-
Akademik Milli Dram Teatrının kollektivi bu gün—oktyabrın 1-də Gürcüstana yola düşür.
Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, kollektiv Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Teatr festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edəcək.
“Yeni teatr marketi” proqramı çərçivəsində təqdim olunacaq tamaşa oktyabrın 3-də, Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində yerli vaxtla saat 20.00-də nümayiş etdiriləcək.
Rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.
Kollektiv festivaldan oktyabrın 5-də qayıdacaq.