Cənab Ağazadənin fikrincə, dövlət vəsaitinin bu şəkildə-xarici siyasət kursunu istiqamətləndirmədən xərcləməyə ehtiyac yoxdur. Parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidov isə bildirdi ki, dünyanın bütün iri ölkələrində Azərbaycanın səfirlikləri fəaliyyət göstərir.
Müzakirəyə qoşulan digər millət vəkilləri isə səfirliklərin açılması məsələsində kəmiyyətə yox keyfiyyətə diqqət yetirməyi, hətta lazım gələrsə artıq vəsait xərcləməmək üçün bir sıra ölkələrdə yaşayan azərbaycanlıların xidmətindən istifadə etməyi təklif etdilər.
Xarici İşlər Nazirliyinin idarə rəisi Tahir Tağızadə isə deyir ki, xarici ölkələrdə Azərbaycan səfirliyinin açılması müəyyən şərtlərə əsaslanır. Əgər hər hansı ölkə ilə Azərbaycanın arasında birgə xarici siyasətin elementləri mövcuddursa, həmin ölkədə səfirlik açılmasına daha çox ehtiyac olur. İkinci şərt hansısa regionda səfirliyin olub olmamasıdır: «Cənubi Amerikada bizim səfirliyimiz yoxdur. Qərar var ki, Argentinada açılsın, amma fiziki olaraq o da yoxdur. Cənubi Amerika isə bütöv bir qitədir». Tahir Tağızadə əlavə edir ki, daha bir şərt Azərbaycanın təbliğatı məsələsinin bu və ya digər ölkədə nə dərəcədə mümkün olmasıdır. Əgər belə bir imkan varsa orada səfirlik açılması məsələsi də aktual olur.