Lakin, Azərbaycan Respublikası yerinə «Şimali İran» sözünü işlədən «Baztab» xəbər agentliyi məqalənin mətnində Azərbaycan prezidentinin İrana qarşı hansı yığıncaqda iştirak etdiyini açıqlamır. Ancaq, belə bir təşəbbüsün mart ayında həyata keçirildiyindən söz gedir. Burada İran əleyhinə Bakıda keçirilən bütün aksiyaların bir başa Azərbaycan hökuməti tərəfindən yönləndirildiyi və onun iştirakçılarının çoxunun «Sionist Azərbaycan yəhudilərindən» ibarət olduğu bildirilir. Daha sonra İran Azərbaycanında baş verən may aksiyalarının həmin təşəbbüslər nəticəsində ortaya çıxdığı və İranın parçalanması məqsədini daşıdığı iddia edilir.
İranın «Baztab» xəbər agentliyi Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun təşəbbüsü ilə təşkil edilən «Güney Azərbaycan Milli Hərəkatı» beynəlxalq forumun da respublika hökuməti tərəfindən dəstəkləndiyini bildirilir. Agentliyin məntiqinə görə, Azərbaycan hökumətinin himayəsi olmadan həmin forumun sentyabrın 13-də Bakının ən bahalı Avropa hotelində keçirilməsi mümkün olmazdı.
İranın sərt xətt tərəfdarlarının orqanı kimi tanınan «Baztab» xəbər agentliyi İran hökumətini bu kimi fəaliyyətlərə göz yummaqda günahlandırır və bununla Azərbaycan respublikasının İranın düşmənlərinin bazasına çevrilməsinə imkan yaratdığını iddia edir.