Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 03:04

İlham Şaban: «Xəzərin statusu siyasi alver predmetidir»


İlham Şaban
İlham Şaban

-

Gözlə

No media source currently available

0:00 0:04:40 0:00
Direct-ə keçid

Sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti başlanır. Samitdən öncə Rusiya tərəfi bildirib ki, Xəzər dənizinin sahilyanı dövlətlər arasında milli sektorlara bölünməsinə qarşıdır.

Xəzərin statusuyla bağlı əsas məsələ onun göl, yoxsa dəniz kimi tanınmasıdır. Bu statusdan asılı olaraq Xəzər ya göl kimi bərabər sektorlara, ya da dəniz statusuna uyğun sərhədyanı ölkələrin sahil xəttinə bölünməlidir.

Həştərxan sammitindən irəliləyiş gözləmək olarmı? Enerji məsələləri üzrə ekspert İlham Şaban AzadlıqRadiosunun suallarını cavablandırıb:

– Rusiya tərəfinin anonsundan belə nəticəyə gəlmək olar ki, Xəzərin hüquqi statusu məsələsi yenə də həllini tapmayacaq. Əvəzində 5 dövlət başçısı Xəzərin dövlət, suverenitet və balıqçılıq zonalarına bölünməsiylə bağlı bir sənədə qol çəkəcəklər. Bu, hər bir ölkənin həmin zonaların 25 millik, yəni sahildən 45 km ərazidən istifadə hüququnu təsbit edir. Bundan əlavə Həştərxan sammitində Xəzər hövzəsinə üçüncü tərəf ölkələrin hərbi qüvvələrinin yerləşdirilməməsinə dair bir kommunikenin imzalanması da gözlənir. Bununla da əsas məsələ bitəcək.

– 25 millik sahəylə bağlı razılaşmanın əldə olunması sahilyanı ölkələrə nə verəcək?

– Elan olunan iqtisadi zonada, yəni 45 km-lik ərazidə hər bir ölkə «kefi istədiyi qədər» balıq tuta biləcək. Heç kəsdən razılıq alınmır və heç bir şərtlə limitləşdirilmir.

– Yəni statusla bağlı irəliləyiş gözləməyə dəyməz, eləmi?

– Xeyr, çünki sammitdən 6 gün əvvəl Rusiya xarici işlər nazirinin müavini açıqlama verdi ki, Rusiya Xəzərin milli sektorlara bölünməsinin də əleyhinə olub bir vaxtlar. Hətta çox maraqlı bir məqamı da vurğuladı ki, «biz ümumiyyətlə Rusiya ilə İran arasında Xəzərin bölünməsi sazişini tanıyırdıq, sonradan yaranan dövlətlərin maraqlarını nəzərə alıb bu məsələyə qayıtdıq». Yəni belə çıxır ki, Qazaxıstan, Türkmənistan və Azərbaycanı Moskvayla Tehran sadəcə görmürlərmiş. İndi bizə jest edib görürlər. Bir məsələ də var. Bu gün Rusiya televiziyasında danışırlar ki, «axı bu Xəzərdə nə var ki, biz onu bölə bilmirik? 18 ildə 4 zirvə toplantısı keçirilib, bir ortaq məxrəcə gələ bilmirik». Deyirlər ki, «Rusiya Xəzərdə qaz ehtiyatına malik birinci xəzəryanı ölkədir. İran qaz ehtiyatına görə 2-cidir, Türkmənistan 4-cüdür». Azərbaycana gələndə deyirlər ki, «neft erası başa çatır, düzdür, qazı var, ancaq ən yaxşısı, infrastrukturu var». Ancaq axı bunların Xəzərə aidiyyəti yoxdur. Sırf Xəzərdə olan yataqları götürsək, ən böyük yataqlar Azərbaycan və Qazaxıstandadır. Qazaxıstanın ön böyük yatağı olan «Kaşağan» isə xeyli problemli yataqdır. Hal-hazırda Xəzərdə nefti və qazı olan bir nömrəli ölkə, 50 il qabaqkı kimi, Azərbaycandır. İran yeganə xəzəryanı ölkədir ki, dənizdə nə neft çıxarır, nə də qaz hasil edir.

– Ən kiçik sahil zolağı da İranındır. Xəzər sahilboyu bölünsə, İrana cəmi 13 faiz düşəcək.

– Elə İranın iki ayağını bir başmağa dirəyib 20 faiz istəməsi bu səbəbdən doğur. Sırf siyasi məqsəd güdür. İran bilir ki, Xəzərin dibinin bölünməsi ilə bağlı mifik tələbi irəli sürməsə, heç nə qazana bilməyəcək. İran əslində bunu siyasi alver predmeti kimi Qərbin qarşısında qaldırır. Yəni bu tələb Xəzəryanı ölkələr üçün deyil əslində.

– Elə Xəzərin statusunun illərdir bir alver predmeti olaraq qaldığını söyləmək olarmı?

– Tamamilə düzdür. «Siyasi alver predmeti»ndən başqa buna nə ad vermək olar? Bir baxın, bu gün Azərbaycan da neft-qazını hasil edib dünya bazarına çıxarır. Türkmənistan da hasilatın pay bölgüsü çərçivəsində iki xarici şirkət vasitəsilə neft-qazını dünya bazarına çıxarır. Qazaxıstanda da iş başlayacaq, Rusiyanın milli sektorunda da hasilat başlayıb. Yəni reallıqda iş gedir, ancaq tələblər irəli sürülməkdədir.

Həştərxandan öncəki sammitlər 2002-ci ildə Türkmənistanda, 2007-ci ildə İranda və 2010-cu ildə Azərbaycanda keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG