Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:03

«Diqqət, uşaqlar»


Son 8 ayda yol qəzalarında 70 uşaq ölüb, 230-dan artıq uşaq isə xəsarət alıb
Son 8 ayda yol qəzalarında 70 uşaq ölüb, 230-dan artıq uşaq isə xəsarət alıb

«Yolda çox tıxac var, narahatam, yolu necə keçəcəyimi bilmirəm, hələ ki, gözləyirəm». Məktəbli Sevinc Məmmədova deyir ki, yolu keçib məktəbə getmək onun üçün bir əziyyətdir. Sevincin oxuduğu məktəbin qarşısında böyük maşın yolu var, yeraltı keçid isə yoxdur, svetofor işləməyəndə isə bu qızcığazın işi lap çətinləşir.


Küçələrdəki tıxac problemindən, uşaqların əziyyətindən Dövlət Yol Polisi Müfəttişliyi də narahat olmağa başlayıb. Buna görə sentyabrın 15-dən başlayaraq yol polisi əməkdaşları «Diqqət, uşaqlar» adı altında təhlükəsizlik aylığına başlayır. Dövlət Yol Polisi Müfəttişliyinin şöbə rəisi Ərəstun Məcidov deyir ki, təhlükəsizlik tədbirləri uşaqları qəzalardan qorumaq üçündür. Çünki yol qəzaları ilə bağlı statistika ürəkağrıdıcıdır. Bu ilin 8 ayı ərzində baş verən qəzalarda 70 uşaq ölüb, 230-dan artıq uşaq isə bədən xəsarətlər alıb. Həmin faktların böyük hissəsi Bakının payına düşür: «Məqsəd uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası istiqamətində tədbirlərin gücləndirilməsi, məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi ilə bağlı tədrisi yüksəltməkdir».


Məktəbdə direktor işləyən Gülnaz Mehdizadə deyir ki, müəllimlər özləri də 1-ci sinifdən 4-cü sinfə qədər uşaqlara yol hərəkəti qaydalarını öyrətməyə çalışırlar. Dərs vəsaiti isə kiçik kitabçadan ibarətdir: «Kiçik də olsa dərslik var, ibtidai siniflərə oxu dərsinin tərkib hissəsi kimi uşaqlara tədris olunur. Bizim məktəbin qarşısında maşın yolu var, ona görə bu bizim üçün vacibdir. Səhər açılandan dördüncü polis əməkdaşı gəlib, uşaqlarla söhbət aparıb. Bu bir aylıqdır, ancaq bu olmasa belə biz özümüz də uşaqları məlumatlandırırıq».


Uşaqların çoxu deyir ki, oxuduqları məktəblərdə yol hərəkətiylə bağlı onlara nə müəllimlər, nə də yol polisləri hələ ki heç nə öyrətməyiblər. Uşaqlar daha çox məktəblərin qarşısında yeraltı keçidlərin olmamasından, svetoforların tez-tez xarab olmasından və maşınların çoxluğundan yolu keçə bilməmələrindən də şikayətləndilər.


Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov da Bakıda yetərincə yeraltı keçidlərin olmamasına görə uşaqların hər an təhlükəylə üz-üzə qaldığından narahat olduğunu dedi.


Dövlət Yol Polisi Müfəttişliyinin şöbə rəisi Ərəstun Məcidov isə bildirir ki, yol polisləri ilk növbədə küçələrə yol nişanları qoyacaqlar: «Yol nişanları da qoyacaqlar, dərs vəsaitləri hazırlamışıq, onları uşaqlara paylayacağıq, görəcəyimiz işlər çoxdur».


Yol Polisinin şöbə rəisi onu da dedi ki, uşaqlara nəzarət daha çox səhər saatlarında olacaq. Sözügedən aksiya isə oktyabrın 1-ə qədər davam edəcək.


XS
SM
MD
LG