Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:11

«Avropanın heç bir yerində bizim qədər axmaq işlər tutmayıblar»


Sentyabrın 18-dən Macarıstanda başlanan aksiyalarda yüzdən çox insan xəsarət alıb
Sentyabrın 18-dən Macarıstanda başlanan aksiyalarda yüzdən çox insan xəsarət alıb

Macarıstanda etirazlar hökumətin xalqa yalan danışması barədə baş nazir Ferents Dyurçaninin etirafından sonra başlamışdı. Macarıstanın baş naziri birinci dəfə deyil ki, öz sözləri ilə qalmaqala səbəb olur. Bir dəfə o, Səudiyyə Ərəbistanının futbol komandasını terrorçular adlandırmışdı. Buna görə də Macarıstanla Səudiyyə Ərəbistanı arasında diplomatik gərginlik yaşanmışdı. Cənab Dyurçaninin doğurduğu qalmaqalın zorakılıqlara çevrilməsi isə yenidir.


Baş nazirin yerli televiziyada nümayiş olunan lent yazısından: «Bizim çox seçimimiz yoxdur. Səbəb də odur ki, biz məst olmuşuq. Az-maz yox, əməlli başlı sərxoşuq. Avropa ölkələrindən heç birində bizim qədər axmaq işlər tutmayıblar. Mən izah edə bilərəm. Biz ötən il yarımda çox yalanlar danışmışıq. Bu tamamilə aydın idi ki, dediklərimiz həqiqət deyil».


Aprel ayında keçirilən seçkiləri udmaq üçün hakim partiyanın yalan danışmasından soraq verən bu sözlər ictimaiyyətə çatandan sonra minlərlə adam parlament binası qarşısında əvvəlcə dinc nümayiş keçirib. Onun ardınca zorakılıqlar, toqquşmalar və televiziya binasının, maşınların yandırılması...


Toqquşmalarda yüzdən insanın xəsarət alması xəbər verilir. Qərb agentlikləri bir polis işçisinin ağır vəziyyətdə olduğunu bildirirlər. Sentyabrın 18-nə keçən gecə baş vermiş toqquşmaların ardınca müxalifətdə olan Fideş (Fidesz) partiyası baş nazirin istefasını tələb edəndən sonra Dyurçani dediklərini təkzib etməyib. Amma, televiziyalara müsahibəsində son illər boyu bütün siyasi elitanın yalan danışdığını və bunun qarşısını ala bilməməsinə təəssüfləndiyini bildirib.


Macarıstandakı etirazları bəzi təhlilçilər iqtisadi vəziyyətlə izah edirlərsə, başqa səbəbə yozanlar da var. «Reuters» agentliyinin macarıstanlı təhlilçi Soltan Kişellidən gətirdiyi sitata görə, ifrat sağçı Jobbike partiyası fürsətdən yararlanaraq mövqeyini möhkəmlətməyə çalışa bilər: «Amma iqtisadi göstəricilər də Macarıstan hökumətinin xeyrinə deyil».


Avropa Birliyi büdcə kəsirinin ÜDM-un 3 faizindən çox olmasını məsləhət görmür. Amma Macarıstanda büdcə kəsiri ÜDM-un 10 faizi qədərdir. Hökumət gələn il üçün büdcə kəsirini 4.6 milyard dollar müəyyənləşdirib. Elə bu kəsirə görə, Avropa Birliyi Macarıstanın 2010-cu ildə vahid valyutaya keçməsi planından geri çəkildi.


Ölkədə xüsusən vergilərin artmasından narazılıqlar var. Rəy sorğuları göstərir ki, gələn ay bələdiyyə seçkilərində hakim koalisiyanın başında duran Sosialist partiyası 25 faizə qədər səs ala bilər. Əvvəlki seçkidə bu partiya 40 faiz səs almışdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG