Sentyabrın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısı Şamil Quliyev «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Prokuror jurnalistin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin (satış məqsədilə narkotik vasitə əldə etmə) 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif olunmasını da xahiş etdi. Cənab Quliyevin sözlərinə görə, Sakit Zahidov 9 qram heroini özünün istifadə etməsi üçün əldə edibmiş.
Jurnalistin vəkili Vüqar Xasayev isə bildirdi ki, nə istintaqda, nə də məhkəmədə Sakit Zahidovun narkotik vasitə əldə etməsi, satması və ya özünün istifadə etməsi sübut olunmayıb. Vəkil bildirdi ki, jurnalist sifarişlə həbs olunub və dövlət ittihamçısının onun haqqında 3 il azadlıqdan məhrumetmə cəzası tələb etməsi də sifarişlidir. Vəkil məhkəmədən Sakit Zahidova bəraət verilməsini istədi.
Proses sentyabrın 28-də davam edəcək. Həmin gün təqsirləndirilən son sözlə çıxış edəcək.
«Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidov bu il iyunun 23-də həbs olunub. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun cibindən 9 qram heroin tapdıqlarını bildiriblər. Sakit Zahidov isə deyir ki, narkotik maddəni onun cibinə polislər qoyub, bu da hökümət nümayəndələri haqqında «Azadlıq» qəzetində yazdığı satirik şerlərə görə edilib.