Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:10

Sabirabad polisində saxlanılan sürücü vəfat edib



Yol hərəkəti qaydalarını pozma ittihamı ilə Sabirabad rayon polis şöbəsinə aparılan 61 yaşlı Məhərrəm Abbasov vəfat edib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisə avqustun 15-də baş verib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma»ğa görə təqsirləndirilən şəxs qismində polis şöbəsinin müvəqqəti saxlanma yerində olan Məhərrəm Abbasovun səhhəti birdən-birə pisləşib.

«Kəskin ürək ağrıları ilə mərkəzi xəstəxanaya aparılan Məhərrəm Abbasov infarktdan dünyasını dəyişib. Bu, hər hansı təzyiq filan deyil, sadəcə əcəldir», deyə rəis müavini bildirib.

Hələ ki mərhumun yaxınları və xəstəxana ilə əlaqə saxlamaq, onların mövqeyini öyrənmək mümkün olmayıb.

***

Sabirabad rayon mərkəzi xəstəxanasından Məhərrəm Abbasovun infarkdan öldüyünü bildiriblər.

Xəstəxanadan AzadlıqRadiosuna deyiblər ki, həmin şəxsin səhhətinin pisləşməsi ilə bağlı təcili yardıma müraciət avqustun 15-də günorta saatlarında olub.

«Elə polis şöbəsində ilkin tibbi yardım göstərilib, onun infark keçirdiyi aydın olub. Daha sonra xəstəxanaya gətirildi. Biz əlimizdən gələni etdik, müsbətə doğru dəyişiklik olmadı, saat 14:30-da keçindi. Həmin şəxs İlham İsgəndərov küçəsi, bina 5, mənzil 33-də qeydiyyatda olub».

Xəstəxanaya gətirilən səxsin üzərində zorakılıq əlamətlərinin olub-olmamasına gəlincə, xəstəxanadan belə bir əlamətin olmadığını deyiblər. Məhərrəm Abbasov avqustun 12-dən rayon polis şöbəsinin müvəqqəti saxlanma yerində saxlanırmış.

XS
SM
MD
LG