Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:00

Obama İŞİD-ə qarşı strategiyasını açıqlayır


Barack Obama
Barack Obama

-

Sentyabrın 10-da prezident Barack Obama ölkəyə müraciətində sünni silahlıların Yaxın Şərqdə ayaq tutmasına qarşı ABŞ-ın başçılığı ilə aparılacaq mübarizəni necə gördüyünü açıqlayacaq.

O, bu çıxışı ilə geniş hərbi missiya üçün dəstək qazanmağa, habelə Amerika ictimaiyyətini ölkə qüvvələrinin daha bir İraq müharibəsinə başlamadığına əmin etməyə çalışacaq.

Cənab Obama NBC-nin «Meet the Press» proqramına müsahibəsində deyib ki, o, ictimaiyyəti İraqdakı və Suriyadakı İslam dövləti və ya İŞİD-dən gələn təhlükə ilə mübarizə aparıldığına əmin edəcək.

Prezident deyib ki, qarşıdakı aylarda «biz təkcə yaraqlıların irəliləyişini səngitməklə kifayətlənməyəcəyik. Biz onların döyüş qabiliyyətini sistemli şəkildə sarsıdacaq, nəzarətlərində olan əraziləri tükəndirəcək və ən başlıcası, onları məğlub edəcəyik».

DAHA BİR İRAQ MÜHARİBƏSİ OLMAYACAQ

Bu çıxışda prezidentin İraqda İŞİD-ə qarşı bir aydır davam edən hava zərbələri kampaniyasının Suriyaya doğru genişləndirilib-genişləndirilməyəcəyi barədə açıq qalan suala cavab verəcəyi gözlənilir. Bu, həmçinin cənab Obama-nın onu İŞİD-ə qarşı mübarizə üçün yararlı plana malik olmamaqda ittiham edənlərə cavabı olacaq.

Prezident NBC-yə müsahibəsi ərzində Amerika quru qoşunlarının İraq və Suriyaya çıxarılmayacağı barədə qətiyyətini üç dəfə vurğulayıb və deyib ki, ABŞ əsgərlərinin müharibəyə göndərilməsi «böyük səhv» olardı.

«ABŞ quru qoşunlarının hücumu barədə bəyanat olmayacaq, bu, İraq müharibəsinin ekvivalenti deyil», Obama deyib.

SÖZ VAXTINA ÇƏKƏR

Mətbuat diqqəti belə bir məqama çəkir ki, prezidentin ölkəyə müraciəti onun NATO-nun Uelsdə keçirilmiş sammitində iştirakının ardınca edilir. Bu zirvə toplantısında onun administrasiyası İraq və Suriyada İŞİD-ə qarşı mübarizə üçün geniş beynəlxalq koalisiyanın dəstəyini qazanmaq üçün kampaniya aparırdı.

Bu da əhəmiyyətlidir ki, onun NBC-yə müsahibəsindən bir neçə saat əvvəl Amerika hərbi təyyarələri İraqın əsas su-elektrik stansiyası bəndinin yaxınlığındakı İŞİD hədəflərinə yeni zərbələr endirib.

NBC bildirir ki, prezidentin çıxışı 11 sentyabr terror aktlarının 13-cü ildönümündən bir gün əvvəl səslənəcək.

Həmin terror aksiyası ABŞ-ın İraq və Əfqanıstanda müharibəyə başlamasına səbəb olmuşdu və Barack Obama Ağ Evə sahiblik uğrunda apardığı kampaniyada bu müharibələri sərt tənqid edirdi.

İCAZƏ YOX, PUL LAZIMDIR

Prezident bildirib ki, çərşənbə axşamı Konqres rəhbərləri ilə görüşərək öz strategiyasını izah edəcək, lakin İŞİD üzərinə kampaniya üçün səsverməyə ehtiyacı yoxdur.

Barack Obama deyib kİ, belə bir kampaniya üçün səlahiyyətlərə malik olduğuna əmindir.

O, işarə edib ki, missiya üçün daha çox maliyyə ehtiyatları lazım gələ bilər və bu vasitələr hazırda regionda aparılan əməliyyatlara xərcləndiyindən çox ola bilər.

Mətbuat yazır ki, belə bir müraciət konqresdə debatların və səsvermənin keçirilməsinə səbəb ola bilər. Üstəlik, Barack Obama-nın yadına onun vədlərindən birini – Pentaqonun büdcəsini azaltmaq vədini sala bilərlər.

Ağ Ev rəsmiləri bildiriblər ki, cənab Obama İraqda İŞİD-ə qarşı zərbələr endirilməsində ali baş komandan kimi konstitusiya səlahiyyətlərindən istifadə edir, belə ki Bağdad və Kürdüstan regional rəsmiləri silahlı qruplaşmaya qarşı mübarizədə Birləşmiş Ştatlardan rəsmən kömək istəyiblər.

ABŞ rəsmiləri bildiriblər ki, İraqdakı əməliyyatlarda məqsəd etnik və dini azlıqların, həmçinin Amerika vətəndaşlarının müdafiəsi olub.

KONQRES İŞİD-Ə QARŞI DAHA QƏTİYYƏTLİ ADDIMLAR İSTƏYİR

Ağ Ev bildirib ki, prezident Hərbi Səlahiyyətlər Haqqında Qanuna müvafiq olaraq Konqresə hava zərbələri barədə müntəzəm məlumatlar göndərib.

Adı çəkilən qanun, Amerika qoşunlarının hər hansı əməliyyatda Konqresin icazəsi olmadan yalnız 60 gündən çox olmayan müddətdə iştirakına imkan verir. ABŞ mətbuatı yazır ki, son illərdə prezidentlər bu qanuna heç də həmişə riayət etməyiblər və çox ehtimal, Konqres prezidentin Suriya əməliyyatına onun icazəsi olmadan başlamasını istəməzdi.

Mitch McConnell və Barack Obama
Mitch McConnell və Barack Obama

Kentukkidən respublikaçı senator Mitch McConnell deyib ki, prezident amerikalıları müdafiə etmək məqsədilə istədiyi əlavə səlahiyyətlərdən necə faydalanacağını Konqres qarşısında izah etməlidir.

Senator deyib ki, prezident Konqresə öz strategiyası barədə aydın izahat verə bilsə, tam dəstək qazana biləcək. Mitch McConnell-in fikrincə, İŞİD-ə qarşı yalnız yerli qüvvələrin təlimləndirilməsi ABŞ-ın təhlükədən qorunması üçün kifayət edə bilməz. «İŞİD real təhlükədir və prezident Obama bu təhlükəyə reaksiya verməkdə öz liderliyini nümayiş etdirməlidir», senator belə deyib.

PREZİDENT DOYUNCA YATA BİLMİR

NBC-yə müsahibəsində Barack Obama Suriya prezidenti Assad haqqında maraqlı şərh verib. O, deyib ki, Assad öz xalqına qarşı kimyəvi silahlardan istifadə etməklə legitimliyini itirib, lakin bizim koalisiyamızın əsas hədəfi İŞİD-dir.

NBC bu qənaətdədir ki, bu izahat bir il əvvəl Assad-a qarşı hərbi əməliyyata başlamağı düşünən prezidentin mövqeyində yaranan dəyişiklikdən xəbər verir.

Prezident bildirib ki, hazırda Rusiyanın Ukraynaya müdaxiləsi, İŞİD və Qərbi Afrikada ebola epidemiyası kimi daha ciddi qayğıları var.

«Elə günlər olur ki, yatıb yuxumu da ala bilmirəm», Barack Obama deyib.

XS
SM
MD
LG