Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

Türk dövlətlərinin toplantıları


Prezident İlham Əliyev qurultayda çıxış edir, 18 sentyabr 2006
Prezident İlham Əliyev qurultayda çıxış edir, 18 sentyabr 2006

Sentyabrın 18-dən 20-dək Antalyada Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçirilir. Tədbirdə Azərbaycan prezident səviyyəsində təmsil olunur.


Türkdilli xalqların istər dövlətlər, istərsə də müxtəlif qurum və icmalar səviyyəsində geniş toplantıları əsasən SSRİ-nin süqutundan sonra başlanıb. Bu toplantılar hələ 1992-ci ildə Ankara şəhərində keçirilən türk dövlətləri başçılarının zirvə görüşündən sonra daha da intensivləşib. İndiyə qədər dövlət başçılarının 7 sammiti keçirilib. Zirvə görüşlərindən başqa, Türk Dövlətləri və Topluluqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayları da keçirilir. Hazırda Türkiyənin Antalya şəhərində də həmin qurultay keçirilir. Bu cür toplantıların əsasən hansı sahədə əlaqələrin genişlənməsinə xidmət etməsi məsələsində ekspertlərin fikirləri fərqlidir.


Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Abbas Abdulla türk dövlətlərinin iqtisadi birliyinin yaranması baxımından bu toplantıların keçirilməsini vacib hesab edir: «Avropa Birliyi olduğu kimi, türk dövlətlərinin də iqtisadi birliyi olmalıdır. Bu dövlətlər problemlərinin həllində bir-birinə kömək etməlidir. Ona görə də belə görüşlərin keçirilməsi müsbət haldır».


Cənab Abdulla əlavə edir ki, türk dövlətlərinin iqtisadi birliyi heç bir dövlətə qarşı yönəlmədiyi üçün onu yaratmaq mümkündür.


Ancaq, bu fikri məqbul saymayanlar da var. Bəzi politoloqlar hesab edirlər ki, əslində, indiki dünya iqtisadiyyatı eyni kökdən olan millətlərin dövlətlərinin birləşməsinə daha çox maneə olur. Politoloq Rasim Musabəyov bildirir ki, dünya iqtisadiyyatı qlobal olduğu üçün əlaqələr tarixi, dini və ya milli zəminlərə yox, faydalılıq prinsipinə əsaslanır. Siyasi sahədə də türk dövlətlərinin fikirləri üst-üstə düşməyə bilər. Ona görə də türk dövlətlərinin bir araya gəlməsi ilk növbədə dil və mədəniyyətlə bağlıdır: «Balaca türk xalqlarına öz mədəniyyətlərini və dillərini qorumaq olduqca çətindir. Bu müstəvidə əlaqələrin qurulması ilk növbədə onların maraqlarına xidmət edir və olduqca faydalıdır». Cənab Musabəyov düşünür ki, bu görüşlərdə mədəni məsələlərlə yanaşı, iqtisadi və siyasi mövzuların müzakirəsi də yaddan çıxmamalıdır.


Monqolustan parlamentinin üzvü Erden Buren isə deyir ki, toplantılar türklərin qədim tarixi əlaqələrinin yenidən bərpa olunması fürsətini yaradır. Ona görə də türklər əllərindəki iqtisadi və siyasi gücdən istifadə etməlidir: «Biz gələcəkdə türk dövlətlərinin böyük iqtisadi və siyasi birliyə çevrilməsini istəyirik».


Mütəxəssislərin əksəriyyəti hansı sahədə əməkdaşlığa üstünlük verilməsindən asılı olmayaraq, türk dövlətlərinin bir araya gəlməsini yüksək dəyərləndirirlər. 15 il əvvəl bunun mümkün olmadığını deyən ekspertlər artıq təkcə türk dövlətlərinin deyil, eyni zamanda, başqa dövlətlərin tərkibində olan muxtar qurumların da bu prosesdə iştirak etdiyini əsas gətirərək, zirvə görüşlərinin, qurultay və digər toplantıların dünyadakı türkdilli xalqların hamısına faydalı ola biləcəyini düşünürlər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG