-
Bu bina Qıraq Kəsəmən elinin ağası İsrafil Ağanın malikanəsi olub. XIX əsrin sonlarında, Tbilisi və Sankt-Peterburqdan gətirilmiş memarların verdiyi layihə əsasında inşa edilmiş bina özündə həm klassik Avropa, həm də Şərq ornamentlərini birləşdirir.
8 OTAQ, 1 DƏHLİZ VƏ 2 EYVAN...
Ev çöldən qırmızı kərpic, içdən isə çaydaşı ilə hörülüb. Dam örtüyü isə kirəmitlə örtülüb. Deyilənə görə, tikiliş zamanı binanın dözümlülüyünü artırmaq üçün onun palçığını su ilə deyil, süd və yumurtanın sarısı ilə yoğurublar. Malikanəni daha da əzəmətli edən onun yerləşdiyi yüksəklikdir. Bura köhnə kəndin həm girişi, həm də ən yüksək nöqtəsi idi. Evdən kəndə, onun əkin və örüş sahələrinə asanlıqla nəzarət etmək olub.
Malikanə 8 otaq, 1 dəhliz və 2 eyvandan (ön, arxa) ibarətdir. Amma 100 ildən artıqdır ki, Qıraq Kəsəmənin rəmzinə çevrilən bu ev yox olmaq təhlükəsindədir.
İSRAFİL AĞA KİM OLUB?
İsrafil Ağa Kərbəlayev indiki Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində bəy ailəsində doğulub. O, Qazax şəhərində Qədim hamam və 3 nömrəli məktəbin binasını tikdirib.
Azərbaycanı bolşeviklər işğal etdikdən sonra İsrafil Ağanın bütün malı-mülki müsadirə edilib. Özü də Poylu körpüsünün üzərində güllələnib.
Hazırda İsrafil Ağa Kərbəlayevin evi dövlət tərəfindən mühafizə olunan tarixi abidələr sırasındadır. Daha doğrusu, zamanında gəlib bununla bağlı ora bir elan asıblar. Biz evi ziyarət edən zaman elan yerdə idi, üzərini palçıq örtmüşdü, yazıları oxumaq olmurdu.
«XALQ CƏBHƏSİNİN HAKİMİYYƏTİ DÖNƏMİNDƏ...»
Bizə bələdçilik edən kənd sakini, Qıraq Kəsəmən orta məktəbinin hərbi müəllimi İzzət Məmmədov deyir:
«Bircə dəfə Xalq Cəbhəsinin hakimiyyəti dönəmində əsaslı təmir edildi, görünüşü, üstünün damörtüyü təzələndi. Ondan sonra demək olar ki, baxımsız vəziyyətdə qaldı. Ona görə də bu kökə düşüb. Bu gün isə tamamilə uçub dağılmaq təhlükəsi qarşısındadır. Dövlətin mühafizəsindədir, di gəl ki, binanın ayaqda qalması üçün heç bir iş görülmür. Sadəcə inventar asıb gediblər. O da, sizin də gördüyünüz kimi, yerdədir. Yağış yağıb, palçıq örtüb üstünü, yazılar güclə oxunur».
Rayon Mədəniyyət və Turizm İdarəsinin işçisi Nofəl Qurbanov da təsdiq edir ki, İsrafil Ağanın ev muzeyi və onun adı ilə bağlı olan hamamın əsaslı təmirə ehtiyacı var. Ancaq idarə evi təmir etdirmək gücündə deyil.
Qazax rayon icra hakiminin müavini Məmməd Alıyev qeyd edib ki, İsrafil ağa hamamının dam örtüyünün təmiri ilə bağlı planları var, amma onları gerçəkləşdirmək üçün 2015-ci ildə büdcədən ayrılacaq pulu gözləmək lazımdır.