Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:55

Sakit Zahidovla bağlı həkimlər ifadə verəcəklər


Sakit Zahidovun məhkəməsi, 18 avqust 2006
Sakit Zahidovun məhkəməsi, 18 avqust 2006

Heroin saxlamaqda ittiham olunan «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun sentyabrın 12-də davam edən məhkəməsində də onun narkotik alıb-almadığı və ya kimdən və haradan aldığı, kimə satdığı, narkoman olub-olmaması aydınlaşmadı. Hərçənd məhkəmə bu sualları həmin əməliyyata rəhbərlik etmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Adil Ələsgərovu dindirməklə aydınlaşdırmağa çalışdı. Amma bu zaman ortaya bəzi ziddiyyətli və sual dolu məqamlar çıxdı. Bundan başqa, bəzən verilən ifadə zaldakılarda gülüş doğurdu deyə, hakim Sakit Zahidova xəbərdarlıq etməli oldu. Nəzarətçilərə isə gülənləri dərhal məhkəmə zalından çıxartmaq göstərişi verdi.


Baş əməliyyat müvəkkili isə axtarış zamanı Sakit Zahidovun üzərindən 100 dollar, 4 min köhnə manat və sellofana bükülmüş maddə çıxdığını dedi və bildirdi ki, jurnalist həmin maddənin ona aid olmadığını deyib. Vəkilin «Nə üçün Sakitin üst-başını saxlanıldığı vaxt, kafenin qarşısında yoxlamadınız. Yalnız idarədə axtarış apardınız» sualına cavab olaraq baş əməliyyat müvəkkili bildirdi ki, jurnalist saxlandığı zaman polisə müqavimət göstərdiyindən və ətrafdakıların diqqətini özünə cəlb etməyə çalışdığından qanunun bir sıra tələblərini təxirə salıblar.


Hakim Azər Orucovun «əməliyyat zamanı hal şahidlərini niyə dəvət etməmisiz» sualına isə Adil Ələsgərov «imkan olmadı» cavabını verdi. Hakimin təəccübündən və vəkilin «siz bununla qanunu pozmusuz» iradından sonra bildirdi ki, çoxları hal şahidi olmaqdan imtina edir deyə, bəzən əməliyyata hal şahidi olmadan gedirlər.



Hakim Azər Orucovun «əməliyyat zamanı hal şahidlərini niyə dəvət etməmisiz» sualına isə əməliyyat müvəkkili Adil Ələsgərov «imkan olmadı» cavabını verdi. Hakimin təəccübündən və vəkilin «siz bununla qanunu pozmusuz» iradından sonra o, bildirdi ki, çoxları hal şahidi olmaqdan imtina edir
Baş əməliyyat müvəkkili ilkin protokolun dəyişdirilməsinə də aydınlıq gətirdi. O, həmin sənədin üstünə çay töküldüyündən dəyişdirildiyini və ona nə hal şahidlərinin, nə də təqsirləndirilənin imza atdığını dedi. Yeri gəlmişkən, baş əməliyyat müvəkkilindən sonra ifadə verən kiçik inspektor Elçin Ələsgərov isə çayın protokolun üstünə yox, ağ kağızın üstünə töküldüyünü dedi. «O zaman protokolu dəyişdirməyə nə ehtiyac vardı» sualının cavabına konkret cavab verilmədi.

Sakit Zahidovun Adil Ələsgərovla dialoqu isə qarşılıqlı ittihamlarla zəngin oldu.


Rəsmi məlumatda Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sakit Zahidovun Lənkəran rayonu Veravul kənd sakini Arzuman adlı şəxsdən narkotik alması haqda məlumat gəldiyi bildirilir. Amma baş əməliyyat müvəkkili indiyədək Arzuman adlı şəxsin kimliyinin müəyyənləşdirilmədiyini də söylədi. O, bildirdi ki, həmin kənddə dörd nəfər Arzuman adlı şəxs yaşayır və indiyədək onlardan hansının narkotik alverçisi olduğu müəyyənləşdirilməyib: «Lənkərandan bizə cavab verdilər ki, bu rayonda dörd Arzuman adlı şəxs var. Onlardan hansının Mirzə Sakitlə əlaqəsinin olduğunu aydınlaşdıra bilmədik».


Vəkil Vüqar Xasayevin təkidi ilə Veravul kənd sakini və Sakit Zahidovun dostu Arzuman Məcidov şahid kimi dindirildi. Məlum oldu ki, jurnalist həbs olunmamışdan bir gün qabaq Arzuman Məcidovun qardaşının toyunda iştirak etmək üçün Veravul kəndində olub. O, bu kənddə özündən başqa iki Arzuman adlı şəxsin yaşadığını və onların narkotik alveri ilə məşğul olmasından xəbərsiz olduğunu dedi. Eləcə də özünün və dostu Sakit Zahidovun da narkotikdən istifadə etmədiyini söylədi.


Sentyabrın 12-də keçirilən məhkəmədə qərara alındı ki, Sakit Zahidovun narkoman olması ilə bağlı tibbi rəylər ziddiyyətli olduğundan növbəti prosesdə jurnalisti müayinədən keçirmiş həkimlər ifadə versinlər. Vəkil Vüqar Xasayevin sözlərinə görə, Sakit Zahidov saxlanılan gün keçirilən ilkin müayinədə onun narkoman olmadığı, Narkoloji Dispanserin həkimlərinin təqdim etdiyi rəydə isə bunun əksi, yəni yenicə narkomanlığa başladığı bildirilir. Dövlət ittihamçısı Şahin Quliyev həkimlərin ifadə verməsini yox, əksinə təkrar müayinənin keçirilməsini təklif etsə də, hakim Azər Orucov vəkilin vəsatətini təmin etdi.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG