Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:50

«Xurşidbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu» rəsmə çevrildi


Rəssam Çingiz Mehbalıyev və «Xurşidbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu» əsəri
Rəssam Çingiz Mehbalıyev və «Xurşidbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu» əsəri

-

Düma və Natəvanın görüşü Bakıda baş tutduğundan rəsmdəki otağın pəncərəsindən İçərişəhər və Qız qalası görünür...

Rəssam Çingiz Mehbalıyev tarixi mövzuda daha bir rəsm əsəri çəkib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu əsər «Xurşidbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu» adlanır. Rəssam əsərin mövzusunun real tarixi hadisədən götürüldüyünü bildirib.

Tarixdən məlumdur ki, «Üç muşketyor» və «Qraf Monte Kristo» kimi klassik əsərlərin müəllifi olan yazıçı Aleksandr Düma 1858-1859-cü illərdə Qafqaza səfəri zamanı Azərbaycana da səyahət edib.

1859-cu ilin aprel ayında A. Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları («İmpression de Voyage Le Caucase») Parisdə fransız dilində nəşr olunub. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur.

Düma Xurşidbanu Natəvanla şahmat oynayır. Natəvan Dümanı mat edir. O vaxt Xan qızının cəmi 26, Dümanın 56 yaşı vardı.

«Bu tarixi hadisə məni ilhamlandırıb və yenidən molbert arxasına keçməyə həvəsləndirib. Natəvanın Dümaya qalib gəlməsi Azərbaycan qadınının simasında xalqımızın müdrikliyini, iti ağlını göstərir və mən bu səhnəni çəkməyə bilməzdim», - deyə rəssam bildirib.

Rəsmdə Natəvan və Dümanın üz-üzə oturub şahmat oynaması təsvir edilib. Oyunda Xurşidbanu Natəvanın Aleksandr Dümanı necə sıxışdırdığını açıq-aşkar görmək olar. Dümanın bütün daşları vurulub, Natəvan isə sonuncu həlledici gedişini etməyə hazırlaşır. Düma bu gedişin necə yekunlaşacağını yaxşı bilir və bu səbəbdən də əlini oyundan üzərək məyus halda şahmat taxtasına baxır. Bunun əksinə Xan qızı uğurlu gediş edir və Dümanın gözlərinin içinə cəsarətlə baxmaqdan çəkinmir…

«Real tarixi faktlara söykənərək Natəvan və Dümanın şahmat oynaması səhnəsini çəkmək üçün bir müddət araşdırma apardım. İstədim ki, çəkdiyim bu rəsm dövrünün tarixi mənzərəsini, geyimlərini və ənənəsini əks etdirsin» - deyir Çingiz Mehbalıyev.

«Düma və Natəvanın görüşü Bakıda baş tutduğundan rəsmdəki otağın pəncərəsindən İçərişəhər və Qız qalası görünür. Natəvanın sol tərəfindəki taxçadakı güldanın içində isə Xarı bülbülü görmək olar…

Bu da Xan qızının əslən Şuşadan olmasına işarə edir. Natəvan azad qadın simvolu olaraq bu rəsmdə başı açıq-örpəksiz təsvir edilib. Dümadan sağdakı dolabın üstündə isə İmperator Napoleonun büstü qoyulub», – deyə rəssam əlavə edir.

Tarixdən məlumdur ki, Aleksandr Dümanın atası Napoleon ordusunun generalı olub. Bu səbəbdən də Dümanın Napoleona olan rəğbəti başadüşüləndir.

Düma şahmat oyununda məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə edib.

«Natəvanın üz cizgilərini çəkmək üçün tarixi fotolardan faydalansam da, onun barmaqlarındakı zəriflik və incəliyi real həyatda tanıdığım xanımın barmaqlarından götürmüşəm», – deyə rəssam təbəssümlə bildirir.

«İndiyədək Aleksandr Dümanın Qafqaza səyahətindən və Xurşidbanu Natəvanla görüşündən bəhs edən bir çox bədii əsərlər (şair Məmməd Rahimin «Natəvan» poeması, yazıçı İlyas Əfəndiyevin «Xurşidbanu Natəvan» pyesi və bəstəkar Vasif Adıgözəlovun «Natəvan» operası) meydana gəlsə də, bu mövzuda heç bir yaddaqalan rəsm əsəri çəkilməyib. «Mənim çəkdiyim «Xurşidbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu» rəsmi bu mövzuda çəkilən ilk rəsm əsəridir», – deyə rəssam Çingiz Mehbalıyev öz fikrini tamamlayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG