Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:45

Məlahət Nəsibova: «Onlar da dedi ki, bu döyülmə bir nəfərin işi deyil»


İlqar Nəsibov
İlqar Nəsibov

-

Avqustun 25-də Naxçıvanda döyülən hüquq müdafiəçisi İlqar Nəsibov məhkəmə-tibbi ekspertizasından keçirilib. Bu haqda AzadlıqRadiosuna İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib. Onun sözlərinə görə, İlqar Nəsibovun ağrıları güclənib, həkimlər danışmağa və hərəkə etməyə icazə vermirlər:

«Ekspertizadan gəlib, xəsarətləri, sınıqları, qırıqları yazdılar. Dedilər ki, gələn həftə polis araşdırmasının nəticəsi bəlli olacaq. Onlar da dedi ki, bu döyülmə bir nəfərin işi deyil. Dedilər ki, bir neçə nəfər döyüb. İlqarı Bakıya müalicəyə gətirmək istəyirdik, həkimlər icazə vermədilər. Biz İlqarın tomoqrafiya cavablarını Beynəlxalq Sərhədsiz Həkimlər Təşkilatına da göndərmişdik. Onlar da bildiriblər ki, beyin silkələnməsinə görə, İlqara tərpənmək olmaz. Ola bilsin təşkilat Naxçıvana həkim göndərdi».

Məlahət Nəsibova deyir ki, bu gündən həyat yoldaşına yemək verməyə başlayıblar:

«Həkimin məsləhəti ilə İlqar bu gündən yeməyə başlayıb. Duru yeməklər içir. Həkim deyib ki, danışmaq, dərdləşmək olmaz. Ancaq yatmaq, yaxud yarıuzanmış vəziyyətdə olmaq olar. Ağrıları indi daha çox hiss etməyə başlayıb. Çox güclü ağrıları var. Ağrıkəsici vurmasaq, yata bilmir. Ev şəraitində müalicəni davam etdiririk. İynələrini mən vururam».

Avqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova hücum edərək onu döyüblər. Aldığı zərbələrdən Nəsibov huşunu itirib. Ağır bədən xəsarətləri ilə onu xəstəxanaya çatdırıblar. İlqar Nəsibova ölümcül xəsarətlər yetirməkdə ittiham olunanlardan biri saxlanıb. Naxçıvan MR Daxili İşlər Nazirliyi hadisənin məişət zəminində baş verdiyi bildirib.

İlqar Nəsibov həmçinin Naxçıvanda fəaliyyət göstərən, Məlahət Nəsibovanın rəhbəri olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

AZƏRBAYCANDA ŞİDDƏTLİ REPRESSİYANIN BAŞ VERDİYİ BIR VAXTDA AVROPA ŞURASI SUSUR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda tanınmış jurnalist İlqar Nəsibova ölümcül hücumdan şok və sarsıntı hissi keçirdiyini bildirir. Qurumun yaydığı bəyanatda deyilir ki, xüsusi zorakılıqla törədilmiş bu hücumun baş verməsi ilə insan hüquqları sahəsindəki narahatedici vəziyyət geriyə dönüşü olmayan bir nöqtəyə çatıb.

RATİ
RATİ

Naxçıvanda fəaliyyət göstərən, yerli hökumət rəsmilərini tənqid edən və digər həssas mövzularda yazan jurnalist avqustun 21-də naməlum şəxslər tərəfindən ağır şəkildə döyülüb. Polis hadisəyə ləng reaksiya verib və tibbi müayinə göstərişi gec verilib.

«Bu hücum ifadə azadlığına dəyər verən hər bir şəxs, xüsusilə də Azərbaycanda ölkənin sədrlik dövrünə təsadüf edən amansız insan hüquqları repressiyasına göz yummağa davam edən Avropa Şurası üçün «oyadıcı bir zəngdir». Şura özünün hazırkı sədrini insan hüquqlarına qarşı silsilə qəddar cinayətlərə, o cümlədən tanınmış hüquq müdafiəçilərinin son həbslərinə və aparıcı qeyri-hökumət təşkilatlarının zorla bağlanışına görə açıq şəkildə qınamayıb», qurum bildirir.

«İnsan hüquqlarına qarşı hücum baş verdikdə bunu pisləyən mətbuat bəyanatı vermək Avropa Şurasında həmişəki və gözlənilən bir prosedurdur. Təəssüf ki, repressiya başlanandan bəri biz, kəskin bir bəyanat görməmişik. Azərbaycanın geosiyasi məqsədlərinə töhfə verdiyi müddətdə öz dəyərlərinə əhəmiyyət verməyən Avropa Şurası tərəfindən xəyanətə uğradıqlarını hiss edən ölkədəki müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və fəallar ümidsizlik içindədirlər», deyə RATİ bildirib.

RATİ Avropa Şurasını və ayrı-ayrı üzv dövlətləri Azərbaycanda insan hüquqları böhranına göz yummamağa, ölkədə fundamental insan hüquq və azadlıqlarının ciddi və davamlı şəkildə pozulmasını pisləməyə çağırır. Qurum ölkənin Avropa Şurası qarşısındakı insan hüquqları ilə bağlı öhdəliklərini əsassız olaraq yerinə yetirmədiyinə görə Azərbaycan hökumətini pisləyir.

XS
SM
MD
LG