«Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyi parlamentin payız sessiyasına hərbçilərin sosial və hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi göndərəcək. Birliyin sədr müavini İldırım Məmmədovun verdiyi məlumata görə, bu zərurət ordudakı vəziyyətlə bağlıdır: «Əsgər orduda bitlə mübarizə aparmamalıdır, yerli-yersiz cəzalandırılıb qaupvaxta salınmamalıdır». Cənab Məmmədovun sözlərinə görə, hərbçilər orduda məhkəmə qərarı olmadan cəzalandırılır, əsgərlər məzuniyyətə gələndə gündəlik geyimlə təmin olunmur, səhra paltarında gəzir, zabitlərin mənzil problemi həll olunmamış qalır, korrupsiya faktları isə saysızdır. Ona görə də qanunvericilik bazası yeniləşməlidir.
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı İlqar Verdiyev isə «Azadlıq» radiosuna bildirib ki, ordu da cəmiyyətin bir hissəsi olduğu kimi, korrupsiyayla bağlı neqativ hallar orduda da ola bilər və buna qarşı həmişə mübarizə aparılır. «Hərbçilərin gündəlik geyiminin olmaması haqqında deyilənlər həqiqətəuyğun deyil, çünki artıq hərbi geyimlər Azərbaycanda istehsal olunur və hərbçilər də tam təmin olunurlar». İlqar Verdiyevin sözlərinə görə, hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı artıq Bakıda zabitlər üçün iki bina tikilib. Naxçıvanda və Gəncədə isə hərbi şəhərciklərin salınması planlaşdırılır.