Qafqaz Müsəlmanları İdarəsi Roma Katolik Kilsə başçısının dediklərini milyonlarla müsəlmanın heysiyyətinə toxunan bir hal kimi qiymətləndirir və belə çıxışları yolverilməz sayır.
Bəyanatda deyilir: «Elə təsəvvür yaranır ki, səsləndirilmiş fikirlər son zamanlar Qərb dünyasında İslama qarşı məqsədyönlü, qərəzli çıxışlar zəncirinin bir həlqəsidir. Qəzəb və hiddətdən savayı məyusluq doğuracaq bir haldır ki, belə fikirlər dünyanın dini liderlərindən birinin dilindən səslənir».
Qafqaz Müsəlmanları İdarəsi dünya müsəlmanlarının tələblərini dəstəkləyərək, Roma Katolik Kilsəsi başçısından səsləndirdiyi fikirlərə birmənalı aydınlıq gətirməsini və üzrxahlıq bildirməsini tələb edir.
Sentyabrın 12-də Almaniyada, Reqensburq Universitetinin tələbələri qarşısında məruzəsi zamanı Roma Katolik Kilsəsi başçısı XVI Benedikt Bizans imperatoru Manuil Paleoloqa istinadən «Məhəmməd peyğəmbər islamı qılıncla yaymağa çağırmaqla dünyaya yalnız yamanlıq və insaniyyətsizlik gətirib» demişdi.
Bunun ardınca bir sıra müsəlman ölkələri Roma Papasının islam dünyasından üzr istəməsini tələb edirlər.
Sentyabrın 17-də Roma Papası XVI Benedikt bir daha onun fikirlərinin müsəlman dünyasında doğurduğu əks-sədadan təəssüfləndiyini bildirib.
Roma yaxınlığındakı yay sarayının ətrafına toplaşan dindarlar qarşısında çıxışı zamanı Papa deyib ki, öz məruzəsində istifadə etdiyi sitatda Məhəmməd peyğəmbər haqqında deyilən fikirlər altı əsr əvvələ aiddir və heç bir halda özünün şəxsi baxışlarını əks etdirmir.