkənin bir nömrəli hüquqşünasını –, Avropa Məhkəməsində Azərbaycan hökumətini yüz dəfələrlə məğlub etmiş hüquqşünası özünümüdafiədən məhrum edirlər. Azərbaycan hökuməti utanmadan Leyla Yunusla dava aparır. Adamı şərləyib həbs ediblər, ürəkləri soyumayıb. Nə qədər kinin-küdurətin çox olmalı, nə qədər xəbis yanaşmalısan ki, siyasi opponentlərini, dörd divar arasındakı qadını orada da dinc buraxmayasan. Bəs, Azərbaycan cəmiyyəti bunlara necə dözməlidir? Bu günlərdə Anar MəmmədliVatslav Havel Mükafatı verildi. Bu, çox böyük hadisədir və mən bundan çox məmnunam. Bu, seçki monitorinqini vicdanla həyata keçirmiş intellektual gəncə dünyanın verdiyi qiymətdir. Bəs, bizim qiymətimiz harada olacaq? Azərbaycan cəmiyyətinin içindən çıxmış bu cür parlaq insanlar mübarizə aparırlar, həbsə düşürlər, Azərbaycan cəmiyyəti buna biganə qala bilməz. Yüz minlərlə insan Seymur Həzinin "Azərbaycan saatı" verilişindən cəsarətli çıxışlarını dinləyirdi. İndi məhz o çağırışlara görə Seymur Həzi içəridədir. Neçə müddətdir ki, Qurban Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədov kimi cəsur insanlar həbsdədir. NİDA-çılar, ilahiyyatçılar uzun müddətdir ki, həbsdədir. Rəsul Cəfərovun "Demokratiya üçün oxu" kampaniyası hamının gözü önündədir. Özü üçün etmirdi bunu, axı! Azərbaycan üçün edirdi. İndi həbsdədir. Pərviz Həşimliyə işgəncə verib ondan böhtan deməyi tələb edirlər. Adam böhtan atmadığına, vicdanına ləkə yaxmadığına görə neçə müddətdir həbsdə saxlanır. Daha neçə gənc, parlaq, vətəndaş cəmiyyətinin sayılıb-seçilən insanların hamısı Azərbaycanı sevdiyi, Azərbaycan insanına xoş gələcək arzuladığı üçün həbsdədir. İndi onları artıq həbsdə də rahat buraxmırlar. Hacı Mövsüm Səmədovu neçə gündür karsda saxlayırlar. Hacı Talehlə necə davranırlar? Gözümüzün qabağındadır. Bəs, biz Azərbaycan cəmiyyəti olaraq bu "Qladiator döyüşü"nə kənardan baxmalıyıq?! Axı biz vətəndaşıq. Azərbaycan vətəndaşlarının hamısına deyirəm bunları. Beynəlxalq ictimaiyyət artıq səsini qaldırır. Uzun müddət Azərbaycan demokratları bundan şikayətlənirdilər. Uzun müddət Qərbi tənqid edirdik - biri pul, biri kürü, biri neft aldığına, biri biznes ortağı olduğuna görə Azərbaycan hökumətinin əməllərinə göz yumurlar. Çox yaxşı ki, o dövr artıq arxada qalıb. Bu gün artıq dünyanın vicdanı tərpənib. İstər Avropa Birliyi, istər ABŞ, istərsə də Avropa Şurası. Xüsusən Avropa Şurasını bunlar özlərinin bastionu sayırdı. Nə qədər adamı bura gətirib otellərdə saxlamışdılar, cibxərcliyi vermişdilər. İndi ümid edirdilər ki, Avropa Şurası bunlar üçün son qala olacaq. Ancaq indi Avropa Şurası bunların qarşısında birmənalı tələb qoyur. Yəni bütün dünya - ATƏT, BMT Azərbaycandakı vəziyyəti görür və hökumətdən tələb edir. Onların arasında bizim millətin gur səsi gəlməməlidir?

Millətin bütövlükdə səsi çıxmalıdır. Demokratik, azad respublika arzulayanlar çoxdur. Repressiyalarla bizim hamımızı susdurmaq mümkün olmayacaq.

"İNDİ REPRESSİYALARA ETİRAZ ETMƏK HƏR BİR NORMAL VƏTƏNDAŞIN, ƏSLİNDƏ, VİCDAN BORCUDUR"

- Mitinqlərdən sonra, Milli Şura, Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq, fəal üzvlərinizin yenidən həbs təhüləkəsiylə üzləşməsindən ehtiyatlanmırsınız?

- Əvvəla, bu həbslər razılaşdırılmamış aksiyalar zamanı olur. Razılaşdırılmış aksiyalar zamanı həbslər olmur. Bunun altını ayrıca cızmaq istəyirəm. Yalnız partiya fəallarımızın hesabına mitinq keçirməyə çalışmırıq. Hətta partiyalardan kənarda olan insanların, – kimlərin kiürəyi yanır, kimlər ki bu haqsızlığa etiraz etmək istəyir,– onların hamısını mitinqə dəvət edirik. Milli Şura, Xalq Cəbhəsi Partiyası başa düşür ki, bu siyasi mövqeni nümayiş etdirmək, prinsiplərə sədaqət göstərmək, hökumətin həyata keçirdiyi bu kobud, aqressiv, haqsız, ədalətsiz siyasəti ardıcıl tənqid etmək, bunun qarşısında sipər olmaq hər zaman həbs olunmaq deməkdir. Bu gün Milli Şuranın 74 üzvü var, onun 9-u həbsdə, 5-i mühacirətdədir. Baxın, biz hansı basqının altındayıq. Azərbaycan Xalq Cəbhəsi Partiyasından saysız adamlar həbsxanadan keçib. Əlbəttə, biz özümüz – bu işin içində olan, rəhbərlik edən insanlar – fərqindəyik ki, belə prinsipial mövqeni Azərbaycan kimi cəmiyyətlərdə nümayiş etdirmək kifayət qədər risklidir. Biz hərtərəfli mənəvi, psioxoloji, siyasi olaraq, bu riskləri qarşılamağa hazırıq. Ancaq sadə vətəndaşlarımızı bu riskə atmayacağıq. Onlara razılaşdırılmış mitinq təşkil edirik ki, gəlsinlər, etiraz etsinlər, siyasi məhbuslara azadlıq və repressiyaların durdurulmasını istəsinlər. İndi repressiyalara etiraz etmək hər bir normal vətəndaşın,əslində, vicdan borcudur.

"BU ADAMLARIN DÖVLƏT İDARƏETMƏSİ HAQDA TƏSƏVVÜRLƏRİ YOXDUR"

- Siyavuş Novruzov deyib ki, Milli Şuranın perspektivi yoxdur və nə təşkil edəcəyi bəlli deyil…

- Avtoritar, korrupsioner idarəetmənin düşüncə tərzi bundan ibarət olacaq. Bunlardan başqa heç kim yoxmuş, bu ölkədə müxalifət yoxmuş. Hələ bunlar anlamırlar ki, "bu ölkədə müxalifət yoxdur" demək geridəqalmışlığın zirvəsidir. Görün Azərbaycanı kimlər təmsil edir. Ona görə də hesab edirəm ki, bu tip avtoritarizm sözçülərinin mövqeyi Azərbaycan cəmiyyətinə məlumdur, həm də çox mənasızdır. Onlara heç kim fikir vermir. Aydın məsələdir ki, onların bütün fəaliyyəti Azərbaycan hökumətinin bu repressiv siyasətinə haqq qazandırmağa yönəlib. Ancaq bir anlığa özlərini hansı vəziyyətə saldıqlarını düşünsünlər. Bütün dünya ilə Azərbaycanı təcrid ediblər. Bu günlərdə Azərbaycanın seçilməmiş parlamentində təyin olunmuş deputatlar öz aləmlərində Avropaya qarşı bir cəbhə açıblar. Siz kiminlə mübarizə aparırsız? Azərbaycanda sərmayələr kimin sərmayəsidir? Azərbaycan neftini, qazını kimə satır? Azərbaycanın xarici ticarəti kiminlə əlaqələr üzərində qurulub? Dünyayla savaş açıb düşünmürsünüz ki, əslində, düşmənin əlini gücləndirirsiniz? Məhz bu şəraitdə düşmən mövqeyində olan Ermənistanın mövqeləri güclənir. Siz dörd bir yanda hamıyla düşmən olursunuz. Qarabağ kimi problemi olan ölkədə siz niyə bunu özünüzə yaraşdırırsınız? Bizi düşünməyin, Azərbaycan xalqını heç sayın, axı sui-istifadə edirsiz bu problemin varlığından. Axı, saxta da olsa, hər gün bu problemdən danışırsınız. Avropa Birliyi qətnamə qəbul edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, – bunları maraqlandırmır. NATO-da qətnamə qəbul olunur, – heç bir ilgi çəkmir. O biri tərəfdən Rusiya Qarabağın işğalında rol alır, – susurlar quzu kimi. Xocalı soyqırımını törədir, – susurlar. Azərbaycanda olmazın xəyanətlərini həyata keçirir, – 20 Yanvar faciəsini yaşadırlar. Yenə də susurlar. Jirinovskini görün hansı səviyyədə qəbul edirlər. Budur Azərbaycan xalqına xidmət? Bəs, bu dövlətin, millətin maraqları? Avropa səndən nə istəyir? Deyir, öz vətəndaşına divan tutma, indi 21-ci əsrdir. Özünün ən kamil, mütərəqqi, ziyalı vətəndaşlarına bu şəkildə divan tutma. Bu sənin imzaladığın öhdəliklərə, konvensiyalara ziddir. Bunu dediyinə görə Azərbaycanı dünyaya qarşı qoymağa sizin nə haqqınız var?!

Bu adamların dövlət idarəetməsi haqda təsəvvürləri yoxdur. Başa düşmürlər ki, Azərbaycanı hansı risklərə aparırlar. Bunların arxası, dirəyi, ustadı olan Rusiyanın məhz bu hikkəsinə görə iqtisadiyyatı çökür. Rusiya kimi kifayət qədər böyük bir dövlət, avtoritar sistem beynəlxalq aləmin sanksiyaları altında əzilir. Bir sözlə, olduqca məsuliyyətsiz bir hökumətlə üz-üzəyik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG