Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:23

Leyla Yunus həbsxanadan məktub göndərib


Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus

-

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus üzləşdiyi təzyiqlərlə bağlı Bakı İstintaq Təcridxanasından məktub yazıb.

O, məktubunda BMT İnsan Haqları Komissiyasının nümayəndələri ilə görüşdüyünü bildirir. Leyla Yunus sentyabrın 11-də baş tutan bu görüşdən sonra ona qarşı hücumların daha da şiddətləndiyini xəbər verir:

«BMT NÜMAYƏNDƏLƏRİ ÇIXANDAN 6-7 DƏQİQƏ SONRA...»

«Komissiyanı məhbus Nuriyyə Hüseynovanın mənə psixoloji və fiziki təzyiq göstərməsi barədə təklikdə və ətraflı məlumatlandırmaq imkanım oldu. Mən BMT nümayəndəsinə sağ ayağımdakı 20-25 sm ölçüsündə göyərmiş yeri göstərdim. Bu, şənbə günü Nuriyyə Hüseynovanın mənə yetirdiyi xəsarətin nəticəsi idi. Məhz bu zaman – imdad çağırışlarıma görə mənə töhmət elan edildi... BMT nümayəndələri kameradan çıxandan 6-7 dəqiqə sonra Nuriyyə Hüseynova yenidən mənə hücum çəkdi və heç kim köməyimə çatmasın deyə qara-qışqırıq saldı. O, televizorun səsini tam gücünə qaldıraraq, mənə təhqirlər yağdırmağa davam etdi və hədə-qorxu gəldi ki, əl-ayağımı sındıracaq...».

«NƏZAKƏT NƏZAKƏTLƏ BİLDİRDİ Kİ...»

Leyla Yunus bütün bunlardan sonra kameranın qapısını döyərək nəzarətçini çağırdığını yazır:

«Nəzarətçi Nəzakət Məmmədovadan xahiş etdim ki, BMT nümayəndələrini təkrar kameraya çağırsın. O da nəzakətlə bildirdi ki, nümayəndələr başqa kameradadır və oradan çıxınca mənə baş çəkmələrini xahiş edər... Məni yenə aldatdı. Bir saat sonra nəzarətçi mənə dedi ki, nümayəndələr korpusdan artıq çıxıblar.

Nuriyyə Hüseynova yenə məni ələ salmağa başladı. Onun bu davranışı göstərir ki, mənim fiziki və psixi sağlamlığımı sarsıtmaq üçün ondan istifadə edirlər (bəlkə də prokurorluq). BMT nümayəndələri həbsxanada olarkən onun mənə belə hücumu bunu göstərir... Yatmağa qoymamaqla, haldan çıxarmaqla BMT-nin kömək edə bilməyəcəyinə məni inandırmaq istəyirlər».

PENİTENSİAR XİDMƏT LEYLA YUNUSUN İDDİALARINI ƏSASSIZ SAYIR

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil, 6 maddəsi ilə ittiham olunur. Leyla Yunus ittihamlarla razılaşmır və həbsini fəaliyyətinə bağlayır. O, daha öncə də bir neçə dəfə həbsxanadan bəyanat verərək, ona qarşı təxribat hazırlandığını və hücuma məruz qaldığını bildirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti Leyla Yunusun bu iddialarını əsassız sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG