Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:19

Azərbaycan prezidenti təmas xəttində təhlükəsizlik haqda sərəncam imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində təhlükəsizlik tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” qanunun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, bir ay müddətində “Dövlət sirri haqqında” qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işinin və mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə həmin orqanların mətbuat xidmətləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraitinə dair məlumatların yayılması üçün internet informasiya ehtiyatlarının, o cümlədən sosial şəbəkələrin imkanlarından daha səmərəli istifadə edilməsini, bu məqsədlə mətbuat xidmətlərinin işçiləri üçün müvafiq təkmilləşdirmə kurslarının təşkilini təmin etmək tapşırılıb.

Müdafiə Nazirliyinə isə cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görülməsi, kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin və “Dövlət sirri haqqında” qanuna görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasının təşkil edilməsi barədə tapşırıq verilib.

Azərbaycan Mətbuat Şurasına tövsiyə olunub ki, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etsin.

XS
SM
MD
LG