ATƏT-in təşkil etdiyi «Sərbəst toplaşmaq azadlığı haqqında» qanun müzakirəsinə qatılan Prezidentin İcra Aparatının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov bildirib ki, sonuncu parlament seçkilərindən sonra hökumət qanunda bəzi çətinliklərin olduğunu görüb. Ona görə də qanun yenidən işlənmək üçün Venesiya Komissiyasına göndərilib. «İstədik ki, ekspertlər öz təkliflərini versinlər. İndi də ATƏT öz təşəbbüsü ilə çıxış edib, amma, irəli sürülən təkliflərin bir qismi keçərlidir, bir qismini isə çətin ki qəbul edək. Təkliflər irəli sürülür ki, qanunda müəyyən olunmuş bütün məhdudiyyətlər - vaxtla, tədbirlərin keçirilmə yeri ilə bağlı aradan qaldırılsın». Təkliflərin araşdırılacağını bildirən cənab Həsənov deyir ki, kütləvi tədbirlərin keçirilməsində bir nəfərin azadlığı başlayan yerdə başqasının hüquqları pozulmaması prinsipini əsas tutur. Onun sözlərinə görə, tədbirdən sonra dəyirmi masada səslənən təkliflərin araşdırılması üçün hökumətlə ATƏT-in birgə işçi qrupu yaradılacaq.
Venesiya Komissiyasının üzvü, hazırda Azərbaycanda olan Boqdan Aeresku isə Azərbaycan hökumətinin bu addımını bəyəndiyini bildirir: «Yaxşı haldır ki, hökumət Venesiya Komissiyasının fikrini öyrənmək istəyir. Hazırda tərəflər ekspertlərin rəyini gözləyirlər. Çox güman ki, komissiya «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla bağlı rəyini oktyabrda açıqlayacaq».
Azərbaycan hökuməti eyni zamanda, sözügedən qanunla bağlı ATƏT-lə də müzakirələr aparır. Qurum ötən ilki parlament seçkiləri ərəfəsində və ondan sonra keçirilən kütləvi aksiyaların monitorinqini aparıb və tövsiyələrini Azərbaycan rəsmilərinə təqdim edib.
Son parlament seçkilərindən sonra ATƏT və AŞ PA «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna yenidən baxılmasını tövsiyə etmişdi. Bakı həmin qanunu Venesiya Komissiyasına göndərmişdi.