Sentyabrın 25-də özünü «Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Dəstək Komitəsi» adlandıran qurumun bir qrup fəalı İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında icazəsiz etiraz aksiyası keçirməyə cəhd etdi. «Təbriz!», «Mənim dilim ölən deyil, fars dilinə çönən deyil!» və s. şüarlar səsləndirən piketçilər İran azərbaycanlılarının ana dilində təhsil almalarını, onların milli-mədəni və tarixi haqlarının təmin edilməsini tələb edirdilər. Komitənin üzvü Tofiq Seyidov deyir ki, sentyabrın 24-də İran Azərbaycanında aksiya keçirmək istəyən onlarla müəllim və tələbə həbs edilib: «Bugünkü piketin məqsədlərindən biri də həmin həbslərə etiraz etməkdir». Aksiyaçıların qətnaməni oxumasına imkan verməyən polis 10-a yaxın piketçini saxladı.
Ötən həftə Azərbaycan Milli İstiqlal Partiyasının bir qrup üzvü də eyni tələblərlə İran səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd etmişdi.