Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:22

Təqsirsizlik prezumpsiyası: ona necə əməl olunur?


Təqsirsizlik prezumpsiyasına əməl edilməsi üçün məhkəmələr və hakimlər müstəqil olmalıdır
Təqsirsizlik prezumpsiyasına əməl edilməsi üçün məhkəmələr və hakimlər müstəqil olmalıdır

Təqsirsizlik prezumpsiyası ilə bağlı bir neçə qəzet redaktoru və jurnalist təşkilatları rəhbərləri ilə söhbət etdim. «Azad Söz» Jurnalist Təşkilatının həmsədri Rəsul Mirhəşimli deyir ki, yəqin ki, təqsirsizlik prezumpsiyasının qaydaları ilə bağlı bütün kütləvi informasiya vasitələri rəhbərləri məlumatlıdırlar. Ən azı həmişə bunu öyrəniblər, bəs niyə əməl etməmələrinə gəldikdə, Rəsul Mirhəşimli söyləyir ki, bunun səbəbləri müxtəlifdir. Bu daha çox xəbərsizlik, rəsmi məlumatın qıt olmasıyla bağlıdır. «Ayna-Zerkalo» qəzetinin baş redaktor müavini Ceyhun Nəsibov da deyir ki, dövlət orqanlarından xəbərlər az gəldiyi üçün həmin məlumatları qəzetlər dərhal dərc edirlər: «Təqsirsizlik prezumpsiyası ilə bağlı yəqin ki, bu işlə məşğul olanlar hamısı məlumatlıdır. Ancaq başqa bir rəsmi mövqe də yoxdur. Biz də «Ayna-Zerkalo» qəzeti olaraq yeganə rəsmi mövqe olduğuna görə MTN-nin, DİN-in, Respublika Prokurorluğunun bəyanatlarını veririk. Hətta sərhəddən narkotik maddə keçirən şəxsin ad-soyadını da veririk. Buna daha çox təqsirsizlik prezumpsiyası mövqeyindən yox, fakt kimi yanaşırıq. Mən də deyirəm ki, təqsirsizlik prezumpsiyası ilə bağlı vəziyyət bərbaddır».



Maddə 63. Təqsirsizlik prezumpsiyası


I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.


III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.


V. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz.


Azərbaycan Respublikasının Konstitusiyası


Təqsirsizlik prezumpsiyasının pozulmasıyla bağlı «Tolerans» ictimai birliyi bir neçə ay araşdırma aparıb və hesabat hazırlayıb. Həmin araşdırmadan məlum olub ki, təqsirin şübhə edilməsi ilə cinayətkar davranışın sübuta yetirilməsi eyni şey olmasa da Azərbaycanda jurnalistlər, polis zabitləri, prokurorlar və hakimlər bunu eyniləşdirirlər. Təşkilatın rəhbəri Aslan İsmayılov deyir ki, məsələnin aradan qaldırılması o qədər də asan deyil. Çünki təqsirsizlik prezumpsiyasının qaydalarını bütün tərəflər pozur: «Bu günlərdə bütün mətbuat Ramil Usubovla «Realnı Azərbaycan» qəzetinin çəkişməsini izləyir. Ramil Usubov deyir ki, onun təqsirsizlik prezumpsiyası var, qəzet onu «banda başçısı», «antibiotik» adlandırmaqla bu qaydanı pozub. Düz deyir. Ancaq o özü də günaşırı çıxışlarında heç bir məhkəmə hökmü olmadan onlarla adamı cinayətkar adlandırır».

Hüquqşünaslar o fikirdədir ki, Azərbaycanda təqsirsizlik prezumpsiyasını daha çox mətbuat və hüquq mühafizə orqanları rəhbərləri pozur. ATƏT-in Bakı ofisinin hüququn aliliyi şöbəsinin müdiri Andreas Buş isə o fikirdədir ki, Azərbaycanda təqsirsizlik prezumpsiyası qanun səviyyəsində mövcuddur və səviyyəsinə görə heç də Avropa ölkələrindən fərqlənmir: «Hər hansı şəxsin günahı məhkəmə tərəfindən təsdiq edilməlidir. Ola bilsin ki, məhkəmə şəxsi günahsız saysın. Ona görə də təqsirsizlik prezumpsiyasına əməl olunmalıdır. Məhkəmələr və hakimlər daimi müstəqil olmalıdır. Mətbuatda dərc olunan fikirlər onlara təzyiq kimi qiymətləndirilməməlidir. Hakimlər işlərinə müstəqil yanaşıb qərar verməlidirlər». Andeas Buş Azərbaycandakı təcrübənin dəyişəcəyinə də ümid edir.


Onda belə bir sual yaranır bəyanatları MTN, DİN, Respublika Prokurorluğu verir, hüququn elementar qaydası da odur ki, məhkəmə hökmü olmadan kimisə cinayətkar adlandırmaq olmaz. Bəs onda rəsmi sənədlərdə nə üçün bu qaydalara əməl olunmur? Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev deyir ki, birgə bəyanatlarda tutulan şəxslər cinayətkar adlandırılmır, ancaq məlumat verilir. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyindən isə bildirdilər ki, məlumatlarda istintaq materiallarına istinad olunur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG