Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

Rusiya Qərbdən ərzaq idxalına embarqo qoyur


-

Rusiya elan edib ki, ABŞ, Avropa Birliyi,Avstraliya, Kanada və Norveçdən ərzaq idxalının əksər hissəsinə tam embarqo qoyur.

Embarqo siyahısına mal, donuz,quş və balıq ətləri, ət məhsulları, meyvə, tərəvəz, pendir, süd, süd məhsulları və digər gündəlik ərzaq məhsulları daxildir.

Bunu avqustun 7-də Rusiyanın baş naziri Dmitri Medvedev elan edib. O bildirib ki, “sanksiyalarda yaxşı heç nə yoxdur. Bu qərarı qəbul etmək çətin olub, ancaq “biz bunu etməyə məcbur idik”.

Medvedev deyib ki, bu qərarı Putinin fərmanl əsasında qəbul ediblər.

Rusiyanın bu addımı Ukrayna hadisələrinə görə Qərbin Rusiyaya qarşı sanskiyalarına cavabdır.

Sanksiyaların müddəti bir il olacaq.

Sanksiya siyahısına uşaq yeməkləri və rusiyalıların xaricdə olarkən alıb, Rusiyaya gətirdikləri ərzağa aid deyil.

Medvdev deyib ki, vəziyyət dəyişsə, sanksiyalara yenidən baxıla bilər.

ABŞ Rusiyanın ərzaq idxalına qadağan qoymasını Rusiyanın təcridinin bir az da artacağı kimi qiymətləndirib.

RUSİYA BAZARI

Rusiyanın kənd təsərrüfatı nazirliyinin məlumatına görə, Qərb dövlətlərinə qarşı sankiyalardan sonra ən çox problem pendirlə bağlı yarana bilər. Rusiyada satılan pendirlərin 50 faizi xarici pendirdir. Sanksiya tətbiq olunan ölkələrdən Rusiyaya hər il 263 min ton pendir gətirilir. Bu da bazarın 30 faizidir.

İkinci yerdə meyvə və giləmeyvələrdir.

Sanskiya tətbiq olunan ölkələrdən Rusiyaya ildə 1602 milyon ton meyvə gətirilir, bu da daxili bazarın 14,7 faizidir.

Rusiya işlətdiyi meyvənin 58 faizini xaricdən alır. Rusiyaya hər il 6352 milyon ton meyvə gətirilir.

3-cü yerdə balıqdır. Sanksiya tətbiq olunan ölkələrdən Rusiyaya ildə 457 min ton balıq gətirilir. Bu da bazarın 13,3 faizidir. Rusiya hər il xaricdən 884 min ton balıq alır.

EUROSTAT AVROPA BİRLİYİNİN ZİYANINI HESABLAYIR

Rusiyanın ərzaq idxalına qoyduğu qadağan Avropa Birliyinin ixracının 10 faizinə aiddir. Birliyinin statistika idarəsi olan Eurostat bildirir ki, Rusiya bazarındakı ərzağın 10 faizi Avropa Birliyindən gəlir. Bu da ildə 12 milyard avro və ya 16 milyard dollardır.

Avropa Birliyi ölkələri arasında Rusiyaya ən çox ərzaq göndərən Almaniya və Hollandiyadır.

Avropa Birliyindən kənarda Rusiyaya ən çox ərzaq ixrac edən Btraziliyadır.

ABŞ isə Rusiyaya öz istehsal etdiyi ərzağın cəmi 1 faizini göndərir.

Rusiyanın ərzaq embarqosu ABŞ-a 1 milyard dollardan az ziyan vura bilər. ABŞ hər il Rusiyaya 310 milyon dollarlıq toyuq əti, 172 milyon dollarlıq qoz-fındıq, 157 milyon dollarlıq soya və 149 milyon dollarlıq mal əti göndərir.

Avropa Birliyi ən çox tərəvəzdə itirəcək. Birlik hər il Rusiyaya 770 milyon avroluq tərəvəz göndərir.

Avropa Birliyinin Rusiyaya şərab və spirtli içkilər ixracı ildə 1 milyard 500 milyon avrodur.

XS
SM
MD
LG